“Bölgədə Rusiyanın qarşısına çıxacaq tək güc Türkiyədir” Siyasət

“Bölgədə Rusiyanın qarşısına çıxacaq tək güc Türkiyədir”

Elman Cəfərli: "Bu baxımdan senatının Xarici Əlaqələr Komitəsinin məlum qərar ABŞ hökumətinin maraqlarına uyğun deyil və yəqin ki, imzalanmayacaq"
Vasif Həsənli: "ABŞ Türkiyə ilə münasibətlərini qorumalıdır"

Ötən həftə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi uydurma "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul elədi. Bununla da ermənipərəst konqresmenlər tərəfindən Amerika Konqresinin hər iki palatasına təqdim edilmiş sənəd layihəsinin baxılma proseduruna ilkin start verildi.
Hələlik qərar komitə səviyyəsində olsa da, Türkiyə rəsmilərinin reaksiyası özünü çox gözlətmədi. Ankara yetkililələri Amerika tərəfinə xəbərdarlıq elədilər ki, uydurma məsələnin daha da irəliləməsi ən əvvəl ABŞ-Türkiyə münasibətlərinə zərbə olacaq. Elə budəfəki "soyqırım" müzakirələrinin mühüm özəlliyi də budur. Məsələ ondadır ki, Ermənistan Ukrayna (Krım) böhranı ilə bağlı birmənalı şəkildə Rusiyanın yanında qərar tutmaqla, BMT Baş Məclisində Qərbə, Amerika və Avropaya qarşı mövqe sərgiləməklə özünü demokratik dünyanın gözündən salıb. Demək, məntiqlə ona əvvəlki illərdəki qədər himayə ola bilməz.
Doğrudur, Ərdoğan hökuməti ilə Ağ Ev arasında münasibətlər də Gülən ("paralel dövlət") mövzusuna görə əvvəlki illərdəki kimi rəvan və isti deyil. Bunu Rusiya prezidenti Vladimir Putindən fərqli olaraq ABŞ prezidenti Barak Obamanın Ərdoğanı 30 mart seçkilərində qələbə münasibətilə təbrik etməməsi də təsdiqləyir.
Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma erməni soyqırımı iddialarını dəstəkləyən qərar layihəsini qəbul edib. Qərar layihəsini Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendez təklif edib. Layihənin lehinə 12, əleyhinə isə 5 senator səs verib.
Artıq Türkiyə hökumətinin yüksək rütbəli nümayəndələri Vaşinqtonun mövqeyindən məyus olduqlarını bildirməkdədirlər. "Habertürk"ün verdiyi xəbərə görə, Türkiyə baş nazirinin müavini Əli Babacan bildirib ki, bu mövzu hazırda Ankarada müzakirə edilir və hökumət tərəfindən rəsmi açıqlama veriləcək: "Düşünürəm ki, 99 il əvvəl Amerikadan çox uzaq coğrafiyada reallaşdırıldığı iddia edilən, amma olub-olmadığı mövzusunda heç bir elmi araşdırma aparılmayan, bizim də qətiyyətlə qəbul etmədiyimiz mövzunun bu gün ABŞ-da tamamilə daxili siyasətə alət edilməsi xoş hərəkət deyil".
Dünən həmçinin ölkənin xarici siyasət idarəsi də məsələyə mövqeyini ortaya qoyub. Məsələn, xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ-ın dövlət katibi Con Kerri arasında telefon danışığı olub. "Anadolu" agentliyinin verdiyi məlumata görə, telefon söhbəti zamanı "erməni soyqırımı" məsələsi müzakirə olunub. Əəhməd Davudoğlu deyib ki, ermənilər tərəfindən 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınmasını nəzərdə tutan layihənin ABŞ Senatına təqdim edilməsi Türkiyə hökumətində narahatlıq yaradıb.
"Türkiyə "erməni soyqırımı" məsələsində özünə güvənir", - deyən Davudoğlu tarixi mövzuların tarixçilər tərəfindən araşdırılmasının vacibliyini söyləyib: "Belə mövzular heç zaman siyasi baxımdan istismar edilməməlidir. Bu prinsipial mövqeyi bir neçə dəfə dünyaya elan etdik. Türkiyə Böyük Millət Məclisində müştərək tarix komissiyası yaratmaq barədə 2005-ci ildə təklif verdik. Bu gün Türkiyə əleyhdarları olan bəzi dairələr bu məsələni gündəmə gətirərək Türkiyəyə təzyiq göstərməyə çalışır. Bu məsələdə Türkiyə prinsipial mövqeyini həmişə davam etdirəcək".
Türkiyədə bir milyondan çox türk erməni quldur dəstələri tərəfindən qətlə yetirilib. Bu barədə isə baş nazirinin müavini Əmrullah İşlər "TRT Haber"ə açıqlamasında bildirib. İşlər deyib ki, 1915-ci ildə türklərin "soyqırım" törətdikləri deyil, əksinə, soyqırıma məruz qalmaları barədə əllərində yetərincə sənədlər var. Onun sözlərinə görə, erməni quldur dəstələri 1915-ci ildə Türkiyədə sadəcə türklərə qarşı deyil, eyni zamanda o ərazilərdə yaşayan ərəblərə və kürdlərə qarşı da qətliam törədiblər.
İşlərin sözlərinə əsasən, Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılmasına hazırdırlar, lakin Ermənistan tərəfi hələ də təklifə münasibət bildirməyib.
Vaşinqton qondarma erməni soyırımı məsələsində Ankaranın maraqlarını nəzərə almazsa, ABŞ-Türkiyə münasibətləri pisləşə bilər. Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Məzhər Bağlı bildirib. Onun sözlərinə görə, Ankara və Vaşinqton strateji müttəfiqdirlər, lakin ABŞ bilməlidir ki, Türkiyə qondarma erməni soyqırımı məsələsinə çox həssas yanaşır: "Rəsmi olaraq Türkiyə həm erməni, həm də beynəlxalq ictimaiyyətə 1915-ci il hadisələri barəsində öz mövqeyini açıqlayıb. 1915-ci il hadisələri tərəfsiz və obyektiv tarixçilər tərəfindən araşdırılmalıdır".
Bağlı qeyd edib ki, araşdırılmayan 1915-ci il hadisələri Türkiyə əleyhinə istifadə edilə bilməz və Ankara bu addımı öz milli maraqlarına qarşı atılan addım kimi qəbul edir.
Region ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma erməni soyqırımı barədə qətnamə layihəsini qəbul etməsi yeni faktların məlum olmasına yol açıb.
Türkiyə hökumətinə qarşı paralel hökumətin ölkəni qaralama kampaniyası yerli seçkilərdən sonra xaricdə də davam edir.
Paralel hökumətin ABŞ-dakı əsas qurumu olan Türk Amerikan Birliyinin (TAB) 10 apreldə 12 səsə qarşı 5 səs çoxluğu ilə qəbul edilən erməni layihəsini hazırlayan və ABŞ Konqresi tərəfindən tənqid edilən senator Robert Menendezi qonaq etdiyi məlum olub.
ABŞ senatının Xarici Əlaqələr Komitəsinin təsdiqlədiyi 1915-ci il hadisələriylə əlaqədar iddiaların olduğu layihəni hazırlayan Menendez səsvermədən bir gecə əvvəl TAB-nın təqdimat mərasimində iştirak edib.
Menendezin layihəni bir anda gündəmə gətirməsinin sürpriz olduğu deyilir. Nümayəndələr palatası və Senatda hansısa bir hazırlıq olmadığı üçün diplomatik dairələr, layihənin bu il gündəmə gəlməsini gözləmirdilər.
Son iki həftədə Türkiyədə yaşanan bəzi proseslərin Menendezi bu hərəkəti etməyə vadar edib. ABŞ-dakı "Camaat"a yaxın adlar isə bu əlaqənin ortaya çıxmasından sonra sosial şəbəkədə özlərini müdafiə etməyə çalışıblar.
ABŞ-ın Nyu Cersi ştatının konqres üzvü, Demokrat Partiyadan olan senator Menendez erməni məsələsi mövzusunda Türkiyə və Azərbaycana yönəltdiyi ağır ittihamlarla gündəmə gəlib.
Qeyd edək ki, Fətullah Gülən camaatının qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi hazırlayan ABŞ senatoru Robert Menendezə rüşvət ödədikləri üzə çıxıb. Senatorun ünvanına altı ilə yaxın ödənilən pul məbləğinin görünən tərəfinin 9 min dollar olduğu bildirilir. Bu rəqəmin yalnız rəsmi sənədlərdə əks olunduğu barədə məlumat verilir. Gülən camaatının qondarma erməni soyqırımı haqqında qanun layihəsini hazırlayan ABŞ senatoruna sənədlərdə qeyd olunan rəqəmlərdən əlavə milyonlarla dollar dəyərində vəsait ödədikləri də yayılan məlumatlar arasında yer alıb.
Nyu-Cersili senatora 2011-2012-ci illərdə Gülən camaatına məxsus olan məktəb və kompüter şirkətindən 9 min 5 yüz dollar dəyərində pul ödənildiyi də bildirilir. Menendezin Türkiyə əleyinə atılan bütün addımlarda Gülən camaatından dəstək aldığı ifadə olunub.
Gülən cammatının qondarma erməni soyqrımına dəstək verən ABŞ senatoruna hədiyyə etdiyi milyonların siyahısı belədir: Gülənin Nyu-Cersidə fəaliyyət göstərən "Milkwvay Education Center" (Samanyolu Təhsil Mərkəzi) adından 23 dekabr 2011-ci il tarixində ABŞ senatoruna pul hədiyyə edilib.
Nyu Cersidə Fətullah Gülənə məxsus "Pioneer Academy of Science" adlı türk kolleci tərəfindən senatora 3 min dollar ödənilib. Nyu Cersidə Gülənə məxusus viza işləri ilə məşğul olan "Kulen Law Firm"dan 03 fevral 2012-ci il tarixində ABŞ senatorunun hesabına 2 min 500 dolar dəyərində vəsait ödənilib.
Gülən camatına məxsus "Umit İnternational" şirkətindən 20 mart 2012-ci il tarixində ABŞ senatoruna 2 min dollar məbləğində pul verilib.
Qeyd edək ki, ABŞ senator Robert Menendezin qondarma erməni soyqrımının dünyaya tanıdılması ilə bağlı hazırladığı qanun layihəsi ABŞ Senatı tərəfindən qəbul edilməyib.
Bir müddət bundan əvvəl Gülən camaatının 2006-ci ildən bu günə qədər başda Türkiyə əleyhinə olması ilə tanınan Texas ştatının valisi Rick Perri olmaqla onlarla siyasətçiyə 1,5 milyon dollar dəyərində pul ödədikləri də üzə çıxıb.
Bəs ABŞ senatının Xarici Əlaqələr Komitəsi uydurma erməni soyqırımını tanıyan qətnaməsi Vaşinqton-Ankara münasibətlərinə necə təsir göstərəcək?
Siyasi şərhçi Elman Cəfərli bildirdi ki, ABŞ senatının Xarici Əlaqələr Komitəsi uydurma erməni soyqırımını tanıyan qətnaməsi Vaşinqton-Ankara münasibətlərinə mənfi təsir edəcək: "Bu qərarın qəbulunda erməni lobbisinin rolu yox deyil. Çünki Rusiyanın imperiyapərəst siyasətinin gücləndiyi və beynəlxalq sülhü təhdid etdiyi bir məqamda ABŞ-ın NATO-dakı müttəfiqinə qarşı belə bir addım atması kifayət qədər praqmatik siyasət sayıla bilməz. Ukraynaya qarşı təcavüz etmiş Rusiya hazırki dünyanın siyasi düzənini təhlükə altına salıb. SSRİ-nin və Varşava Müqaviləsi Təşkilatının çökməsindən sonra işi xeyli yüngülləşmiş NATO-nun rolu yenidən aktuallaşıb. Rusiyanın Qara Dəniz bölgəsində aktivləşdiyini nəzərə alsaq, ABŞ-ın məhz bu bölgədə dəstəyə ehtiyacı var. Bu bölgədə isə Rusiyanın qarşısına çıxacaq tək güc Türkiyədir. Bu baxımdan senatının Xarici Əlaqələr Komitəsinin məlum qərar ABŞ hökumətinin maraqlarına uyğun deyil və yəqin ki, imzalanmayacaq".
Araşdırmaçı jurnalist Vasif Həsənli isə diqqətə çatdırdı ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qərar layihəsini qəbul etməsi Türkiyədə də birmənalı qarşılanmayacaq: "Hesab edirəm ki, bu cür hallar Türkiyə-ABŞ münasibətlərində çoxdan bəri yaranmış olan çatların bərkiməsinə imkan vermir. Əlbəttə ki, ABŞ demokratik dövlət olduğu üçün bu cür məsələlərdə tamam ayrı izahlar verməyə çalışır. Yəni, yəqin ki, ABŞ tərəfi bu cür qərarları yenədə demokratik proseslərin tərkib hissəsi kimi qiymətləndirəcək. Ancaq düşünürəm ki, ABŞ və Türkiyə NATO ittifaqında yer alan güclü dövlətlərdir, ortaq maraqları mövcuddur. Bu baxımdan da ABŞ Türkiyə ilə münasibətlərini qorumalıdır. İmkan verməməlidir ki, bu cür amillər Türkiyə ilə münasibətlərinə xələl gətirsin".

Əli