“İsa Qəmbər yavaş-yavaş siyasi səhnədən silinir” Siyasət

“İsa Qəmbər yavaş-yavaş siyasi səhnədən silinir”

Qabil Hüseynli: "Artıq o, öz şəxsi işləri ilə məşğul olur"

Fəzail Ağamalı: "AXCP ilə Müsavat Partiyası arasında münasibətlər artıq fərdlər arasında düşmənçilik səviyyəsinə çatıb"

Müsavat başqanı Arif Hacılının və sabiq başqan İsa Qəmbərin Milli Şuranın mitinqinə qatılması ilə bağlı müzakirələr davam edir. Əsas müzakirə mövzusu isə mitinqdə onlara göstərilən saymazyana münasibətdir. Bu məsələ sabiq müsavat funkisonerlərinin də qınağına tuş gəlib.
Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli deyib ki, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin və yeni başqan Arif Hacılının Milli Şuranın oktyabrın keçirdiyi mitinq zamanı tribunaya dəvət edilməməsi AXCP ilə Müsavat Partiyası arasında mövcud olan intriqanın nəticəsidir. Qabil Hüseynli qeyd edib ki, Müsavat Partiyası Milli Şuradan onu pis vəziyyətdə qoyaraq çıxdı: "İndi isə mitinq məsələsi müzakirə edilərkən Müsavat Partiyası nə müzakirələrdə iştirak etdi, nə də öz nümayəndəsin göndərdi. Mitinqin bir qaydası var. Mitinqdə iştirak etmək istəyən partiya müzakirələrdə iştirak edir. Müsavat Partiyası yalnız bir gün qalmış mitinqdə öz üzvlərinin iştirakına icazə verdi və müzakirələrdə iştirak etmədi". Politoloq hesab edir ki, Milli Şura İsa Qəmbəri və Arif Hacılını mitinq zamanı tribunaya çağırmamaqda düzgün etdi: "Çünki onlar tərəfdarlarını, partiya üzvlərini mitinqə gətirə bilməmişdilər. Yalnız İsa Qəmbər və Arif Hacılı hərəsi bir şəkil götürüb mitinqə gəlmişdilər, yəni mitinqin kütləviliyinə heç bir qatqıları yox idi. Bu səbəbdən də siravi bir mitinqçi kimi bir kənarda qaldılar".
Onun sözlərinə görə, bunu bunu başqa cür də qiymətləndirmək olar: "Çünki İsa Qəmbər yavaş-yavaş siyasi səhnədən silinir. Artıq İsa Qəmbər öz şəxsi işləri ilə, memuar yazmaqla məşğul olur, arada bir partiyaya gəlir, tapşırıqlar verib gedir".
"Ana Vətən" Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib ki, Milli Şura, onun çətiri altında özünü qorumağa çalışan AXCP və bu qurumu dəstəkləyən ayrı-ayrı qrupların təşkil etdiyi mitinqdə iştirak edənlərin sayı min nəfərdən çox olmadı: "Respublika səviyyəsində min nəfərdən çox insanı ətrafına yığa bilməyən Milli Şura və ya AXCP hansı iddialarla çıxış edə bilər? Əlbəttə, heç bir iddia. Şübhəsiz ki, onların arxasında söykənəcəyi sosial baza mövcud deyil. Milli Şuranın ötən prezident seçkilərindəki fəaliyyətində də bu məqam özünü göstərmişdi. Milli Şuranı müdafiə edən partiyalar və vətəndaş cəmiyyəti qurumları Azərbaycanda ciddi sosial bazaya malik deyillər, ictimai rəydə həlledici mövqe tutmurlar. Onların ortalığa qoymuş olduğu şüar da həqiqəti əks etdirmir. Azərbaycanda siyasi məhbus yoxdur. Ümumiyyətlə, "siyasi məhbus" məsələsi bir sıra siyasi partiyaların və qeyri hökumət təşkilatlarının azuqə vasitəsinə çevrilib. Onlar bundan istifadə edərək Azərbaycanı siyasi məhbus siyahıları ilə təhdid edən, bu iddialarla ölkəmizə təzyiq edən xarici qüvvələrə xidmət etməyə hazır olduqlarını ortaya qoyurlar. Azərbaycanda heç bir siyasi partiya, qeyri hökumət təşkilatı və vətəndaş baxışlar sisteminə və üzvü olduğu siyasi partiyaya görə qətiyyən təqib olunmur. Bu gün Azərbaycanda ən radikal siyasi xətt götürən partiya sədrləri də var. Onların liderləri Azərbaycan qanunlarını pozmurlarsa, öz fəaliyyətlərində cinayətlərə yol vermirlərsə, bu şəxslər söylədiyi fikirlərə və baxışlarına görə, təqib edilmir, həbs olunmurlar. O adamlar həbs edilir və istintaqa cəlb edilir ki, qanunları pozur. Dünyanın bütün dövlətlərində qanunu pozan kimliyindən asılı olmayaraq məhkəmə qarşısında cavab verməlidir. Cinayət edən qanun qarşısına çıxarılmalıdır. Bu hüququ və demokratik dövlətlərin vacib atributudur. Ona görə də, bu insanlar siyasi məhbus anlayışını zaman-zaman ortaya gətirməklə əslində bundan alver vasitəsi kimi istifadə edib xaricdə Azərbaycanı sevməyən qüvvələrin diqqətini özünə cəlb etmək və Leyla Yunus kimi varlanmaq niyyətini güdürlər". Onun fikrincə, indiyə qədər Milli Şurada oturanlar da, xaricdən onları müdafiə edənlər də, məhz xaricdəki anti Azərbaycan qüvvələrinin hesabına təmtəraq sahibidirlər: "Bunu da Azərbaycan xalqı bildiyi üçün onları müdafiə etmir. Ona görə də, bu qüvvələrə ümid edən şəxslər dünənki mitinqdən sonra papağını qarşısına qoyub düşünməlidir ki, bundan sonra siyasətlə məşğul olmağa onun haqqı çatırmı? Azərbaycan xalqı onu dəstəkləmirsə, özünə hörmət edən şəxs bacardığı və öhdəsindən gələ biləcəyi işin qulpundan tutmalıdır".
Mitinqdə İsa Qəmbərlə Arif Hacılya qarşı olan münasibətə gəlincə isə millət vəkili "bu bir daha göstərir ki, Milli Şura, daha doğrusu, AXCP ilə Müsavat Partiyası arasında ciddi gərginlik yaşanır, bu münasibətlər artıq fərdlər arasında bir-birini qəbul etməmək mərhələsindən çıxaraq düşmənçilik səviyyəsinə çatıb",- deyə vurğuladı: "Və bu, bütün partiya strukturunu əhatə edib. Müsavatla AXCP-nin bundan sonra bir araya gəlməsini düşünmək artıq sadəlövhlük olardı. Mən bunun mümkünlüyünü artıq düşünmürəm. Əgər siz diqqət edirsinizsə AXCP tutduğu mövqeyinə görə, digər müxalifət partiyaları tərəfindən atılmış və təklənmiş vəziyyətdədir. Nə Milli Şuranın, nə də AXCP-ni digər siyasi qüvvələr hansısa səviyyədə müdafiə etmirlər. Bunun səbəbi məncə, AXCP-nin apardığı siyasətdir. Elə Müsavatın mitinqə qoşulmaq istəyinin qarşısının alınmasının səbəbi də bundadır".
O, həmçinin əlavə edib ki, Müsavat Partiyasında sadəcə olaraq rəhbər dəyişikliyi baş verib: "Təbii ki, İsa Qəmbər özünün fəaliyyəti və keyfiyyətləri ilə Müsavat Partiyası daxilində fərqli statuslara malik idi. Müsavat Partiyası getdikcə özünün mövqelərini itirməyə başladı. Tam məsuliyyətlə demək olar ki, Müsavat Partiyasının mövqeyi 10-15 il əvvəlki səviyyədə deyil. Əksinə, bu mövqe getdikcə tükənmək üzrə davam edir. Baxın, vaxtilə Müsavat Partiyasının güclənməsi üçün öz töhfəsini verən insanlar haradadır. Rasim Musabəyov, Musa Qasımlı, Qabil Hüseynli, Sülhəddin Əkbər, İbrahim İbrahimli və digərləri artıq bu partiyadan kənardadırlar. Onlar Müsavatın güclənməsi və cəmiyyətdə rolunun artmasında vaxtilə əmək verib, xidmət göstəriblər. Bu şəxslərin partiyadan getməsi ilə əslində Müsavat adı çəkilən şəxsləri dəstəkləyən sosial dayaqlardan mərhum oldu. Ona görə də, bu gün Müsavat Partiyası ölkədə zəif müxalifət partiyalarından biridir. Arif Hacılının bu durumu aradan qaldıra biləcəyinə nikbin yanaşmıram. Çünki Arif Hacılı ilə İsa Qəmbərin siyasətçi olaraq xarakterlərində və bacarıqlarında ciddi fərqlər var. Əgər İsa Qəmbər bunu bacarmadısa, düşünmürəm ki, Arif Hacılı bunu bacara bilsin və Müsavat Partiyasını gücləndirsin".

Əli