“TAP layihəsinin ətraf mühitə təsiri olmayacaq” Müsahibə

“TAP layihəsinin ətraf mühitə təsiri olmayacaq”

İtaliya səfiri: "Bütün sahələr üzrə əlaqələr intensivləşir"

İtaliya Respublikasının Azərbaycandakı səfiri Campaolo Kutilyonun (Giampaolo Cutillo) APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- 2014-cü ildə prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı Strateji Tərəfdaşlıq barədə Bəyannamə qəbul edilib. Bəyannamənin həyata keçirilməsi üçün hansı praktiki addımlar atılıb?

- Münasibətlərimiz 2014-cü ilin iyulundan başlayaraq intensivləşib. Bunu prezident İlham Əliyevin bir neçə ay öncə İtaliyaya yenidən səfər etməsi də sübut edir. O, iyulda Milan və Romada oldu. Milanda Beynəlxalq Expo Sərgisində iştirak etdi və Azərbaycan pavilyonunun açılışını etdi. Daha sonra Romaya gedərək İtaliya prezidenti və baş naziri ilə görüşlər keçirdi. Deməliyəm ki, biz siyasi təmaslardan tutmuş, enerji, iqtisadi, mədəni, parlamentlərarası əlaqələrə qədər, strateji tərəfdaşlıq üzrə əlaqələrimizi inkişaf etdiririk. Bütün sahələr üzrə əlaqələr intensivləşir.

- İkitərəfli əməkdaşlıqda hər hansı yeniliklər varmı?

- Hər şeydən əvvəl ikitərəfli münasibətlərdə İtaliya və Azərbaycanın çox mühüm öhdəliyi var. Hər ikimiz Cənub Qaz Dəhlizinin parçasıyıq. Bu mühüm layihə çərçivəsində Azərbaycan hasilatçı, İtaliya isə idxalçı ölkədir. Bu nöqteyi-nəzərdən biz son bir neçə ay ərzində Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmışıq. İtaliya tərəfi olaraq strateji infrastrukturun təmin edilməsinə dair öhdəliyimizə əməl etmişik. İtaliyada tikintiyə gələn il start veriləcək. Bütün bürokratik prosedurlar İtaliya hökuməti tərəfindən həll edilib. Digər tərəfdən, biz Azərbaycanda İtaliyadan olan mühüm biznes nümayəndə heyətlərini qəbul etmişik. Onlardan birinə bir neçə ay öncə İtaliya iqtisadi inkişaf naziri Federika Guidinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfərini misal göstərmək olar. Səfər çərçivəsində İtaliya şirkətləri ilə yerli tərəfdaşlar arasında bir neçə müqavilələr imzalandı. Bu isə münasibətlərin inkişaf etməsinin göstəricisidir. Mədəni sferada da Azərbaycan İtaliyada çox fəal olub. Öz tərəfimizdən, biz burada bir sıra vacib tədbirlər təşkil etmişik. Bunlardan biri Azərbaycan və İtaliya arasında keçirilən son futbol matçı çərçivəsində baş tutub. Biz Heydər Əliyev Mərkəzində biznes forum, memarlıq və dizayn üzrə master-klas təşkil etmişik. Bu tədbirləri həm də "Bakubuild"də təkrarlamışıq. Filarmoniyada bir neçə uğurlu konsertlərimiz və digər mədəniyyət tədbirlərimiz olub. Beləliklə, qeyd etdiyim fəaliyyətlər münasibətlərimizin necə dərin və intensiv olmasını göstərir.

- 2015-ci ilin sonunadək İtaliyadan Azərbaycana yüksək səviyyəli səfərlər gözlənilirmi?

- Hazırda mən bununla bağlı heç nə deyə bilmərəm. Lakin indiyə qədər olan təcrübəyə əsasən deyə bilərəm ki, görüş və səfərləri çox tez bir zamanda təşkil etmək mümkündür.

- İtaliyanın SNAM şirkəti TAP layihəsində pay almaq istəyirdi. Bununla bağlı proses nə yerdədir?

- SNAM şirkətinin baş icraçı direktoru Karlo Malakarne bir neçə həftə əvvəl Bakıya səfər edib və prezident İlham Əliyev tərəfindən qəbul edilib. Səfər çərçivəsində SNAM və SOCAR arasında daha sıx əməkdaşlıq imkanları açan Anlaşma Memorandumu imzalandı. Məndə olan məlumatlara görə, SNAM şirkətinin TAP layihəsində pay alması prosesi hələ başa çatmayıb. Çünki bu, tərəflərin nəzərdən keçirdiyi bir sıra maliyyə və kommersiya məsələlərindən asılı olacaq. Yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir və bunun əsasında SNAM-ın TAP konsorsiumunun bir parçası olub-olmaması bəlli olacaq. SNAM və SOCAR arasında yüksək səviyyəli əlaqələr onlar arasında dialoq və əməkdaşlıq olmasının göstəricisidir.

- Bəzi dairələr iddia edir ki, TAP layihəsinin həyata keçirilməsi ekoloji tarazlığın pozulmasına səbəb olur. Bu, nə qədər realdır?

- Başlanğıcdan bu məsələ İtaliyada həm yerli, həm də hakimiyyət səviyyəsində əsas narahatlıqlardan biri olub. Müvafiq daxili prosedurlara əsasən vəziyyətin yerlərdə elmi qiymətləndirməsinin aparılmasına nəzarət edilib. Bütün tələb olunan dəqiqləşdirmələr aparıldıqdan sonra belə nəticə hasil oldu ki, bu layihənin həmin ərazidə ətraf mühitə hər hansı vacib təsirləri olmayacaq. Əksinə, həm konsorsium, həm də hökumət tərəfindən yerli ictimaiyyət nümayəndələrinin layihənin faydaları və strateji əhəmiyyəti barədə məlumatlandırma aparmaq kimi öhdəlikləri var. Zənnimcə, layihənin sosial aspektləri olduğu üçün yerli ictimaiyyət nümayəndələri üçün də faydalı olacaq.

- Ümumiyyətlə, TAP layihəsinin reallaşdırılması İtaliya iqtisadiyyatına nə verəcək və Renzi hökümətinin layihədən gözləntisi nədir?

- Özəl sektor nöqteyi-nəzərindən yanaşsaq, bu, artıq böyük imkanlar deməkdir. Böyük və kiçik İtaliya şirkətləri TAP-ın tikintisində iştirak edirlər, bu isə layihənin iqtisadi faydasını sübut edir. Yerli ictimaiyyətə təsiri ilə bağlı onu deyə bilərəm ki, bu, regiondakı işsizliyə müsbət təsir göstərəcək. Aparılan hesablamalar göstərir ki, bir neçə minlik iş yerləri açılacaq. Məsələyə daha geniş yanaşsaq, İtaliyanın bu layihə sayəsində Cənubi Avropa regionunun enerji mərkəzi kimi rolunu gücləndirəcəyini demək olar. Məhz burdan qaz Mərkəzi Avropanın əhəmiyyətli hissəsinə paylanacaq. Onun da əlavə edim ki, TAP həm stabil, həm də əlavə enerji mənbəyi kimi çıxış edərək enerji təhlükəsizliyinə töhfə verəcək: istənilən aspektdən biz bu layihədən qarşılıqlı fayda və müsbət təsirlər gözləyirik.

- İtaliya Azərbaycanın vacib tərəfdaşlarından biridir. Burada əsas yeri neft və neft məhsulları tutur. Neftin ucuzlaşması buna nə dərəcədə təsir edib?

- 2015-ci ilin yekun statistikasını demək üçün ilin sonunu gözləmək lazımdır. Hər şeydən öncə onu deyə bilərəm ki, 2014-cü il üçün Azərbaycan bizim əsas enerji təchizatçımız olub. Beləliklə, Azərbaycan yenə də İtaliyanın əsas enerji təchizatçısı olaraq qalacaq. Digər tərəfdən, neft idxalımızla müqayisə etdikdə bizim ixracımız daha azdır. Lakin ixrac artmaqda davam edir. Son 3-4 il ərzində bu sahədə 200 milyon avrodan 600 milyon avroyadək yüksəliş müşahidə olunub. Neft qiymətlərinin enməsi və devalvasiyaya baxmayaraq, 2015-ci il üçün olan ilk rəqəmlər də İtaliyanın Azərbaycana ixracının artmasını göstərir. Qlobal vəziyyəti nəzərə alanda bunun ikitərəfli münasibətlərdəki hazırkı vəziyyətə o qədər də əhəmiyyətli təsiri olmayıb.

- Minsk Qrupuna üzv dövlət kimi İtaliyanın həmsədrlərin son səfərindən gözləntiləri nələrdir?

- Biz Minsk prosesini, 3 həmsədr ölkənin cəhdlərini dəstəkləyirik və ümid edirik ki, müsbət həllə nail olmaq üçün konkret nəticələr hasil olacaq.

- Dondurulmuş vəziyyəti canlandıra bilərmi?

- Bunu demək çətindir. Mənim qənaətimə görə, həll yolunun tapılması bütün regiona böyük faydalar gətirər. Xüsusən də, bunun Azərbaycan üçün həqiqətən də vacib və fundamental məsələ olduğunu baş düşürəm. Bu məsələnin Azərbaycanda necə vacib, ağrılı və həssas olduğunu bilirəm. Ümid edirəm ki, müsbət nəticə hasil olacaq, çünki status kvo qəbuledilməzdir. Konkret nəticələri olan müsbət irəliləyişə ehtiyac var.

- İtaliya miqrasiya böhranı ilə üzləşən əsas dövlətlərdən biridir. Hətta ötən aylarda Matteo Renzi "eqoist Avropa"nı qəbul edə bilməyəcəklərini bəyan edərək Avropa İttifaqının daha çox dəstək göstərməsinin vacibliyini diqqətə çatdırmışdı. Sizcə, bu kimi məsələlər Avropa İttifaqının siyasi qurum kimi gələcəyini təhlükə altına atırmı?

- Bu, həqiqətən Avropada ən vacib və həssas məsələlərdən biridir. Bizim siyasi rəhbərliklər, baş nazirlər, daxili işlər nazirləri müntəzəm olaraq bununla bağlı görüşlər keçirirlər. Avropada hamı buna vacib məsələ kimi baxır. Avropa dövlətləri arasında bu barədə müxtəlif mövqelər mövcuddur. Burada hər şeydən öncə məsələnin humanitar aspekti var. Biz müharibə və iztirablardan qaçan insanların mümkün olan ən yaxşı şəkildə qayğısına qalmağa çalışırıq. İtaliya bu əhaliyə mümkün olan bütün xilas, yardım tədbirləri göstərən ölkələr arasında ön sırada olub. 2015-ci ilin başlanğıcından yüzlərlə insan Aralıq dənizini keçərək İtaliyaya gəlib. Eyni zamanda, biz avropalı tərəfdaşlarımızla dialoq aparırıq. Çünki biz düşünürük ki, bu, müxtəlif ölkələr arasında proporsional qaydada paylaşılmalı olan yükdür. Bu balansı qurmaq çətindir, lakin biz onun üzərində çalışırıq. Bu, həqiqətən də Avropa üçün misilsiz bir hadisədir və belə problem olan zaman həll yolu tapmaq vaxt alır.

- Lakin heç də bütün Avropa İttifaqı dövlətləri Avrokomissiyanın kvota planı təklifi ilə razılaşmır.

- Burada müxtəlifliklər var, lakin düşünürük ki, hamı müəyyən rol oynamalıdır. Bu, yüksək səviyyələrdə müzakirə olunan məsələdir. Lakin prinsipimiz budur ki, biz bir ailənin üzvüyüksə, bu problemlə də birlikdə üzləşməliyik. Avropa İttifaqı bu günədək hələ də dünyanın ən çiçəklənən, sabit və demokratik regionu olaraq ümumi dəyərlər, maraqlar və qarşılıqlı məsuliyyəti davam etdirir. Burda alternativlər yoxdur, müdriklik və uzaqgörənlik nümayiş etdirmək zamanıdır. Biz bütün Avropa üçün təkcə humanitar mənada deyil, həm də misilsiz geosiyasi fəsadları olan ümumi çağırışlarla üz-üzəyik. Yaxın Şərq, Suriya, Liviya torpaqları bir neçə illərdir ki, münaqişələr nəticəsində dağılmış vəziyyətdədir. BMT, Aİ, bütün qlobal və regional oyunçular da daxil olmaqla beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş səyləri vasitəsilə münaqişələrin təməl səbəbləri aradan qaldırılmalıdır. Beynəlxalq ictimaiyyətin məsul üzvləri bu problemi görməzdən gəlməməlidir, çünki o genişlənir və Avropa və onun qonşuluğunda stabillik və sülhün qayğısına qalan hamı üçün əsas prioritetə çevrilir.