

“Son vaxtlar Rusiyanın PUA-larının məhz Polşa hava məkanını pozması təsadüfi hal kimi qiymətləndirilmir. Əsas məsələ ondan ibarətdir ki, hava məkanının dəfələrlə pozulmasına baxmayaraq bu gün artıq NATO tərəfindən çox ciddi reaksiya verilir, həm də Şərqi Avropa ölkələrinə bir növ psixoloji təsir edən məsələlərdən onlar nəticə çıxarmağa başlayıb. Polşa NATO-nun Rusiya ilə sərhədinə tərəf son cinahdır. Burada Belarusiyadan istifadə etmək kimi məsələlər gündəmdədir”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev söyləyib.
A.Nağıyevin sözlərinə görə, maraqlı məsələ odur ki, artıq ABŞ-nin hərbi rəhbərliyi hətta Belarusiya ərazisində keçirilən təlimlərdə iştirak edib, bir neçə sual doğuran məsələlərə aydın gətirib: “İndi artıq “Şərq mühafizi” əməliyyatı təsadüfi deyil. Bu, NATO-nun reaksiyasıdır və Rusiya təhdidlərinə qarşı qabaqlayıcı addım kimi nəzərdə tutulur. Yəni bu gün artıq NATO istər özünün Hollandiyada, istər Almaniyada və digər istiqamətlərdə, həmçinin Polşanın özündə yerləşdirdiyi hərbi hava hücumundan müdafiə sistemlərini hazır vəziyyətə gətirib, Rusiyanın təzyiqlərinin qarşısını almaq üçün ictimai etimadı möhkəmləndirməyə çalışır”.
Deputat qeyd edib ki, Moskva açıq qarşıdurmaya getmək istəməsə də müəyyən qədər Qərbə bir mesaj ötürür ki, bu, həm sınaqdır, eyni zamanda, xəbərdarlıq edir ki, ümumiyyətlə, bu işlərə qarışmasın: “Çünki çox ciddi problemlər yarana bilər və artıq NATO-nun ərazisində müharibə aparmaq məsələsi gündəmə gələ bilər. Rusiya NATO münasibətlərində gərginlik yüksəlir. Bu da təbii ki, riskdir. Hərbi insident baş verə bilər”.
Röya İsrafilova