Hökumətin hesabatı qəbul olundu Siyasət

Hökumətin hesabatı qəbul olundu

Baş nazir: "Deputatların təklifləri, tövsiyələri nəzərə alınacaq"

"2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük uğurlar və əlamətdar hadisələrlə zəngin olub". Bunu Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatını təqdim edərkən deyib. O bildirib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi böyük təmtəraqla qeyd edilib. Baş nazir vurğulayıb ki, 2018-ci ildə keçirilən prezident seçkilərində xalq ən doğru seçim edərək İlham Əliyevi prezident seçdi, ölkədə sabitliyə, inkişafa səs verdi.
Prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirdi və qarşıda duran strateji hədəflər müəyyən edildi.
Novruz Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət dövlətimizin nüfuzunun yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına səbəb olub. O deyib ki, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Novruz Məmmədov söyləyib ki, keçən il 38,7 milyon, 19,2 milyard kubmetr qaz istehsal edilib: "Sumqayıt Kimya Parkında karbomid zavodu istehsal edilib. Bu zavodda ildə 650 min ton məhsul istehsal ediləcək. Bu zavodun məhsullarının xarici ölkələrə satışından hər il 160 milyon dollar gəlir əldə edilməsi gözlənilir. Türkyiədəki Star zavodu isə ölkəyə ilk 5 ildə hər il 850 milyon dollardan çox gəlir gətirəcək". Novruz Məmmədovun sözlərinə görə, ötən il Azərbaycanda avtomobil yollarının saxlanılmasına və ya təmirinə 1,7 mlrd manat vəsait ayrılıb".
O bildirib ki, il ərzində isə 2000 km yol tikilib və ya təmir olunub:
"Azərbaycan dəmir yollarında 220 km-lik hissəsində əsaslı təmir işləri həyata keçirilib. Həmçinin ötən il xaricdən 56 lokomotiv alınıb. Ləki-Qəbələ dəmir yolunu qurulması istiqamətində 14 km dəmir yolu çəkilib, hazırda bu istiqamətdə işlər davam etdirilir".
Baş nazir deyib ki, Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin mahiyyətində əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldilməsinin dayandığı hamıya məlumdur: "Bu məsələyə hesabat ilində də xüsusi önəm verilmişdir. Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönümlü xərclərin payına düşüb ki, bu da 2017-ci illə müqayisədə 7,6 faiz çoxdur. Əmək pensiyalarının artırılması 1,2 milyon pensiyaçını və ya onların 94 faizini əhatə edib. Pensiyaların orta aylıq məbləği ötən illə müqayisədə 6,2 faiz, yaşa görə pensiyanın orta aylıq məbləği isə 6,7 faiz artıb".
Novruz Məmmədov bildirib ki, özünüməşğulluq proqramının əhatə dairəsinin il ərzində 6,5 dəfə genişləndirilməsi 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyətinin yüksəldilməsinə imkan verib: "Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsinə başlanılıb və ilin sonuna 34 milyon manat vəsait ödənilib. Əlillərə və şəhid ailələrinə 626 mənzil verilib, 265 nəfər imtiyazlı şəxs pulsuz minik avtomobili ilə təmin olunub".
Novruz Məmmədov deyib ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal yaşayış kompleksində 29 yaşayış binasının, 1 məktəbin, 1 uşaq bağçasının tikintisi yekunlaşdırılaraq sosial mənzillərin satışına başlanılıb: "Bundan əlavə, respublikanın regionlarında 1530 yerlik 18 uşaq bağçasının və körpələr evinin, Abşeron rayonunun Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunlar üçün yaşayış kompleksinin inşası tamamlanıb. Əvvəlki illərdə olduğu kimi, əhalinin həssas təbəqəsi olan məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilib, bu məqsədlərə ayrılmış maliyyə vəsaiti hesabına salınmış və bütün lazımi infrastruktur yaradılmış qəsəbələrdə 5900 ailə yeni mənzillərlə təmin edilib".
Baş nazir əlavə edib ki, dövlət başçısının tapşırığı ilə bölgələrdə 8720 yerlik modul tipli məktəblər istifadə verilib: "Peşə təhsil müəssiələrinin bazasında 24 təhsil mərkəzi yaradılaraq, səmərəli fəaliyyəti təşkil olunub". Səhiyyənin inkişafından danışan Baş nazir bildirib ki, əsas diqqət müayinə və müalicə üsullarının geniş tətbiqinə yönəldilib: "İl ərzində Quba və Naftalanda rayon xəstəxanaları istifadəyə verilib, 47 tibb müəssiəsində təmir bərpa işləri aparılıb". Novruz Məmmədov deyib ki, 2018-ci il gənclərimiz və idmançılarımız üçün də uğurlu il olub: "2018-ci il sanballı qələbələrlə yadda qalıb. Ötən il Azərbaycanda 58 beynəlxlq yarış keçirilib, idmançılarımız 236 beynəlxalq yarışda iştirak edib. İdmançılarımız dünyada keçirilən beynəlxalq turnirlərdə 753 medal qazanıblar".
Hərbi sənayenin artırılmasından danışan Baş nazir ordu quruculuğunun təkmilləşdirilməsi, silah sursatla təmin edilməsi istiqamətində məqsədyönlü siyasətin aparıldığını qeyd edib: "Raket sistemləri, hava hücümündən müdafiə vasitələri, pilotsuz uçan aparatlar və digərləri ilə təchizat, əsas iki möhtəşəm hərbi paradda bu silahların nümayiş etdirilməsi buna əyani sübutdur. Naxçıvanda uğurlu hərbi əməliyyat nəticəsində 1993-cü ildən düşmən nəzarətində olan Günnüt məntəqəsi işğaldan azad edilib. Müdafiə sənayesi müəssisələri tərəfindən 1200 adda məhsul istehsal edilərək sifarişçilərə təhvil verilib".
Qeyd edək ki, Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı qənaətbəxş sayılıb.
Baş nazir Novruz Məmmədov millət vəkillərinin təkliflərinin nəzərə alınacağını bildirib: "Deputatların maraqlı təklifləri, tövsiyələri oldu. Onu da deyim ki, bir çox məsələlərlə bağlı prezidentin tapşırığı ilə bağlı işlər görülür. Məsələn, problemli kreditlərlə bağlı prezidentin sərəncamı oldu. Mən söz vermirəm ki, bütün qaldırılan məsələlər həll olunacaq. Ancaq məsələlərin həll olunmasına çalışacağıq".
Deputatları Novruz bayramı münasibətilə təbrik edən baş nazir qeyd edib ki, parlamentin Azərbaycanın inkişafında xüsusi rolu var"..

Əli