Parlamentdə iqtisdat-müxalifət görüşü müzakirə olunub Siyasət

Parlamentdə iqtisdat-müxalifət görüşü müzakirə olunub

Siyavuş Novruzov: "Təəssüflər olsun ki, həm legitimlikləri olmayan, həm də ayrı-ayrı xarici qüvvələrin maraqlarını həyata keçirən bəzi partiyaların mətbuat orqanları bu görüşlərin üzərinə kölgə salmaq istəyirlər"

Fazil Mustafa: "Görüş çox səmərəli oldu və burada iştirak etməyənlər böyük siyasi səhvə yol verdilər"

Ötən gün Milli Məclisinin növbəti plenar iclası keşirilib. İclası açıq elan edən spiker Oqtay Əsədov gündəliyi elan edib və cari məsələlərə yer verib. Qeyd edək ki, parlamentin dünənki iclasının gündəliyinə 18 məsələ daxil edilmişdi.
Cari məsələlər barədə çıxışlar zamanı srağagün keçirilən iqtidar-müxalifət görüşü də gündəmə gətirilib. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, bu görüşdə geniş fikir mübadiləsi aparıldı, ümummilli məsələlər müzakirə edildi və bu da ictimaiyyət tərəfindən müsbət qarşılandı.
S.Novruzov qeyd edib ki, həmçinin bu görüşlərin daimi və ictimaiyyət üçün açıq olması bir daha Azərbaycan hakimiyyətinin, dövlət başçısının hər bir işi şəffaf idarə etməsinin bariz nümunəsidir.
Onun sözlərinə görə, təəssüflər olsun ki, həm legitimlikləri olmayan, həm də ayrı-ayrı xarici qüvvələrin maraqlarını həyata keçirən bəzi partiyaların mətbuat orqanları bu görüşlərin üzərinə kölgə salmaq istəyirlər: "ATƏT belə görüşlər keçirəndə canfəşanlıq edirdilər, ancaq indi bu görüşün üzərinə kölgə salmağa çalışırlar. Bu da onu göstərir ki, onlar ayrı-ayrı dairələr tərəfindən idarə edilir, ümummilli maraqlara deyil, şəxsi maraqlara xidmət edirlər".
Deputat Zahid Oruc isə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin apardığı islahatları müsbət qiymətləndirib. Bu cür islahatların davamlı olacağına inandığını vurğulayaraq bir neçə təkliflə də çıxış edib: "Hesab edirəm ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Qulluğu Məsələləri Komissiyasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənayə Nazirliyinə birləşdirilməsi əhəmiyyətli olardı. Bu o demək deyil ki, həmin qurumlar birləşdirilərsə, işçilər ixtisara salınacaq, ştatlar ləğv olunacaq. Onlar öz ixtisaslarına görə işlə təmin olacaqlar".
Spiker Oqtay Əsədov isə deputata atmaca ilə avab verib. "Siz həm deyirsiniz ki, bu işlər prezident tərəfindən həyata keçirilir, həm də özünüz həmin işləri burada müəyyənləşdirirsiniz..."
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev də çıxışında iqtidar-müxalifət dialoqunu yüksək qiymətləndirib: "Mən bu görüşü yüksək qiymətləndirirəm. Görüşün məqsədi ümummilli məsələlərdə iştirakı vacib olan şəxlsərin, qurumların fəaliyyətini tənzimləməkdən ibarətdir. Hakimiyyət tərəfindən atılan bu addım siyasi islahat xarakterlidir və təqdir olunan addımdır".
O qeyd edib ki, bu danışıqlarda bütün siyasi spektor demək olar ki, təmsil olunmuşdu: "Danışıqları qeyri-ciddi hesab edən, qara yaxmağa çalışan partiyalar ümumiyyətlə, bu məsələlərə münasibət bildirməyə haqları yoxdur. Milli məsələlərin ətrafında müzakirə aparanlar bu məsuliyyəti dərk edirlər və ölkəmizin problemlərini müzakirə etməkdə maraqlıdırlar. Çox konstruktiv bir söhbət oldu və qeyd edim ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov məsələlərə olduqca tolerant və işgüzar münasibət göstərdi. Biz mövcud problemləri qabartdıq, müzakirələr apardıq və prioritet məsələləri müəyyənləşdirdik. Kim ki bu dialoqdan kənarda qaldı, onlar da bu görüşlərə qara yaxmağa çalışırlar. Bu dialoqda iştirak edən partiyalar kifayət qədər samballı partiyalardır və hesab edirəm ki, müzakirələrimiz bundan sonra da uğurlu olacaq".
Deputat Fazil Musatafa da görüşü müsbət dəyərləndirərək qeyd edib ki, görüş çox səmərəli oldu və burada iştirak etməyənlər böyük siyasi səhvə yol verdilər.
Millət vəkili İqbal Ağazadə də bildirib ki, Azərbaycanda siyasi təşkilatların hakimiyyətlə bir masa arxasında müxtəlif məsələləri müzakirə etməsi ancaq dövlətimizin, millətimizin xeyrinədir.
İqbal Ağazadə insan haqları məsələsindən də danışaraq, bildirib ki, hüquq müdafiəçisi İntiqam Əliyev haqqında məhkəmənin seçdiyi həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilməlidir: "Cənab sədr, sizdən də xahişim budur ki, parlament səviyyəsində bu məsələni qaldırasınız".
İqbal Ağazadə Mili Məclisin bundan əvvəlki iclasında Penitensiar Xidmət haqqında tənqidi fikirlər söyləməsinə bir daha toxunub. Onun fikrincə, bu çıxışından sonra bəzi deputatlar və Penitensiar Xidmət səviyyəsində onun mövqeyinə aşağılayıcı formada yanaşılıb: "Penitensiar Xidmətin rəisi Mədət Quliyev mövqeyimi aşağılayan açıqlama verdi. Buradan xəbərdarlıq edirəm, aşağılayıcı fikirlərə son qoyulsun. Əks halda, bu barədə ikinci dəfə çıxış etməli olacağam".
Deputat Vahid Əhmədov isə çıxışında fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilən ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasın;n keçirilməsinə münasibət bildirib.
O söyləyib ki, bəziləri "Cənub Qaz Dəhlizi" layihəsinin realaşmasına problem yaratmaq istəyirlər: "Son zamanlar bu layihəyə problem yaratmaq istəyini müşahidə etmək olar. Rusiya "Cənub axını" layihəsi əsasında öz qazını Avropa bazarına çıxarmaq istəyir. Türkiyənin enerji naziri də ayda iki dəfə Rusiyada səfərdə olur. Bəzən qazın qiymətinə yenidən baxılacağı haqqında da Rusiya tərəfindən açıqlamalar verilir. Fikrimcə, burada məqsəd odur ki, Azərbaycan qazını mümkün qədər Avropaya gec çıxarsın. Deputatlar xaricdə səfərdə olanda bu haqda da danışmalı və bildirməlidirlər ki, bu, Avropa üçün də əhəmiyyətlidir. Neft hasilatının aşağı düşməsi fonunda qaz layihəsi bizim üçün çox vacibdir".
Millət vəkili Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində törətdiyi vandalizm aktlarından danışıb. O bildirib ki, Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq 100-ə yaxın evi silahlarla hədəfə alıb: "6 nəfərlik bir ailənin - Nəbiyev İsmayıl Əkbər oğlunun evini silahlarla hədəfə alaraq yandırıblar. Atəş ataraq yanğını söndürməyə gələn yanğınsöndürənlərə belə, evi söndürmək imkanı verməyərək, bütün qeyri-insani əməllərə əl atıblar. Bundan başqa kənd sakini Əliyeva Xatirə Tofiq qızı evlərinin silahlarla atəşə tutulması istiqamətində yaralanıb".
Xatirə Əliyevanın evində pəncərədən daxil olan güllə ilə yaralandığını və müalicə aldığını deyən millət vəkili Qənirə Paşayeva ATƏT-in Minsk Qrup həmsədrlərini Ermənistanın bu cür qeyri-insani əməllərinə qarşı etiraz səslərini ucaltmamaqda, bunu pisləyən açıqlamalar verməməkdə ittiham edib. Onun sözlərinə görə, nə həmsədrlər, nə bu ölkələrin buradakı səfirləri, nə insan haqlarından danışan beynəlxalq təşkilatlar və onların Azerbaycandakı ofisləri məsələylə bağlı etiraz bildiriblər.
"Mən beynəlxalq təşkilatları, onların buradakı təmsilçilərini dəvət edirəm, getsinlər Ermənistanın atəşkəsi pozaraq evlərini yandırdığı, dağıtdığı, öz evinin içində güllə ilə yaraladıqları insanlarla görüşsünlər və Ermənistanın mülkü vətəndaşlara qarşı bu vandalizm aktlarına susmasınlar və öz etiraz səslərini ucaltsınlar, buna qarşı tədbirlər görsünlər".
Ön cəbhəmizi qoruyan əsgər və hərbçilərimizin Ermənistanın təxribatlarına, mülkü vətəndaşları hədəf almasına layiqli cavab verdiyini deyən millət vəkili buna baxmayaraq Ermənistanın mülkü vətəndaşlara qarşı vandalizm aktlarından əl çəkmədiyini söyləyərək, bir sıra təkliflərlə çıxış edib. O deyib ki, Ermənistan Silahlı Qüvvələrinin birbaşa hədəfə aldığı ailələrin evlərinin qarşısında istehkam divarlarının tikintisi daha da surıtlənməlidir.
Bu istiqanətdə işlərin getdiyini deyən Qənirə Paşayeva Bərpa agentliyini və müvafiq dövlət qurumlarına müraciətlə bildirib ki, Tovuzda ön cəbhəyə çox yaxın yerləşən ailələr, yaralanmış insanlar xahiş edirlər ki, tikilən qoruyucu bütün evləri əhatə etsin. Millət vəkili eyni zamanda Əlibəyli kimi kəndlərdə sığınacağ tikilməsi və Ermənistanın atəşkəsi qəfil pozması zamanı ən öndə yaşayan insanların təhlükəsizliyi üçün bunu vacibliyini bildirib.
Deputat ön cəbhə kəndlərində yaşayan ailələrin evlərinin təcili sığortası məsələsinin öz həllini tapmasının vacibliyini vurğulayıb.