“Müharibə istəyirlərsə, onu mütləq alacaqlar” Siyasət

“Müharibə istəyirlərsə, onu mütləq alacaqlar”

"Ermənistanın Baş naziri Nikol Paşinyan daxili, regional və beynəlxalq siyasəti bilməyən adamdır. Onun atdığı addımların hamısı bir-birinin əleyhinədir”.
Bunu APA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu addımları ilə təhrik edir ki, yenidən müharibə başlasın: “Dağlıq Qarabağ Azərbaycanın əzəli, əbədi ərazisidir və əvvəl-axır da Azərbaycanın olacaq. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ - Ermənistandır, vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi Ermənistanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmamasının növbəti açıq ifşasıdır. Paşinyanın bu açıqlaması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələrə, ATƏT-in, Avropa Şurasının, NATO-nun qərarlarına ziddir. Çünki beynəlxalq hüquqda ərazi bütövlüyü birinci prinsipial məsələdir. Paşinyan naşı siyasət aparmaqla beynəlxalq hüquq normalarını pozur, xalqlar arasında gələcəkdə yarana biləcək münasibətə xələl gətirir”.
Siyavuş Novruzov qeyd edib ki, Nikol Paşinyan Ermənistanda özünün daxili reklamı ilə məşğul olmağa çalışır: “Amma hər verilən bəyanata dünya baxır və qiymətləndirir. Təkcə onun elə bu danışığına görə, Azərbaycana tam şəkildə hüquq verilir ki, istənilən vaxt beynəlxalq hüquqa əsasən öz ərazi bütövlüyünü təmin etsin”.
Milli Məclisin deputatı, YAP üzvü Hikmət Babaoğlu isə APA-ya deyib ki, Ermənistandakı daxili siyasi prosesləri və 16 aylıq xarici siyasəti təhlil edərək bu qənaətə gəlmək olar ki, Ermənistan özünü tamamilə təcrid vəziyyətinə salıb, beynəlxalq hüququ görməzdən gəlib, işğalçı dövlət olmasını rəsmən etiraf edib: "Belə məlum olur ki, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə aparılan danışıqları əslində imitasiya məqsədi ilə həyata keçirib. Çünki Ermənistanın Baş naziri Xankəndinə qeyri-qanuni səfəri zamanı Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanıdığını bildirərək əslində işğalçılıq siyasətinin baş naziri olduğu ölkənin rəsmi siyasəti olduğunu etiraf edib. Bütün bunlar azmış kimi, Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Müdafiə naziri “Azərbaycana bir qarış da torpaq qaytarmamaq”, “yeni ərazilər üçün yeni müharibə” kimi məsuliyyətsiz və təxribatçı açıqlamalarla çıxış edib. Bu, müharibəyə təhrikdir və belə məsuliyyətsiz və provokativ bəyanat verənlər bilsinlər ki, əgər onlar müharibə istəyirlərsə, onu mütləq alacaqlar! Hələlik isə bütün dünya ictimaiyyəti, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin radikal bəyanatlarını görməli, onu qiymətləndirməli və adekvat cavab verməlidir. Dünyada işğalçı ölkəni işğalçılıq siyasətindən çəkindirmək üçün ən müxtəlif cəza tədbirləri var və bu tədbirlər iqtisadi sanksiyalardan başlamış siyasi təcridə qədər ən müxtəlif vasitələrlə həyata keçirilir".
Deputat təəssüf hissi ilə bildirib ki, Ermənistan işğalçı dövlət olduğu və bunu etiraf etdiyi halda ATƏT-in Minsk qrupu Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləmir, onu bu yoldan çəkindirmək, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələr əsasında həllinə məcbur etmir: “Ona görə də hazırkı vəziyyətdə danışıqların sülh yolu ilə aparılması imkanları get-gedə məhdudlaşır və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün sülhə məcburetmə vasitələrinə əl atmaqdan başqa çarəsi qalmır. Belə olan halda ya BMT Təhlükəsizlik Şurasının mandatı ilə sülhə nail olmaq missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu real addımlar ataraq işğal faktına son qoymalı və regionda sülh yaratmalı, ya da Azərbaycan beynəlxalq hüquqla ona tanınmış müstəsna səlahiyyətləri ilə öz ərazi bütövlüyünü bərpa etməlidir. Regiona və ən əsası isə Ermənistanda hamı bilir ki, Azərbaycan bunu etməyə qadirdir və bir gün mütləq edəcək”..
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın Baş nazirinin iddialarını belə cavablandırıb: “Nikol Paşinyanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmaq cəhdi onun hüquqi savadsızlığının və ya yalana əl atmasının sübutudur. Ermənistanın Baş naziri əgər xalqını barmağına dolamaq istəyirsə, bu onun öz işidir. Lakin o, dünya birliyini aldatmağa müvəffəq olmayacaq, xüsusilə də məsələnin hüquqi tərəfinə gəldikdə.
Belə ki, ilk olaraq, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilmişdir, üstəgəl müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar olaraq, SSRİ Ali Soveti öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etdi. Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdləri SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və buna görə də heç bir hüquqi nəticə doğurmadı.
İkincisi, Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" SSRİ Qanununun məqsədi, müttəfiq respublikaların SSRİ-dən ayrılması halında, SSRİ daxilindəki qarşılıqlı münasibətləri müəyyən bir prosedura yaratmaqla tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın SSRİ-dən çıxması yalnız mürəkkəb çoxmərhələli proseduradan keçdikdən və nəticədə SSRİ Xalq Deputatları Qurultayı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra tamamlanmış hesab edilə bilərdi. Lakin qeyd olunan Qanun heç vaxt tətbiq edilmədi və heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan bu Qanunda nəzərdə tutulmuş ayrılma qaydasından istifadə etmədi.
Üçüncüsü, SSRİ dağıldıqdan sonra Azərbaycan BMT-yə, eləcə də digər beynəlxalq təşkilatlara SSRİ dövründəki öz inzibati sərhədləri çərçivəsində daxil olub və həmin hüdudlar bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın beynəlxalq sərhədləri qismində tanınır. Ermənistanın iddia etdiklərindən fərqli olaraq, Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsiplərinə dair 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini imzalayan dövlətlər, o cümlədən Ermənistan, öz üzərlərinə bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyini götürüblər.
Seçicilərinə qızıl dağlar vəd edən Ermənistan Baş nazirinin iddiaları, mövcud vəziyyətdən konkret çıxış yollarının göstərilməməsi səbəbindən daha çox iflasa uğrayır. Çünki, bu vəziyyətin düzəldilməsi qonşu Azərbaycanla münasibətlər normallaşdırılmadan mümkün deyil. Burada, həmçinin iqtisadiyyat, demoqrafiya, hərbi və digər faktorları nəzərə almaq lazımdır.
Bununla yanaşı, qeyd etmək istərdik ki, Ermənistanın bu və ya digər rəhbərinin mövqeyindən asılı olmayaraq, Azərbaycan özünün beynəlxalq tanınmış və əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa edəcək, çünki ədalət və hüquq Azərbaycan tərəfindədir. Bu vaxt gəlib çatacaq və bölgədə vəziyyətin inkişafını nəzərə alaraq bu vaxt hər an yetişə bilər", -XİN rəsmisi vurğulayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev isə deyib ki, Ermənistan tərəfinin hüquqi nöqteyi-nəzərdən bu cür yanlış və əsasız fikirlər səsləndirməsi ilk dəfə deyil.
Onun sözlərinə görə, SSRİ Konstitusiyasına əsasən yalnız 15 sovet respublikasının Sovet İttifaqından ayrılmaq hüququ var idi:
"Dağlıq Qarbağ isə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtar region olub. Muxtar bölgələrin isə sovet konstitusiyasında ayrılmaq hüququ yox idi. Yerevanın dəfələrlə irəli sürdüyü iddiaya əsasən, Dağlıq Qarabağın Azərbaycandan ayrılması “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanununa əsasən mümkün olub və istənilən Sovet respublikası tərəfindən ayrılma prosedurunun başladılması zamanı muxtar quruluş da Sovet İttifaqında qalmaq və ya çıxmaqla bağlı müstəqil qərar qəbul etmək hüququna malik olur. Lakin Azərbaycan, o cümlədən Ermənistan və digər Sovet respublikaları Sovet İttifaqını onun süqutu ilə bağlı 8 dekabr 1991-ci il tarixli Belovej razılığı əsasında tərk edib. Bununla əlaqədar olaraq yuxarıda adıçəkildən 2 aprel 1990-cı il tarixli Sovet İttifaqı Qanununa istinad edilə biməz. Belə ki, Azərbaycan, eynilə Ermənistan SSRİ-dən çıxarkən bu qanundan istifadə etməyib. O da vurğulanmalıdır ki, Ermənistan hələ Sovet dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini hüquqi yolla ilhaq etmək üçün çoxsaylı cəhdlər edib və ən son olaraq 1 dekabr 1989-cu ildə edilən cəhd Sovet Konstitusiyası və qanunlarının bəzi maddələrinin pozulması əsas gətirilərək mərkəzi Sovet hökuməti tərəfindən ləğv edilib".
Mərkəzin sədri qeyd edib ki, Azərbaycan hökumətinin razılığı və regionun azərbaycanlı əhalisinin iştirakı olmadan 1991-ci ilin 10 dekabrında keçirilən qondarma “referendum” da qanunsuz həyata keçirilib:
"Azərbaycan və Ermənistan müstəqil olduqdan sonra 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunublar. Onların sərhədləri Azərbaycan və Ermənistan Sovet respublikalarının sərhədlərini bir daha təsdiqləyən “uti possitedis” prinsipi əsasında tanınıb və orada Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərilib. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar bu statusu bir daha təsdiqləyiblər. Erməni milliyətçilərinin Azərbaycanın Dağlıq Qarabağ regionuna qarşı irredentist işğalçı iddialarını öz müəddəratını təyinetmə bəhanəsi altında gizlətmək cəhdləri həm hüquqi, həm də tarixi nöqteyi-nəzərdən etibarsızdır.
Ermənistanın hazırkı rəhbərliyi yaxşı anlamalıdır ki, onlar bir tərəfdən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin “müstəqil statusunu” təbliğ edən, digər tərəfdən isə “Dağlıq Qarabağ Ermənistanındır” iddialarını əks etdirən məsuliyyətsiz bəyanatlarla regionu, o cümlədən öz xalqını daha böyük faciələrə aparır".