“BTQ dəmir yolunun açılışı yeni iqtisadi dövrə keçiddir” Siyasət

“BTQ dəmir yolunun açılışı yeni iqtisadi dövrə keçiddir”

Azər Verdiyev: "Dəmir yolu xətti Şərqdən Qərbə qədər olan böyük məsafədə yük və sərnişin daşımalarında vaxt və maliyyə sərfiyyatını azaldacaq"

Asim Mollazadə: "Əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir"

Çağatay Balçı: "Dəmiryol xəttini Azərbaycan və Türkiyənin mənəvi könül körpüsünün fiziki forması kimi qiymətləndirmək olar"


Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə hərəkət edən ilk yük qatarı dünən səhər saatlarında Qarsa çatıb. Oktyabrın 24-də Qazaxıstandan çıxan taxılla yüklənmiş qatar 32 konteynerdən ibarətdir. Məlumata görə, həmin qatar Azərbaycandan Qarsa 40 saata çatıb. Həmin qatarın son təyinat məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq.
Xatırladaq ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Oktyabrın 31-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, ekspert Azər Verdiyev diqqətə çatdırıb ki Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı yeni iqtisadi dövrə keçiddir. O, bildirib ki, dəmir yolu xətti Şərqdən Qərbə qədər olan böyük məsafədə yük və sərnişin daşımalarında vaxt və maliyyə sərfiyyatını azaldacaq: "Bununla yanaşı, Bakı-Tbilisi-Qars, həmçinin ölkə iqtisadiyyatının inkişafına da böyük dərəcədə müsbət təsir göstərəcək. Dəmir yolu xətti Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir. BTQ-nin istifadəyə verilməsi ilə bağlı yayılan bəyanatlarda ba biz bunu açıq şəkildə görürük. Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin bəyanatında qeyd edilir ki, qurum yeni dəmir yolu dəhlizini alqışlayır. Bütövlükdə, hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr əslində bölgədə ticarətin, iqtisadi münasibətlərin, mədəni əlaqələrin artmasına xidmət edəcək: "Belə olan halda, bölgədə stabillik möhkəmlənər, qarşıdurmalar səngiyər".
Son günlər ərzində Azərbaycan Prezidentinin region dövlətlərinin rəhbərləri ilə görüşdüyünü və bir sıra sənədlərin imzalandığını xatırladan deputat söyləyib ki, bu görüşlər çərçivəsində əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir.
Bir neçə gün bundan öncə Bakı-Tbilisi Qars dəmiryolunun açılmasını tarixi hadisə adlandıran A. Mollazadə söyləyib ki, bu, iki qitənin birləşməsində mühüm əhəmiyyət kəsb edir: "BTQ dəmiryolunun açılması eyni zamanda türk dövlətlərini birləşdirən və bu dövlətlərlə əməkdaşlığı möhkəmləndirən bir sistemdir ki Azərbaycan bu sahədə də öz tarixi missiyasını həyata keçirir".
Deputat vurğulayıb ki, mühüm layihələr həyata keçirən, gündən-günə regionda güclənən Azərbaycanla müqayisədə isə Ermənistan bu layihələrdən kənarda qalmaqla acınacaqlı iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq: "Ermənistan yalnız hərbi-baza funksiyasını yerinə yetirməkdən başqa heç nəyə lazım deyil. Öz müstəqilliyini itirmiş Ermənistanın məqsədi stabilliyi pozmaqdan ibarətdir. Hazırda düşmən ölkədən yalnız qarşıdurmalar üçün istifadə olunur".

"Kafkassam" Strateji Araşdırmalar Mərkəzinin analitiki Çağatay Balçı deyib ki, Bakı-Tbilisi-Qars dəmiryol xəttini Azərbaycan və Türkiyənin mənəvi könül körpüsünün fiziki forması kimi qiymətləndirmək olar.
O qeyd edib ki, dəmiryol xəttinin fəaliyyətə başlaması Azərbaycan, Türkiyə və Gürcüstana iqtisadi baxımdan son dərəcə önəmli qatqılar verəcək: "Lakin düşünürəm ki, BTQ Rusiya və İranın narahatlığına səbəb ola bilər. Belə vəziyyətdə geri addım atılmamalıdır".
Balçı əlavə edib ki, Ermənistan BTQ-nin işə düşməsindən çox narahat olacaq: "Fikrimcə, Ermənistan dəmiryol xəttinin fəaliyyətinə mənfi təsir göstərmək üçün İran və Rusiya ilə iqtisadi cəhətdən yaxın olacaq".

Əli