

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəzi qeyri-hökumət təşkilatlarının (QHT) xarici maliyyə hesabına anti-dövlət fəaliyyətlərdə iştirak etdiyini və inqilabi proseslər aparmağa cəhd göstərdiyini bildirib.
"Report"un yerli bürosu xəbər verir ki, o, bunu Acarıstanda jurnalistlərin suallarını cavablandırarkən deyib.
Baş nazirin sözlərinə görə, həmin məsələlər hüquq-mühafizə orqanlarının araşdırma predmetidir:
"Qiqaurinin təxribat işində dindirilməsinin təfərrüatlarını bilmirəm, bu mənim işim deyil. Amma hamınız yaxşı bilirsiniz ki, QHT-lər bilavasitə anti-dövlət aksiyalarında iştirak ediblər, xaricdən maliyyə vəsaiti hesabına inqilabi proseslər aparmağa cəhd ediblər. Qalanını hüquq-mühafizə orqanları müzakirə edəcək".
Kobaxidze, həmçinin 2022-ci ildə Avropa İttifaqının Gürcüstana namizəd statusu verməməsinə etiraz aksiyalarını xatırladıb.
"Xatırlayıram ki, 2022-ci ilin iyununda Avropa İttifaqı haqsız olaraq bizə namizəd statusu vermədikdə, Eka Qiqauri və "Transparency International" nümayəndələri səhnəyə çıxaraq hökumətin istefasını və öz iştirakı ilə yeni hökumətin yaradılmasını tələb edirdilər. Bu, QHT-lərin işi deyildi, dövlət əleyhinə hadisə idi".