“ABŞ-ın Ukrayna siyasəti prioritet deyil” Gündəm

“ABŞ-ın Ukrayna siyasəti prioritet deyil”

“Rusiya–Ukrayna müharibəsi fonunda dünya ictimaiyyətində uzun müddət Amerika Birləşmiş Ştatlarının Kiyevə güclü dəstək verəcəyi ilə bağlı böyük ümidlər var idi. Xüsusilə, uzaqmənzilli raketlərin Ukraynaya verilməsi və daha dağıdıcı silah-sursat təminatı ilə bağlı gözləntilər mövcud olub. Lakin indiki reallıq göstərir ki, Vaşinqton hələ də bu istiqamətdə ciddi addımlar atmır”.

Bunu Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Xalqcəbhəsi.az”a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinə daha çox biznes maraqları prizmasından yanaşır. Trampın bəyanatları göstərir ki, ABŞ bu müharibəni artıq öz savaşı kimi görmür və Ukraynaya yeni silah paketləri təqdim etmək niyyətində deyil: “Tramp Avropanın Ukraynaya verdiyi silahlarla bağlı mövqeyində də qeyri-müəyyənlik nümayiş etdirir: “Avropa Ukraynaya əlavə silah göndərmək istəyərsə, ABŞ bunu təmin edə bilər, lakin bu yardımların qarşılığı ödənilməlidir. Yəni Avropa bu silahların əvəzində Birləşmiş Ştatlara pul ödəməlidir. Bu yanaşma Vaşinqtonun münaqişəyə əvvəlki kimi strateji prioritet kimi baxmadığını göstərir: “Tramp administrasiyası Rusiyanı ABŞ üçün real təhlükə kimi görmür. Bunun fonunda isə Avropanın mövqeyi tam fərqlidir, çünki onlar Rusiyanı birbaşa təhlükə hesab edirlər.”

M.Rəhimli əlavə edib ki, Trampın avqustda Alyaskada Putinlə görüşü və Budapeştdə ikinci görüşün mümkünlüyü barədə yayılan məlumatlar ABŞ-ın Ukrayna məsələsində diplomatik həllə üstünlük vermək niyyətini gücləndirir: “Belə bir şəraitdə Trampın Ukraynaya ‘Tomahavk’ raketləri verəcəyi real görünmür. O, Rusiyanı qıcıqlandırmaq istəmir. ABŞ bu müharibəni daha çox öz iqtisadi və siyasi maraqlarının təmin olunması üçün vasitə kimi görür: “Bütün ümidlərə rəğmən, Birləşmiş Ştatların Ukraynaya gözlənilən silahları verəcəyi inandırıcı deyil”.

Günel Elxan