ADR-ə gedəcək partiya üzvləri... Siyasət

ADR-ə gedəcək partiya üzvləri...

Gülağa Aslanlı: "Onlara qarşı nizamnaməyə uyğun tədbir görüləcək"

Qubad İbadoğlu: "Müqayisə qüsurludur"

Fevralın 21-də Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təsis konfransını keçirib. Konfransda Qubad İbadoğlu hərəkatın sədri seçilib. Yeni yaranan hərəkata qoşulanlar arasında bir çox müxalifət partiyalarının üzvləri də var. Hərəkatın hazırkı və gələcək planları barəsində danışan Vurğun Əyyub bildirib ki, əslində bu ili biz təşkilatlanma ili kimi nəzərdə tuturuq: "İstəyirik ki, respublikada bütün bölgələrdə ADR-in yerli təşkilatlarını yaradaq. Təşkilatın həm də
beynəlxalq əlaqələrini də genişləndirməyi qarşıya məqsəd qoymuşuq. Ölkədəki ictimai təşkilatlarla isə münasibətlərimizi möhkəmləndirməyi düşünürük. Eyni zamanda, təbii ki, ölkədə baş verən ictimai-siyasi və iqtisadi proseslərlə bağlı mövqelərimizi bildirəcəyik". O, həmçinin ADR hərəkatının partiyaya çevrilib çevrilməyəcəyi ilə bağlı yaranan müzakirələrə də münasibət bildirib: "Bu cür söhbətləri mən də eşidirəm. Ancaq ADR ictimai hərəkat olaraq yaradılıb. Yaxın müddətdə bizim belə bir niyyətimiz yoxdur. Biz hərəkatın üzvlərinin iradəsindən kənar qərarlar vermək niyyətində deyilik".
"Azərbaycan Demokratiya və Rifah Hərəkatının seçkisi ilə bağlı mənfi fikir səsləndirənlər qərəzlidirlər. Bəllidir ki, bu xətti yeridənlər hansısa məqsəd güdürlər",-deyən Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu qeyd edib ki, ADR-in təsis konfransında seçki tam şəffaf keçirilib: "Burada Azərbaycanın mövcud qanunvericiliyi əsas götürülüb. Seçki "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna müvafiq şəkildə təşkil olunmuşdu. ADR-in seçkisi ilə bağlı mənfi fikir səsləndirənlərin məqsədləri bəllidir".
Q.İbadoğlu ADR sədrliyinə keçirilən seçkinin Müsavat Partiyasının başqanlığına keçirilən seçki ilə müqayisə edilməsini "qüsurlu" adlandırıb: "İctimai birliklərlə bağlı qanunun tələbləri "Siyasi partiyalar haqqında" qanunun tələblərindən fərqlidir. Həm də burada nəzərə almaq lazımdır ki, Müsavat Partiyasının qurultayında alternativ seçki keçirilmişdi. Burada isə alternativlər namizədliklərini geri götürdülər. Bu baxımdan müqayisə doğru deyil və əsassızdır".
Bəs hərəkatda təmsil olunan partiya mənsubiyyəti olan şəxslərin partiyadakı fəaliyyətləri necə tənzimlənəcək?
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bunun proseslərin gedişindən asılı olduğunu deyib: "Əgər Müsavat Partiyasının nizamnaməsini pozacaq addımlar atacaqlarsa, o halda onlara qarşı nizamnaməyə uyğun tədbir görüləcək".
Ümid Partiyasının sədr müavini Ramin Hacılı partiya üzvlərinin hərəkata qoşulmasının mümkünlüyünü vurğulayıb: "Partiya və ictimai hərəkat fərqli institutlardır. Partiyada təmsil olunan şəxsin ictimai institutlarda, yaxud hərəkatlarda təmsil olunmaq haqqı var. Bu, qanunvericiyə uyğundur. Lakin bir nəfərin yalnız bir partiyaya üzv olmaq imkanı var. Digər partiyaya gedən öz razılığı, yaxud partiyanın qərarı ilə xaric edilməlidir. Bu anlamda bizim partiyanın hər hansı üzvünün ADR hərəkatına qoşulması mümkündür. Biz bunu həmin partiya üzvünün öz hüquqlarından istifadəsi kimi qiymətləndiririk. Buna qarşı hər hansı tədbirin görüləcəyi də gözlənilmir".
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu partiyanın hər hansı üzvünün ADR-dəki iştirakına pis baxılmadığını deyib: "Əslində KXCP-nin ADR-də elə bir üzvü iştirak etmir. KXCP özünün təşkilatlanma işi ilə məşğuldur. Qurultaya hazırlaşır. Yerlərdə rayon şöbələrinin konfransları keçirilir. Orada təmsil olunan yalnız bir rayon şöbəmizin sədri hesab edirsə ki, fəaliyyəti ADP-dədir, biz ona nə qadağa qoyuruq, nə də buna məhdudiyyət var. Eyni zamanda, orda təmsil olunanlar KXCP-nin siyasi həyatında demək olar iştirak etmirlər. Onların hərəkata qoşulmalarına pis baxmırıq. Buyursunlar, iştirak etsinlər".
Qeyd edək ki, Müsavat Partiyası ADR-in toplantısına qısqanclıqla yanaşdığını gizlətmir. "Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Müsavat Partiyasına qarşı yaradılmış qurumdur. Qəbul etdikləri nizamnaməni ilk iclasdaca pozdular",-deyən Müsavat Partiyasının Mərkəzi Nəzarət- Təftiş Komissiyasının sədri Sevinc Hüseynova partiyanın qurultayından narazı olan qrupun yaratdığı ADR Hərəkatına münasibət bildirərəkən deyib. Onun sözlərinə görə, ADR-də sədr seçkisi gizli səsvermə əvəzinə açıq səsvermə ilə keçirilib: "O hərəkatın ki təməli pozuntu ilə qoyulib, onun gələcəyini görmürəm. Müsavatın qurultayında səsverməyə iradları olan, səsvermədə hansısa pozuntuların olduğunu iddia edib ADR-ə yığışanlar indi özləri çox böyük pozuntu ilə səsvermə keçirdilər. Mən o təşkilatı ciddi qurum saymıram. Çünki yarandığı gündən iflasa uğrayıb. 150 nəfərlik hərəkatın nəyə qadir olduğunu təsəvvürümə gətirmirəm". Onun sözlərinə görə, ADR-də təmsil olunan müsavatçılar Müsavat Partiyasının nizamnaməsini pozacaqsa, məsələyə MNTK-da baxılacaq: "Hələ ki hərəkatda iştirak eləmək Müsavatın nizamnamə pozuntusu hesab olunmur. Amma onlar partiyanın daxili nizamnaməsini pozacaqlarsa, cəza alacaqlar. Hərəkatın üzvüdürlər, üzv olsunlar da, görək hara qədər olacaqlar".
Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının gənclər üzrə Təşəbbüs Qrupunun keçmiş sədri Xəyyam Məmməd isə Müsavatda ona hansısa vəzifə vəd olunması haqda yayılan xəbərlərə münasibət bildirib.
Qeyd edək ki, ötən həftə yayılan məlumatda Xəyyam Məmmədin istefa verməmişdən bir neçə saat öncə Müsavat qərargahında başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli ilə görüşdüyü deyilirdi. Məlumata görə, Hacıbəyli ona Müsavat Gənclər Təşkilatının sədri postunu vəd edib. Qarşılığında isə ADR-dən istefa verməsini istəyib. Xəyyam Məmməd bu məlumatları təkzib edib: "Mən artıq həyatımın kifayət qədər yetkin bir mərhələsindəyəm. 27 yaşım var, bunu önəmli bir nüans olaraq xatırlatdım. Mənim ADR hərəkatının gənclər üzrə Təşəbbüs Qrupunun sədri olaraq funksioner statusunda bu təşkilatı tərk etməyimi həzm edə bilməyən, bunu onlara vurulan ciddi və gözlənilməyən zərbə olaraq qəbul edən, ADR hərəkatının avantürist düşüncəli təmsilçiləri olan Qubad İbadoğlu, Səxavət Əlisoy, Hüseyn Məlik və digər şəxslər tərəfindən şəxsiyyətimə atılan əsassız böhtanlara, atdığım addımın qarşılığında mənə Müsavat Partiyasında hər hansı bir postun vəd edilməsi kimi zavallı iddialara cavabım budur-mən 18 fevral 2015-ci il tarixində Müsavat Partiyasının mərkəzi qərargahına gedərək üzvü olduğum Müsavat Partiyasının sıralarından çıxmaq məqsədi ilə rəsmi ərizəmi təşkilat şöbəsinə təqdim etmişəm və həmin gün də öz istəyimlə partiyadan xaric edilmişəm. Bundan 1 gün sonra isə gənclərlə birlikdə ADR hərəkatını tərk etmişəm".
Xəyyam Məmməd Mustafa Hacıbəylini son bir ayda görmədiyini deyib:"İndi bu şəxslər mənim ADR-dən ayrılmağıma səbəb kimi Müsavat Partiyasının üzvü Mustafa Hacıbəyli ilə görüşərək, ondan gənclər təşkilatına sədr seçiləcəyim barədə təminat almağımı göstərirlər. Mən Müsavat Partiyasından çıxmışamsa, hansı ciddi məntiq və əsasla partiyanın GT-nın sədri seçilə bilərəm? Mən Mustafa Hacıbəylini sonuncu dəfə təqribən 1 ay öncə görmüşəm. Deməli, bu tamamilə absurd bir iddiadır".

Əli