“Səsimiz dünya miqyasında çox cılız çıxır” Müsahibə

“Səsimiz dünya miqyasında çox cılız çıxır”

Türk alim: "70-dən çox jurnalistika fakültəsindən 4 fakültə çıxmaz"

Aysel Əziz: "Bizim Bolonya prosesi çərçivəsində qoyacağımız qaydaları yerinə yetirməyən heç bir ali təhsil qurumu tələbə qəbul edə bilməyəcək"


Jurnalistika elmi sahəsində Türkiyənin duayen mütəxəssisi, İstanbuldakı "Yeni yüzyıl" universiteti jurnalistika fakültəsinin dekanı, professor Aysel Əzizin APA-ya müsahibəsi



- Türkiyədə jurnalistika elminin tədris tarixi və müasir vəziyyəti barədə danışmağınızı xahiş edirəm.
- Qərb ölkələri ilə müqayisədə Türkiyədə jurnalistika elminin tədrisinə çox gec başlanılıb. 1965-ci ildə Ankara universitetinin siyasi elmlər fakültəsi nəzdində Mətbuat və yayın ali məktəbi yaradılıb. Daha sonra İstanbul universitetində və İzmirdəki 9 Eylül universitetində fakültələr açılıb. 1980-ci il hərbi çevrilişindən sonra qurulan Ali Təhsil Qurumu Ankaradakı Qazi universitetində və İstanbuldakı Marmara universitetində Mətbuat və yayın ali məktəbləri yaradılıb. Ankara universitetində yaradılmış ali məktəb o vaxt təzə qurulan TRT ilə yaxından əməkdaşlıq edirdi. 1992-ci ildə oranı Ankara universitetinin fakültəsi halına gətirdilər. Yeni məlumat gəldi ki, deyəsən, bu gün Türkiyənin müxtəlif universitetlərində 70-dən çox fakültə var. Fakültələrin çoxunda qəzetçilik, radio-televiziya-kino və reklamçılıq bölmələri olurdu. Hazırda qurulan fakültələrin əksəriyyətində bu bölmələr vardır. Bu qədər çox fakültənin açılması yaxşıdır yoxsa pis? Bugünkü texnologiya 50 il əvvəlki texnologiyaya görə necə inkişaf edibsə, jurnalistika elminin də o cür inkişaf etməsi lazım idi. Təhsil sahəsi cəmiyyətdən ayrı şəkildə irəliləyirsə, ona pozitiv irəliləyiş deyə bilmərik, o, günün tələblərinə cavab verməyən təhsildir. Biz bu tələbələri niyə məzun edirik, onlara niyə diplom veririk? Cəmiyyətin müəyyən sahələrindəki tələblərə cavab vermələri üçün. Əvvəllər müvafiq iş sahələrini idarə edənlər bizi tənqid edirdilər ki, verdiyiniz təhsil zəmanənin tələblərinə cavab vermir, məzun etdiyiniz tələbələr iş yerlərinə gedərkən nə etdiklərini bilmirlər. Nəzəriyyə öyrədilən yerdə, şübhəsiz ki, praktika da olmalıdır. Ona görə biz jurnalist olmağa hazırlaşan tələbələrin təcrübə əldə etmələri üçün dərslər keçməyə başladıq. Bu gün jurnalistika fakültələrindəki dərsləri qrafika dizaynı tədrisi olmadan düşünmək mümkün deyil. Kompüterdən istifadə kütləviləşdikcə onsuz tədris mümkün olmaz. İctimaiyyətlə əlaqələr və reklam bölmələri isə daha çox tələbə qəbul edir. İndi bəzi fakültələrdə kino bölməsi müstəqil şəkildə fəaliyyət göstərir. Bir vaxtlar radio önəmini itirmişdi, indi yenidən önəm qazanmaq üzrədir. Ona görə bəzi jurnalistika fakültələrində radio-televiziya-kino bölməsi bir yerdə fəaliyyət göstərir. Ancaq o bölmələrdən nə aktyor, nə də rejissor çıxır. Bilirsiniz ki, kino tamamilə başqa bir sahədir və Qərbdə olduğu kimi sizin tərəflərdə də kinonun ayrıca məktəbləri var. Təəssüf ki, biz bu gün kino bölməsi olan fakültələrdən kino rejissoru çıxara bilmirik. O bölmələrdə dərs verən müəllimlərin də kino sahəsindən gəlməsi lazımdır. Buna ən böyük imkan İstanbulda var. Əskişəhər bu sahədə xeyli irəlilədi, televiziya və kino sahəsində orda yaxşı işlər görülür. İndi televiziya xəbərçiliyi, kamera və fotoqraf bölümləri də açılır. 1992-ci ildə qəbul edilən qanunla universitetlərdəki incəsənət fakültələrinin çoxunda radio-televiziya-kino və qəzetçilik bölmələri açıldı, ayrı bir nüvələnmə də incəsənət fakültələrində özünü göstərdi. AKP-nin iqtidara gəlməsindən əvvəlki dönəmdə universitetlərdə jurnalistika və hüquq fakültələri açmağa icazə verilmirdi. O vaxt biz bunun səbəbini soruşanda Ali Təhsil Qurumunun yüksək vəzifəli nümayəndələri deyirdilər ki, o ixtisasa yiyələnənlərin iş tapmaları mümkün deyil. Mən demişdim ki, idarəçilik fakültəsini bitirənlər o dəqiqə iş tapırlarmı? Sizi tələbənin gələcəkdə iş tapıb-tapmayacağı niyə bu qədər maraqlandırır? Amma sağ olsun, AKP gələndən sonra hər şeyə icazə verdi. Onların əsas məqsədi universitet qapılarında gözləyən milyonlarla gənci qapıların qabağından yığışdırmaq idi və bunu etdilər. Hər kəs istədiyi sahədə universitet və fakültə açdı. Əvvəllər ölkədə 50-60 universitet vardı, indi 200 oldu, hələ 17 universitetin də bu yaxınlarda açılacağını deyirlər. Universitet bumundan jurnalistika fakültələri də mənfi mənada nəsiblərini aldılar. Niyə? Çünki fakültələrdə verilən təhsil nəzarət edilə bilməz hala gəldi. Ancaq Avropa İttifaqının Bolonya prosesinin tələblərinə uyğun olaraq, Ali Təhsil Qurumu universitetlərdə təhsilin keyfiyyətini yüksəltmək üçün lazımi addımları atmağa başladı. Amma görülən işlərə ancaq kağız üstündə və formal şəkildə nəzarət edilir. Hər şeyə Ali Təhsil Qurumunun nəzarət etməsi mümkün deyil. Mən 2006-cı ildə İstanbuldakı Doğuş universitetində Jurnalistika elmləri adlı fakültə qurmağa getdim ancaq universitetin sahibi maddi dəstək vermədi. Son 2-3 ildə universitetlərin Sosial elmlər fakültələrində Jurnalistika elmləri bölmələri açılır. Bizim İLDEK adlı təşkilatımız var. 23 ildən bəri Türkiyədəki jurnalistika fakültələrinin dekanları bir araya gəlib problemləri müzakirə edir, çıxış yolları axtarırıq. Ali Təhsil Qurumunun başqanı iyun ayında bizi qəbul edib problemləri həll edəcəyini bildirib. Hətta 1 sentyabrda yenidən görüşəcəkdik, ancaq yeni seçki işləri əngəllədi. Ali Təhsil Qurumunun universitetlərin jurnalistika fakültələri üzərindəki nəzarəti gücləndirəcəyinə və bu sahədə təhsilin səviyyəsini Bolonya prosesinə uyğun vəziyyətə gətirmək üçün əlindən gələni edəcəyinə inanıram. Universitetlərimizin jurnalistika fakültələrini bitirən gənclərin başqa ölkələrdə rahat şəkildə iş tapa bilmələri lazımdır. Bunun üçün biz jurnalistika fakültələrindəki təhsilə akkreditasiya sistemini gətirməyə hazırlaşırıq. Mən Jurnalistika- Araşdırma Dərnəyi (İLAD) başqanıyam. 1989-cu ildə qurduğumuz dərnəyin uzun müddət başqanı Hıfzı Topuz oldu. Baharda bizə təklif gəldi ki, jurnalistika fakültələrində təhsilin keyfiyyətini yüksəltmək üçün akkreditasiya işlərini siz aparın. Bu, çox çətin iş olsa da biz qəbul etdik. Hazırda o işin üzərində çalışırıq. Akkreditasiya işi Ali Təhsil Qurumu tərəfindən QHT-lərə verildiyinə görə, bu işin bir tərəfindən də biz tutacağıq. Bunun üçün İLEDAK adlı komissiya da qurmuşuq. Bizim Bolonya prosesi çərçivəsində qoyacağımız qaydaları yerinə yetirməyən heç bir ali təhsil qurumu tələbə qəbul edə bilməyəcək.



- 50 ildən bəri bu işlərlə məşğulsunuz. "Siyasal iletişim" adlı kitabınız altıncı dəfə nəşr edildi.



- Tam 50 deyil, 45 il. İşə 1969-da başladım...



- Bu işləri elmi cəhətdən nə dərəcədə inkişaf etdirə bildiniz?



- Müəyyən dərəcədə inkişaf etsə də istədiyimiz nöqtədə deyilik. Çünki plansız və infrastruktursuz qurulan jurnalistika fakültələrinə peşəkarlıq dərəcəsi aşağı olan müəllimlər işə götürüldü. Məktəb yarada bilmədilər. 70 jurnalistika fakültəsi var, hamısını bir yerə toplasanız, içərisindən 4-5 fakültə çıxmaz. Konya, Əskişəhər, Kayseridəki universitetlərdə praktik cəhətdən yaxşı işlər görülür. Maddi imkan olduqca oralarda nəzəri işlərə də xüsusi diqqət yetirilir. İşin əvvəlindən bəri elmi işlər Ankara universitetində görülür. İstanbuldakı Marmara və İzmirdəki Egey universitetində də çalışmalar pis deyil. Ancaq 70 universitetin bir yerdə dünya miqyasında səs gətirəcək çalışmaları yoxdur. Mən də daxil olmaqla, biz jurnalistika nəzəriyyəsi yarada bilmədik, nəzəriyyələrin hamısının Qərbdən surətini çəkdik. Amerikalı bir elm adamı araşdırma aparır, dərhal onu dünyaya yayıb qəbul etdirir. Türkiyədə yaxşı mütəxəssislər olduğunu inkar etmirəm, ancaq fakt budur ki, səsimiz dünya miqyasında çox cılız çıxır. Türkiyədə jurnalistikanın nəzəri cəhətdən irəliləməsi mənim gözlədiyim şəkildə olmadı. Mən bu işə başlayarkən qabağımda müəllim yox idi, bir çox şeyi özüm araşdıraraq öyrəndim, nəticələr çıxardım. TRT məktəbi alimlərə və universitetlərə müəyyən dərəcədə kömək etsə də, o qurumun daima siyasətçilərin nəzarəti altında qalması işlərimizi çətinləşdirirdi. 1990-cı illərin əvvəlindən başlayaraq Türkiyədə 3000-dən çox radio stansiyası və 500-dən çox TV kanalı quruldu. Ancaq elmi araşdırmalar üçün lazımi qədər büdcə ayrılmadığına görə, jurnalistika sahəsindəki təhsil və tədqiqatlar lazımı nöqtəyə gəlmədi. Məsələn, biz magistratura dərsləri arasına Yeni media dərsini daxil etməliyik ki, ehtiyaca cavab verə bilək.


- Türkiyə ilk dəfə seçkidən sonra hökumət qura bilməyərək yeni seçkiyə gedir. Siyasi kommunikasiya üzrə Türkiyənin duayen alimi kimi 1 noyabrdakı seçkinin təbliğat dönəmi barədə nə demək istərdiniz?

- Seçicinin proqramla meydanlara çıxan partiyaya səs verməsi lazımdır. Ancaq 5 ayda ikinci dəfə seçkiyə getmək seçicilərdə həyəcan qoymadı. Təəssüf ki, Türkiyədə siyasi partiyalar özləri görəcəkləri işləri seçicilərə izah etmək yerinə rəqibləri günahlandıran şüarlarla 1 noyabrdakı seçkiyə gedirlər. Xalqı coşdurmaq üçün meydanlarda sərt nitqlər söylənə bilər-bunu anlayıram. Ancaq partiya liderləri bir-birlərinə elə sözlər deyirlər ki, daha sonra bir-birlərinin üzlərinə baxmaları mümkün olmur. Ağlına gələni deyən, dediyindən utanmayan, rəqiblərinə hücum edən üslublar Türkiyəni daha çox qütbləşdirir. Elə isə ən ağıllı seçki təbliğatı rəqiblərin nəyi edə bilməyəcəyini deyil, sənin nə edə biləcəyini xalqa izah etməklə olur. Əks tərəfə o qədər çox hücum edilir ki, seçkidən sonra bir araya gəlib nələrisə müzakirə etməyə üzləri qalmır. Mitinq uzunu alqışlamaq yerinə seçici səni ən axırda alqışlasın. Meydanlara çox insanın toplanması onların hamısının sizə səs verəcəyi mənasını daşımır. Siyasətçi öz vədlərini əks tərəfi kiçik görərək verməməlidir. Türkiyədə siyasi kommunikasiyanın ən böyük problemi budur.