“Qafqazda şəraitin dəyişməsini iddia etmək mümkün deyil” Siyasət

“Qafqazda şəraitin dəyişməsini iddia etmək mümkün deyil”

Zahid Oruc: "Əlavə təzyiq silahları olmadan belə münaqişəni Ermənistanın vasitəsilə dondurub saxlamaq mümkündür"

Son aylar Rusiyanın regional aləmdə fəallaşması, Avrasiya İttifaqı modelinin yenidən öz aktuallığını qoruması Qərbin Moskvaya qarşı basqılarını bir qədər də artırıb. Paralel olaraq son günlər Suriyaya müdaxilə və bu ölkədə həyata keçirilən hərbi əməliyyatlar bir sıra ölkələri Kremllə münasibətlərə yenidən nəzər salmağa sövq edib. Bu arada Azərbaycanın bəzi siyasi kəsimi, xüsusilə müxalifət düşərgəsndə təmsil olunan bəzi partiyalar da rəsmi Bakının Rusiya ilə münasibətlərə yenidən nəzər salmasını məqbul sayırlar. Ənənəvi olaraq səsləndirilən bu kimi təşəbbüs və təkliflərdə Azərbaycanın daha çox Qərbə meyillənməsi, Avropa ilə daha sıx münasibətər qurması tövsiyyə edilir. Ancaq təəssüflər olsun ki, bu zaman Qərbin, Avropanın Azərbaycana qarşı olan qərəzli mövqeyi nəzərə alınmır. Və müxalifyönümlü siyasilər hesab edirlər ki, Azərbaycan Rusiya ilə münasibətləri bir qədər sərinləşdirsə, Avrasiya İttifaqı modelini qətiyyətlə rədd etsə Qərbin, Avropanın Azərbaycana olan münasibəti müsbət mənada dəyişəcək. Bu qüvvələr Dağlıq Qarabağ probleminin bu və ya digər formada Rusiyanın vasitəsilə həllini də qeyri-məqbul sayırlar. İddia edilir ki, Rusiya yalnız Azərbaycanı Avrasiya İttifaqına daxil etməyin müqabilində Qarabağ probleminin həlli istiqamətində hansısa müsbət addım atar. Ancaq təbii ki, bu fikrin əksini də söyləyənlər var və Rusiya-Azərbaycan münasibətlərinin korlanmasına heç bir lüzumun olmadığı düşünülür. Əslində isə ikinci tərəf bu mövqeyində haqlıdır. Hesab edilir ki, Rusiya ilə münasibətlərdə müəyyən korrektələr etmək tələbində olanlar ilk növbədə Azərbaycanın milli maraqlarını da nəzərə almalıdırlar. Elə Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Zahid Oruc da bu qənaətdədir. O, bildirib ki, Bütöv Azərbaycanın siyasi müxalif kəsimi ölkəmizin xarici siyasət maraqları baxımından yaranmış şəraiti düzgün dəyərləndirərək "nota təqdimatı" arqumentinə deyil, milli mənafelərin güzəştsizliyinə daha çox aksent etməlidir. Çünki bundan sonrakı dövrdə Qərb planlarına və Cənubi Qafqazın nüfuz zonalarının bölgüsünə yeni bir pəncərə açan iqtidarla eyni platformanı bölüşən antihakimiyyət qüvvələrinin mövcudluğu daxili separatizmə və qarşıdurmaya çalışanlara zərbə olardı: "Hazırki situasiya hamının mənafelərinə cavab verir. Prezidentin belə siyasi iradə nümayişi və sonadək prinsipial bir xətti ifadə etməsi təkcə hakim partiyanın və ya məhdud qrupun deyil, bütövlükdə xarici təsirlərdən azad olmaq tərəfdarlarının niyyətlərini tamamlayır. Lakin bundan qələbə və məğlubiyyət səhnəsinin yaradılması lüzumsuz əks həmləyə yol açardı. Qarabağ elə bir məhək daşıdır ki, onun həlli reallaşmadan Rusiyanın obyekt bağlamasını bizimlə vidalaşmaq kimi dəyərləndirmək siyasi cinayətdir. Proseslər elə cərəyan edir ki, əlavə təzyiq silahları olmadan belə münaqişəni Ermənistanın vasitəsilə dondurub saxlamaq mümkündür. Ona görə də Qafqazda ənənəvi şəraitin dəyişməsini iddia etmək mümkün deyil. Razılaşma və sülh istəyənlərin, şimalda qıcıq doğurmamaq tərəfdarlarının alternativ yol təklifinin mənası budur ki, stansiya dəyərsiz bir əşya kimi Rusiyanın sərəncamına verilməli, hər vəchlə qarşıdurmadan qaçılmalıydı". Millət vəkili deyir ki, danışıqların konfidensiallığını və ortada dövr edən şərtləri bilmədən belə qənaətlərə düşmək çox yanlışdır: "Çünki Rusiyanın "gedişi" və qayıdışı heç vaxt birdəfəlik və birmənalı olmur. Qayıdışı gözləyənlərə tarix bir dərsdir. Rusiya həmişə xilaskar kimi gəlib, işğalçı kimi də qalib. Hansı üzlə getdiyini isə bircə özü bilir". Zahid Oruc bu ərəfədə Rusiyanın Yaxın Şərqdə fəallaşmasına da toxunub. Bildirib ki, Yaxın Şərqdə vəziyyətin mürəkkəb xarakteri və qeyri-müəyyənlik davam etdikcə Qərb və Rusiya arasında siyasi savaş artan xətt üzrə inkişaf edir: " Cənubi Qafqazın həyatında hərbi cəhətdən çəkisini artırmaq və bazalarını yerləşdirməklə burada daimi konfrontasiya təhlükəsini hədəf edən şimal qonşumuz elə zənn edirdi ki, hətta Qəbələdə lokal hərbi obyekt vasitəsilə xarici dairələrə mesaj verəcəkdir. Lakin bu niyyət özünü döğrultmadı və neft-qaz nəhəngləri stansiyanı səbəb göstərərək onu Azərbaycanda risq əmsalı kimi irəli sürmədilər və əməkdaşlıqdan çəkinmədilər. Nəticədə, Rusiya ölkəmizin xarici iqtisadi həyatında siyasi çəkisinə uyğun olmayan bir səviyyədə iştirak etmək məcburuyyətində qaldı". Millət vəkilinin sözlərinə görə, Yeltsin dövrünün səhvlərini aradan qaldırmağa cəhd edən Putinin Avropanın investisiya və texnologiya savaşına məğlub olması rəsmi Kremlə imperiya zamanının şərtlərini diqtə etməyə imkan vermədi".