“Siyasi oyunçuların parlamentdə sayı arta bilər” Siyasət

“Siyasi oyunçuların parlamentdə sayı arta bilər”

Elçin Mirzəbəyli: "Dağlıq Qarabağ, Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı məsələnin gələcək Ermənistan parlamentində monipulyativ siyasi təzyiq vasitəsinə çevrilə biləcəyi ehtimalı var"

Ermənistanda seçkilər yaxınlaşdıqca gərginlik daha da artır. Ekspertlər hesab edirlər ki, seçkilərdən sonra gərginliyin azalması inandırıcı görünmür. Vəziyyətin getdikcə daha da gərginləşəcəyi və seçkilərdən sonra qarşıdurmaların baş verəcəyi bildirilir.
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirib ki, Ermənistanda hakimiyyət böhranının yaşanması ehtimalı getdikcə artır: "Bu gün də Ermənistanda faktiki olaraq böhran var. Amma söhbət daha uzun müddətli prosesdən gedir". O bildirib ki, dekabrın 9-da Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın rəqibləri sakit durmayacaq və hazırda onlar ciddi şəkildə fəaliyyət göstərirlər: "Paşinyanın gözdən salınması üçün bütün ölkə boyu təbliğat prosesi gedir. Keçirilən ayrı-ayrı aksiyalarda da Paşinyan tərəfdarlarının kifayət qədər azaldığının şahidi oluruq. Amma proseslərdən bütövlükdə köhnə hakimiyyətin, hərbi cinayətkar xuntanın üstünlük əldə edəcəyini də gözləmək doğru olmazdı".
Elçin Mirzəbəyli söyləyib ki, siyasi oyunçuların parlamentdə sayı arta bilər: "Bildiyiniz kimi seçkilərə qatılan bir sıra partiyalar içərisində ən müxtəlif qütbdən idarə olunan siyasi təşkilatlar var ki, bu baxımdan ola bilsin Paşinyan parlamentdə çox az səs çoxluğu ilə üstünlüyə sahiblənsin". Seçkilərdən sonra baş verəcək proseslərin əsasən Paşinyan tərəfdarları ilə respublikaçılar arasında gedəcəyini deyən siyasi şərhçi vurğulayıb ki, ən kritik vəziyyətlərdə parlamentin mühüm qərarlarının 2/3 səs çoxluğu ilə qəbul olunduğunu nəzərə alsaq, o zaman parlamentdəki azlığın Paşinyan üçün gələcəkdə kifayət qədər ciddi problem yarada biləcəyini düşünə bilərik: "Burada məsələyə iki aspektdən - Ermənistanın daxili prosesinə və onun xarici siyasətinə necə təsir etməsi baxımından baxmaq olar".
Elçin Mirzəbəyli qeyd edib ki, əgər Ermənistanda hər hansı sabit hakimiyyət mövcud olmayacaqsa, bu nəticə etibarı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda da özünü birüzə verəcək: "Dağlıq Qarabağ, Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı məsələnin gələcək Ermənistan parlamentində monipulyativ siyasi təzyiq vasitəsinə çevrilə biləcəyi ehtimalı da var. Bütün bunlar şübhəsiz ki, gözlənilən ehtimallardır ".
Ekspert əlavə edib ki, ayın 9-da keçiriləcək seçkilərdə hətta Paşinyanın hansısa səs çoxluğu ilə üstünlük əldə etməsinə baxmayaraq, Ermənistanda hələ uzun müddət sabitliyin normal səviyyəyə qədəm qoyması mümkün olmayacaq: "Çünki proses sadəcə siyasi qüvvələrlə bağlı olan məsələ deyil, prosesin əsasında Ermənistanda sosial, iqtisadi böhran və bu ölkənin işğalçılıq siyasətinin nəticəsində blokada vəziyyətində olması, bu blokadadan çıxmaq istiqamətində Azərbaycanın bilavasitə iştirakı ilə atılan müxtəlif addımların nəticəsiz qalması, Ermənistanın söykəndiyi, arxalandığı hərbi siyasi blokda təklənməsi və öz maraqlarını qoruya bilməməsi kimi kifayət qədər ciddi faktorlar dayanır".
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, "Sovet İttifaqı dağılandan sonrakı dövrdə Ermənistan özünün analoqu olmayan çətin və qeyri-müəyyən dövrünü yaşayır. Hazırda dünyada Ermənistan qədər çox istiqamətli zərbələr altında çırpınan ikinci ölkə yoxdur. Daxildən və xaricdən güclü təzyiqlər var. Meydan eyforiyasında xalqa verilən vədlər özünü doğrulmadı". Hazırda Ermənistanda siyasi qüvvələr arasında kəskin qarşıdurmanın yaşandığını deyən baş redaktor söyləyib ki, hakimiyyətdə parçalanmalar sürətlə dərinləşir. O bildirib ki, cəmiyyətdə sabaha dəhşətli inamsızlıq yaradan böyük sosial-iqtisadi problemlər var: "Hakimiyyət ölkənin geosiyasi oriyentasiyasını heç cür müəyyənləşdirə və tarazlaşdıra bilmir. Ənənəvi tarixi müttəfiqlərlə münasibətlərdə dərin uçurumlar yaranıb. Ən əsası odur ki, Azərbaycana qarşı təcavüz siyasətinin mahiyyəti dünya boyunca ifşa edilib. Ermənistan regional təcrid vəziyyətindən qat-qat ağır olan, həm də qlobal təcrid olmanın acı nəticələrini yaşamağa başlayıb".
A. Quliyev vurğulayıb ki, belə ağır daxili, beynəlxalq şərtlər çərçivəsində Paşinyan və onun hələ formalaşmamış qrupu üçün rahat seçki keçirmək çox problemli olacaq: "Paşinyan nəyin bahasına olsa da parlamenti ələ keçirməyi hədəfləyib. Bu yolda hər cür seçki texnologiyalarına əl atmağa hazır olacaq ki, bu da seçkidən sonra onunla beynəlxalq təşkilatlar arasında uzun çəkişmələrin predmetinə çevriləcək. Nəzərə alaq ki, əsas geosiyasi oriyentirlərini seçkidən sonra ortaya qoyacaq və bu halda onun ya Rusiya, ya da ABŞ və Avropa ilə gərginliklər yaşayacağı qaçılmaz olacaq ".
Baş redaktorun fikrincə, Ermənistana ən böyük təzyiqlər Dağlıq Qarabağ problemi kontekstində ediləcək: "Azərbaycanın torpaqlarını qaytarmalısınız deyə təzyiqlər artıq indidən birmənalı şəkildə özünü göstərməkdədir. Paşinyan Azərbaycan torpaqları məsələsində yaxasını kənara çəkə bilməyəcək. Hər hansı bir yayındırıcı taktik gedişin ona faydası olmayacaq. Qarabağın qanunsuz hakimiyyətinin anti - Paşinyan əhval-ruhiyyəsini də əlavə etsək, o zaman Paşinyanın hakimiyyətə gəlişi ilə əslində onun hakimiyyətdən gediş prosesinin şahidi ola bilərik".
A. Quliyev əlavə edib ki, dünyada Ermənistan üçün demokratik imic yaratmaq istiqamətində atdığı və atacağı addımların sonda özünə qarşı çevriləcəyi də qaçılmazdır: "Ancaq əlbəttə onun vahid hakimiyyət sahibi olaraq xüsusilə Qarabağ problemi ilə bağlı öz sələflərindən fərqli siyasət aparmaq şansı da nəzərdən qaçırılmamalıdır. Bu variantda onun qarşısında tam yeni siyasi və geosiyasi perspektivlər açıla bilər. Bir sözlə onun hakimiyyətdə nə qədər qalacağı əsasən Azərbaycanla hansı siyasət aparacağından asılı olacaq ".
Politoloq Ehtiram Aşırlı diqqətə çatdırıb ki, Ermənistanda növbədənkənar parlament seçkilərinə 4 gün qalır, siyasi partiya və bloklar arasında təbliğat və təşviqat baxımından rəqabət getdikcə qızışır: "Aparılan müşahidələrimə əsasən hazırda Nikol Paşinyanın lideri olduğu "Mənim Addımım" bloku təbiğat və təşviqat kampaniyasına görə rəqiblərindən çox irəlidədir. Belə ki, Paşinyan xalqın arasına qarışaraq yəni metroya, insanların evlərinə gedərək seçki kampaniyaları ilə bağlı bullutenleri paylamaqla kifayətlənməyib, onlarla söhbət edir. Bununla da Paşinyan xalqın geniş rəğbətini qazanmaqda davam edir. Təbii ki bütün bu proseslər Paşinyana seçkidə əlavə divident qazandırır".
Onun sözlərinə görə, bu proseslər baş verərkən digər tərəfdən, erməni mediasında çıxan xəbərlərə əsasən mühafizə orqanları xüsusilə polis qüvvələri Ermənistan Respublikaçılar partiyasının mövqeyinin güclü olduğu yerlərdə anti-təbliğat xarakterli məlumatlar yayırlar: "Üstəlik köhnə müdafiə naziri ERP-nin sədri Vigen Sərkisyan bildirib ki,Nikol Paşinyanın Milli Məclisin namizədlərini Milli Təhlükəsizlik Xidmətlərinin əməkdaşları vasitəsilə təhdid edir. Bununla da Paşinyan üzdən xalqın gözünə "mələk və xeyiraxah" biri kimi görsənməklə altdan öz işinə davam edir yəni ölkə daxilində hüquq-mühafizə orqanlarının vasitəsilə qorxu hissi yaradır.
Bundan əlavə, onu qeyd edim ki, Ermənistan Respublikaçılar partiyası Paşinyanın mövqeyini zəiflətmək üçün öz seçki kampaniyaları zamanı Qarabağ münaqişənin həllinə və xarici siyasət kursunun nə qədər skandal vəziyyətdə olduğuna dair açıqlamlar səsləndirməkdə davam edirlər. Ələlxüsus da Ermənistanın Respublikaçı Partiyası siyahısının namizədi olan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan öz çıxışlarında Qarabağ və xarici siyasət kursunda əldə edilmiş uğursuzluqlara görə Paşinyanı günahlandırıb. Həttə erməni mətbuatında Paşinyan seçkilərdən sonra Qarabağı verəcəyinə dair xəbərlər yayılmaqdadır. Məhz bu səbəbdən ERP Qarabağ məsələsinə toxunmaqla həm ölkə daxilində həmdə "Qarabağ klanı" da narahatlıq yaradaraq seçki öncəsi yeni bir xaosun yaranmasına nail olmaq istəyirlər. Erməni mətbuatında çıxan bəzi məlumatlara əsasən ola bilsin ki, 2008-ci il 1 mart hadisələrinə bənzər bir hadisələr yaşana bilər. Təbii ki bunun baş verməsi nəqədər realdır onu zaman göstərəcək. Görünür, Paşinyan ilə "Qarabağ klanı" arasında belə bir anlaşmazlığın və gərginliyin yaradılmasının da digər bir məqsədi budur. Bütün bunlara baxmayaraq Paşinyanın siyasi rəqiblərindən çox öndə olduğunu deyə bilərik. Lakin 4 gün qalmasına baxmayaraq hər şeyin bitdiyini demək çətindir, çünki Rusiyanın səssizliyi və "Qarabağ klanı"nın belə bir gərginlik nümayiş etdirməsi heç də hər şeyin belə sakit məcrada davam edəcəyinin xəbərçisi deyil".

Əli