“Tomahavk” qərarı – sülh mesajı? Gündəm

“Tomahavk” qərarı – sülh mesajı?

“Məlum olduğu kimi, hələ 2 ay əvvəl – sentyabr ayında ABŞ-ın vitse-prezidenti Castin D. Vens bəyan etmişdi ki, Vaşinqton “Tomahavk” tipli uzaqmənzilli raketlərin NATO ölkələrinə verilməsi və onların sonradan Ukraynaya ötürülməsi imkanını dəyərləndirir. Yekun qərarın isə ABŞ Prezidenti Donald Tramp tərəfindən veriləcəyi qeyd olunmuşdu. Rusiya buna sərt reaksiya vermiş, belə bir addımın Rusiya–ABŞ münasibətlərini məhv edə biləcəyi və daha böyük müharibə riskini artıracağını bəyan etmişdi. Moskva hətta Tomahavkların Ukraynaya verilməsini ABŞ və Britaniyanın Rusiyaya müharibə elan etməsi kimi qiymətləndirə biləcəyini açıqlamışdı”.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva “Xalqcəbhəsi.az”a açıqlaması zamanı söyləyib.

Deputat qeyd edib ki, Tramp administrasiyasının bu raketləri Ukraynaya verməkdən imtina etməsi Vaşinqtonun müharibənin daha aktiv fazaya keçməsində maraqlı olmadığını göstərir: “ABŞ açıq şəkildə bildirir ki, bəzən döyüşün bitməsinə icazə vermək lazımdır və bu yanaşma hazırkı mərhələdə danışıqların təşviqinə yönəlib. Tomahavkların Ukraynaya verilməsi Rusiyanın strateji hərbi-sənaye obyektlərinə ciddi zərbələr endirmək gücünə malik idi: “Belə bir addımın atılması Rusiyanın bunu artıq Ukrayna ordusunun deyil, ABŞ və Britaniya hərbçilərinin birbaşa hücumu kimi qiymətləndirməsinə səbəb olardı. Bu isə beynəlxalq hüquq baxımından daha genişmiqyaslı müharibə üçün real zəmin yaradırdı.”

Könül Nurullayeva bildirib ki, Vaşinqtonun bu qərarı həm də Rusiyanı danışıqlara sövq etmək üçün təzyiq elementidir: “Ağ Ev görünən odur ki, tərəfləri mümkün qədər tez atəşkəs və danışıqlar masasına gətirməyə çalışır. Tomahavk məsələsi də Kremlin müzakirələrə geri dönməsi üçün siyasi-psixoloji təsir aləti kimi qiymətləndirilə bilər. Proseslərin inkişafı yaxın zamanda ABŞ-ın bu siyasi manevrinin nə dərəcədə səmərəli olacağını göstərəcək”.

Günel Elxan