“Prezidentinin Qətərə səfəri bütün parametrlərdən hər iki ölkə üçün çox faydalı olacaq” Siyasət

“Prezidentinin Qətərə səfəri bütün parametrlərdən hər iki ölkə üçün çox faydalı olacaq”

Mübariz Əhmədoğlu: "Qətər dünyanın ən yaxşı vəziyyətdə olan dövlətləri sırasındadır"

Musa Qasımlı: "Əməkdaşlığı genişləndirmək üçün böyük potensial var"

Vüqar Bayramov: "Səfər əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq"

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Qətər Dövlətinə rəsmi səfərə gəlib. Azərbaycan Prezidentini Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim bin Mohammad Al Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.
Səfəri şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Azərbaycan Prezidentinin Qətərə səfəri bütün parametrlərdən hər iki ölkə üçün çox faydalı olacaq: "Dövlətimiz islam ölkələri ilə münasibətlərini daha da genişləndirəcək. Bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın islam ölkələri ilə əlaqələrininin daha da inkişafında şərait yaradacaq". O qeyd edib ki, Azərbaycan və Qətər hər zaman əməkdaşlıqda maraqlı olublar: "Qətər adambaşına düşən ümumi daxili məhsulun payına görə, dünyanın ən yaxşı vəziyyətdə olan dövlətləri sırasındadır. Bu ölkə böyük neft və qaz resurslarına malikdir və əldə etdikləri təcrübə önəmlidir. Qətərin maliyyə imkanlarına görə ərəb ölkələri arasında xüsusi nüfuzu var. İslam Əməkdaşlıq Təşkilatı və digər ərəb dünyası ilə bağlı təşkilatlar Qətərlə hesablaşır, mövqeyinə hörmətlə yanaşırlar. Çünki, Qətər həmin təşkilatların fəaliyyətinin dəstəklənməsində böyük imkanlara malikdir. Ərəb dünyasında ən böyük informasiya mənbəyi də bu ölkədə yerləşir. Əl-Cəzirə televiziyası Qətərin böyük informasiya resursudur. Onu da qeyd edim ki, Azərbaycan Prezidentinin Qətərə səfərindən öncə Əl-Cəzirə televiziyası Bakıda dövlət başçımızdan müsahibə götürmüşdü". Politoloq iki ölkə rəhbərinin arasında bir neçə mövzuda müzakirələr aparılacağını bildirib: "İlk növbədə islam və Avropa ölkələri arasında əlaqələrin müzakirə olunacağını gözləyirəm. Azərbaycanla ərəb dövlətləri arasında münasibətlərin də müzakirə ediləcəyini düşünürəm. Sonra isə ikitərəfli münasibətlər müzakirə olunacaq".
M.Əhmədoğlu vurğulayıb ki, Qətərlə Azərbaycan arasında iqtisadi münasibətlər daha da genişləndiriləcək: "Qətər Azərbaycanla avia əlaqələr qurmaq niyyətindədir. Bu ölkə həm də Azərbaycan ərazisindən tranzit kimi istifadə etmək istəyir. Qətər aviakampaniyası dünyanın ən güclü aviakampaniyalarından biridir.
İki ölkə arasında birgə investiya fondunun yaradılması da nəzərdə tutulub. Bu, Azərbaycanın investisiya cəlbediciliyini artıra biləcək bir addımdır. Demək olar ki, dünyada gedən maliyə prosesləri Qətərə təsir etməyib. Əgər Qətər harasa investisiya qoyursa, həmin yer daha böyük investisiya cəlbediciliyinə malik olur.
Qətərlə Azərbaycan arasında maliyyə sektorunda müxtəlif qurumlar yaradılır. Bu sahədə əməkdaşlıq genişləndirilir, birgə layihələr reallaşdırılır".
Millət vəkili, professor Musa Qasımlı deyib ki, Qətər dövləti ilə ölkəmiz arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli (islam Əməkdaşlıq Təşkilatı, BMT və s.) formatda uğurla inkişaf edir. Deputatın sözlərinə görə, diplomatik-siyasi, hərbi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət, turizm və humanitar sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensial vardır: "Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin bu səfəri həmin potensialı hərəkətə gətirəcək, əməkdaşlığa yeni dinamizm verəcək və əlverişli imkanlar açacaq, özünü ərəb dünyasına hiyləgərliklə yaxınlaşdırmaq istəyənlərə tutarlı cavab olacaq".
İqtisadçı-ekspert Vüqar Bayramov isə diqqətə çatdırıb ki, Azərbaycan prezidentinin Qətərə səfəri hər iki ölkənin milli və mənəvi iqtisadi maraqlarına uyğundur: "Bu səfərin nəticə etibarı ilə həm ticarət dövriyyəsinin genişlənməsi, həm qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, həm də turizm, logistika, xidmət sahələrində əməkdaşlığın gücləndirilməsi kimi pozitiv nəticələrinin olacağı gözlənilir". Qətərin Azərbaycan üçün vacib ölkələrdən biri olduğunu deyən ekspert bildirib ki, ölkə başçısının Qətərə səfəri bu əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq: "Bildiyiniz kimi, Qətər inkişaf etmiş ölkədir. Qətər ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcminə görə dünyada birinci yerdə qərarlaşıb ki, bu, birbaşa onun iqtisadiyyatının enerji üzərində qurulsa belə, geniş inkişaf etməsi ilə bağlıdır".
V. Bayramov söyləyib ki, Qətər, eləcə də körfəz ölkələri Azərbaycan üçün həm bazar, həm də investor olaraq yenidir: "Qətər-Azərbaycan arasında münasibətlər son dövrlər inkişaf etməyə başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə bu ölkələr arasında ticarət dövriyyəsi 2014-cü illə müqayisədə təxminən 44 faiz artıb".
İqtisadçı-ekspert əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq Azərbaycanın qida və kənd təsərrüfatı məhsullarının Qətərə ixracatı baxımından da vacibdir: "Bu, Azərbaycan fermer və sahibkarlara Qətər ölkələri bazarında çıxış əldə etmək imkanı verməklə yanaşı, ölkəmizin Qətərdən investisiyalar cəlb etmək üçün də geniş şərait yaradacaq. Qətər investisiya potensialı olan ölkədir və Azərbaycanın da indiki dövrdə investisiya ehtiyacları var. Bu kontekstdən Qətər Azərbaycan üçün prioritet ölkədir. Digər tərəfdən burada strateji əməkdaşlıq məsələləri də var. Azərbaycan Qətər vasitəsilə digər körfəz ölkələrinə çıxış imkanları əldə etməklə əlaqələrini genişləndirəcək.Turizm sahibkarlıq, logistika sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəticə etibarı ilə hər iki ölkənin faydalanmasına səbəb olacaq".

Əli