“Bu işğaldır” Siyasət

“Bu işğaldır”

Pavlo Klimkin: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyə sadiq olacaq"

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkinlə görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığını və beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı mövqelərin üst-üstə düşdüyünü qeyd edib.
Nazirlər Azərbaycan və Ukrayna arasında yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Prezidentlər Şurası, Hökumətlərarası birgə Komissiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini, habelə XİN-lərarası siyasi məsləhətləşmələri yüksək qiymətləndiriblər.
Pavlo Klimkin Azərbaycanla Ukrayna arasında siyasi münasibətlərin mükəmməl olduğunu, iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirib və ticarət dövriyyəsində yüksək artım dinamikasının müşahidə edildiyini deyib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında uğurlu əməkdaşlığın qurulduğunu, BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, həmçinin regional təşkilatlar olan QDİƏT və GUAM çərçivəsində bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Nazirlər Azərbaycan və Ukraynanın daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, regiondakı münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində həllinə tərəfdar olduqlarını bəyan ediblər.
Tərəflər, həmçinin regional nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb marşrutlarının imkanları, iqtisadi və vaxt baxımından üstünlükləri, Ukraynadan gələn bəzi yüklərin Azərbaycan ərazisindən keçməklə Orta Asiya ölkələrinə nəqli məsələlərini müzakirə ediblər.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb və BMTTəhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Nazir münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də təsbit olunduğu kimi, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.
Elmar Məmmədyarov Azərbaycan-Ukrayna əlaqələrinin strateji xarakter daşıdığını bildirib. Nazir görüşdə ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunduğunu vurğulayıb: "Nəqliyyat sahəsində əlaqələri də müzakirə etdik. Nəqliyyat layihələri iqtisadi baxımdan çox önəmli və maraqlıdır. Gələn ay iki ölkə arasında hökumətlərarası komissiyanın iclası olacaq".
Pavlo Klimkin bildirib ki, iki ölkənin iqtisadi sahədə əməkdaşlığında kifayət qədər nəzərə çarpan nəticələr var: "9 ayda 2016-cı ildən daha yüksək nəticə əldə etmişik. Artım 66 faizdir. Turizm sahəsində də qarşılıqlı artım müşahidə olunur. Biz nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Tranzit daşımalarında 5 dəfədən çox artım var".
Pavlo Klimkin Ukrayna baş nazirinin birinci müavininin bu yaxınlarda Azərbaycana səfər edəcəyini də qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyə sadiq olacağını vurğulayıb: "Biz azərbaycanlı dostlarımızı hamıdan daha yaxşı başa düşürük. Çünki bu işğaldır".
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin oktyabrın 6-da İrəvana səfər edəcəklərini, Azərbaycana isə oktyabrın 7-də gələcəklərini deyib.
"Həmsədrlər regiona prezidentlərin görüşünü müzakirə etmək üçün gəlirlər. Vasitəçilər Nyu-Yorkda təklif etdikər ki, substsntiv, məntiqli danışıqlar olsun. Onlar təklif edirlər ki, prezidentlərin görüşündən sonra məntiqli danıqlar keçirək və məsələni yerindən tərpədək", - deyə Elmar Məmmədyarov qeyd edib.
Elmar Məmmədyarov oktyabrın 8-də GUAM-ın 20 illiyini Tbilisidə xarici işlər nazirləri səviyyəsində qeyd edəcəklərini bildirib.
Məmmədyarov deyub ki, GUAM-a üzv ölkələr planlaşdırılan nəqliyyat dəhlizinin üzərindədir: "Bu da bizə kömək edir ki, ölkələrin nəqliyyat, dəmiryol, sərhədlə bağlı qurumlarının rəhbərləri bu çərçivəsində geniş müzakirələr aparsınlar. Münaqişələrlə bağlı dörd üzv ölkə əziyyət çəkir. Bu ölkələrin hamısı beynəlxalq təşkilatlarda eyni mövqedən çıxır edir".
Pavlo Klimkin isə deyib ki, GUAM ölkələrinin oxşar siyasi hədəfləri var: "Əminəm ki, hər bir üzv ölkənin parlaq iqtisadi gələcəyi var. Qismən azad ticarət imkanlarından yararlana bilirik. Burada nəqliyyatla yanaşı, bir sıra əhəmiyyətli əməkdaşlıq sahələri var. Biz unikal tərəfdaşlıq modelinə malikik".
Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunan nazir Elmar Məmmədyarov əməkdaşlığın getdikcə gücləndiyini bildirib: "Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq tədricən güclənməkdədir. Biz strateji tərəfdaşlıq layihəsinin ikinci fəslini müzakirə edirik. İlk dəfədir ki, tərəfdaş ölkə üzv ölkələrlə tərəfdaşlıq layihəsi təklif edib. Bu bir az çətin prosesdir. Amma ümid edirik ki, proseslər hamar gedəcək. Biz yeni saziş üzrə danışıqları noyabrda Brüsseldə keçiriləcək sammit öncəsi yekunlaşdırmağı planlaşdırırdıq".
Nazir bildirib ki, hazırda danışıqların növbəti mərhələləri keçirilir: "Oktyabrda açıq səma sazişi üzrə görüş olacaq. Bu, bəlkə də sonuncu görüş oldu. Hazırda tərəflər arasında əməkdaşlıq sürətlə inkişaf edir. İkitərəfli münasibətlər çərçivəsində bir sıra məsələlər var. Biz 10 üzv ölkə ilə strateji tərəfdaşıq. Bəziləri ilə strateji tərəfdaşlıq sənədi imzalamağa hazırlaşırıq. Ümid edirəm ki, Avropa Komissiyası ilə də bu sənədi imzalayacağıq".
Pavlo Klimkin deyib ki, Ukrayna ilə Avropa İttifaqıarasında assosiasiya sazişi bu il sentyabrın 1-dən qüvvəyə minib. Onun sözlərinə görə, bu, Ukraynada Avropayönümlü islahatlar üçün yol xəritəsidir: "Sazişi tək vizanın aradan qaldırılması kimi anlamaq doğru deyil. Bu sazişin qüvvəyə minməsi Ukraynanın Avropaya məxsusluğunun təzahürüdür. Bu saziş yeni ticarət imkanları da yaradır və bu ilkin addımdır. Bizim əsas məqsədimiz Avropa İttifaqına qəbul olunmaqdır".