Paris görüşündən gözləntilər... Siyasət

Paris görüşündən gözləntilər...

Fazil Mustafa: "İlk növbədə həmsədr ölkələrin mövqeyində dəyişiklik olmalıdır"

Asim Mollazadə: "Ermənistan bu proseslərdə ancaq danışıqların imitasiyasını həyata keçirir"

ATƏT-in Minsk qrupu həmsədrləri regiona son səfərlərinin nəticəsi barədə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun Rusiyadan və Fransadan olan həmsədrləri İqor Popov və Pyer Andrie ATƏT-in monitorinqində iştirak etmək və ölkələrin liderləri ilə görüşmək üçün regiona baş çəkiblər: "ATƏT sədrinin şəxsi nümayəndəsi Anjiy Kasprşik həmsədrləri müşayiət edib. Amerikalı həmsədri Ceyms Uorlik şəxsi səbəblərdən səfərə qatılmayıb. Səfər zamanı amerika tərəfini həmsədrin köməkçisi Devid Salvon təmsil edib." Həmsədrlər bildiriblər ki, Bakıda Prezident İlham Əliyev, İrəvanda Prezident Serj Sarkisyanla və digər rəsmi şəxslərlə görüş oldu. Bakıda və İrəvanda oktyabrın sonunda Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə keçirilməsi nəzərdə tutulan Ermənistan və Azərbaycan prezidentlərinin görüşü müzakirə edilib: "Biz dövlət başçılarının görüşünü gözləyirik və buna böyük ümidlə baxırıq."
Xatırladaq ki, dövlət başçılarının görüşü Fransa paytaxtında oktyabrın 27-də baş tutacaq.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, prezidentlərin Paris görüşündən real nəsə gözləmək üçün ilk növbədə həmsədr ölkələrin mövqeyində dəyişiklik olmalıdır. Millət vəkili vurğulayıb ki, oktyabrın 27–də Parisdə keçiriləcək İlham Əliyev-Sarkisyan görüşü haqda həmsədrlərin səsləndirdiyi fikirlər ümidverici deyil: "Bunun üçün real zəmin yoxdur. 3 həmsədr ölkədən az-çox Rusiyanın mövqeyində dəyişiklik görünür. Digərləri isə Ermənistanın maraqlarını müdafiə edərək, vaxt qazanmağa çalışırlar".
Fazil Mustafa "şimal qonşumuzun" Azərbaycana münasibətdə və nisbətən Dağlıq Qarabağ məsələsində "yumşaldığını" sezmək mümkün olduğunu deyir: "Rusiya son vaxtlar ölkəmizlə münasibətləri yaxşılaşdırmağa meyillidir. Bu ikitərəfli münasibətlərdə də özünü göstərir. Hətta Ermənistanın Gömrük İttifaqına Qarabağsız qoşulmasına etiraz etmədi".
Millət vəkili Elman Məmmədov hesab edir ki, bu görüşlər haqqında fikir bildirərkən bir şeyə diqqət yönəltmək lazımdır: "Ermənistan adlanan respublikaya bu gün rəhbərlik edən prezident kimdir və onun hakimiyyətə gəlmə səbəbləri, şəxsiyyəti, həyat yolu və onun ətrafında olan komanda nədir? Nə qədər Serj Sarkisyan və onun komandası hakimiyyətdədir, onlarla aparılan danışıqlardan konstruktiv, müsbət bir nəticə gözləmək çox çətindir. Çünki həm Serj Sarkisyanın, həm ondan əvvəlki prezident Robert Köçəryanın səmimi və qürurla fəxr etdikləri kimi onlar bütün Qarabağ müharibəsi boyu komandir olublar və hərbçi kimi dinc azərbaycanlı əhalinin qəltə yetirilməsində, Xocalı soyqırımının törədilməsində iştirak ediblər. İlk növbədə Sarkisyanın şəxsiyyətinə, fəaliyyətinə görə bu danışıqlardan müsbət nəticə gözləmək olmaz. İkinci bir tərəfdən, Ermənistan müstəqil dövlət deyil, Ermənistan Cənubi Qafqazda Rusiyanın bir quberniyası, for-postudur və Ermənistanın bütün siyasəti də, iqtisadiyyatı da, həyatı da Rusiyadan asılıdır. Və bu görüşdə Moskva ona nə proqram, hansı mövqeni sərgiləmək tapşırığını versə, o, həmin mövqedən çıxış edəcək. Buna bir az ümid etmək olar, amma nə mənada. Son dövrlər Azərbaycanla Rusiya arasında mövqelərin müəyyən mənada yaxınlaşması, münasibətlərin daha da müsbət mənada irəliləməsi, istiləşməsini nəzərə alsaq, ola bilər ki, nəsə müsbət addım atılsın. Biz də onu arzu edirik. Bunlar sağlam düşüncə ilə hərəkət etsələr, təbii ki, Ermənistan dövlətini iqtisadi fəlakətdən, uçurumdan qurtarmaq üçün irəliyə addım atılar".
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin qənaətinə görə ABŞ və AB dəfələrlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı olduqlarını ifadə ediblər: "AŞ PA-nın və AP-nin münaqişə ilə bağlı müvafiq qətnaməsi var. Bir sıra Avropa ölkələrinin parlamentləri Azərbaycanın işğal olunmuş əraziləri, etnik təmizləmə və yüzminlərlə qaçqın soydaşımızla bağlı qətnamə qəbul edib. Minsk Qrupunun həmsədri kimi daha çox ABŞ münaqişənin həllinə səy göstərib. Bir amil hər zaman nəzərə alınmalıdır ki, Ermənistan bu proseslərdə ancaq danışıqların imitasiyasını həyata keçirir. Dağlıq Qarabağ münaqişəsinin həlli fonundakı siyasəti və roluna görə Ermənistan müstəqilliyini itirmiş və hərbi pafosa çevrilmiş bir ölkədir. Müstəqil qərarlar vermək imkanına malik olmayan bir ölkənin bu məsələdəki rolu daha çox İrəvanın havadarından asılıdır. Rusiya problemin həllində önəmli addım atmaq istəyərsə, çox asanlıqla Ermənistanı sülhə məcbur edə bilər. Lakin bu baş verməyəcək. Çünki artıq məsələnin həllində çıxış yolu kimi Rusiyadan hər hansı bir addım gözləməkdən keçib. Buna görə də problemlə bağlı yaxın 10 ildə nəsə ciddi bir irəliləyiş gözləmirəm".

Əli