“Münasibətlərin genişləndirməsi Ankara və Bakının Kremllə əlaqələrinə mənfi təsir etməyəcək” Siyasət

“Münasibətlərin genişləndirməsi Ankara və Bakının Kremllə əlaqələrinə mənfi təsir etməyəcək”

Elxan Şahinoğlu: "Əsas nəticə Kiyevdə Azərbaycan Ticarət Evinin açılması barədə razılığın əldə olunmasıdır"


"Türkiyə və Azərbaycanın Ukrayna ilə münasibətlərini genişləndirməsi Ankara və Bakının Kremllə əlaqələrinə mənfi təsir etməyəcək". Bu sözləri İqtisadi İnkişaf naziri Şahin Mustafayevin Kiyevə səfərini şərh edən politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, səfərin əsas nəticəsi Kiyevdə Azərbaycan Ticarət Evinin açılması barədə razılığın əldə olunmasıdır: "Tərəflərin fikrincə, bu, ikitərəfli ticarəti stimullaşdıracaq və Ukraynaya Azərbaycan investisiyalarının cəlbini artıracaq. Azərbaycan Ukrayna ilə maşınqayırma sahəsində birgə müəssisələrin yaradılmasına, kimya sənayesi, kənd təsərrüfatı və turizm sektorlarında dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə maraqlıdır. Azərbaycan MDB-də Ukraynanın əsas ticarət tərəfdaşlarından biridir. 2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 347 milyon dollar təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 17,7% çoxdur. 2014-cü ildə Ukraynadan Azərbaycana və əks istiqamətdə cəmi 450 vaqonda mal daşınıbsa, 2016-cı ildə bu rəqəm 3 minə çatıb. Demək, daşımada potensial hələ böyükdür".
Politoloq Ukraynanın Baş naziri Vladimir Qrosymanın Şahin Mustafayevlə görüşdən sonra Türkiyəyə rəsmi səfərinə də toxunub:
"Bu səfər də uğurlu oldu. Ukrayna ilə Türkiyə arasında şəxsiyyət vəsiqələri ilə ölkələrarası səfərlərin həyata keçirilməsi qərarının verilməsi bu uğurun tərkib hissəsidir. Türkiyədə son illərdə dincələn ukraynalı turistlərin sayı 1 milyonu ötüb. Yeni razılaşma bu sayı daha da artıracaq. Eləcə də Türkiyə vətəndaşları rahat şəkildə Ukrayaya səfərlər edəcək, həm dincələcək, həm də işgüzar əlaqələr quracaqlar.
Kiyevlə Ankara arasında təmasların artması Ukrayna iqtisadiyyatı üçün xeyirlidir. Türkiyənin investisiya imkanları genişdir və Ankara yeni bazarlar axtarır. Ukrayna çox münbit bazardır və Avropaya çıxış imkanları var. Türkiyə Ukraynanın bank sektorundakı rolunu da artıra bilər. Bundan başqa iki ölkə arasında sərnişin təyyarəsi istehsal edən birgə müəssisənin yaradılması müzakirə predmetidir. Ukraynada böyük təyyarə zavodları var ki, istehsal zəifləyib və Türkiyə bu istehsala dəstək verə bilər. Türkiyə şirkətləri Ukrayna müəssisələrinin özəlləşdirilməsində də fəal iştirak edə bilərlər".
Kiyev-Bakı və Kiyev-Ankara arasındakı münasibətlərin Kremldə necə reaksiya doğura biləcəyinə gəlincə, politoloq Rusiyanın qonşu ölkələrin Ukrayna ilə münasibətlərini diqqətlə izlədiyini qeyd edib: "Türkiyə və Azərbaycanın Ukrayna ilə münasibətlərini genişləndirməsi Ankara və Bakının Kremllə əlaqələrinə mənfi təsir etməyəcək. Çünki Ankara və Bakı Kiyevlə sıx əlaqələrdən Rusiyaya qarşı istifadə etmir. Məsələn, Azərbaycanın Ukrayna ilə ticarət həcmini artırması, ortaq layihələrə maraq göstərməsi, Dövlət Neft Şirkətinin bu ölkədə yanacaqdoldurma məntəqələrinin sayını artırması sırf iqtisadi qazanc baxımından qiymətləndirilir. Rusiya Ukraynanın Mərkəzi Asiyaya çıxışını bağlayıb. Hazırda Ukrayna Qara dəniz, Gürcüstan və Azərbaycan dəmiryolları üzərindən Mərkəzi Asiyaya mal daşıyır. Yəni Azərbaycan bir növ Ukraynanı Rusiyanın iqtisadi mühasirəsindən qurtarıb. Bunda da siyasi məsələ yoxdur".
E.Şahinoğlu onu da əlavə edib ki, rəsmi Bakı Ukraynaya Azərbaycan ərazisindən mal daşımağa imkan verirsə, bu, sırf iqtisadi amillərlə bağlıdır:"İki dövlət arasındakı münasibətlərə üçüncü dövlət müdaxilə edə bilməz. Ona görə də həm Ankara, həm də Bakı Kiyevlə əlaqələrini genişləndirmək xəttini götürüblər, bu, doğru siyasətdir və hamı üçün faydalıdır. Hətta mümkündür ki, Şahin Mustafayevin Kiyevə, Vladimir Qrosymanın isə Ankaraya uğurlu səfərləri bölgədə yeni Türkiyə-Ukrayna-Azərbaycan formatının yaradılmasına yol açsın".
Qeyd edək ki, iqtisadi inkişaf naziri Şahin Mustafayev martın 13-də Kiyevdə Ukraynanın baş naziri Vladimir Qrosyman və digər ukraynalı nazirlərlə görüşüb. Bu görüşdən sonra nazir prezident Pyotr Poroşenko tərəfindən qəbul olunub.
Tərəflər müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığı genişləndirmək barədə razılıq əldə ediblər.