Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olub Siyasət

Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olub

Azərbaycan prezidenti İlham Əliyevin və Vyetnam prezidenti Çıonq Tan Şanqın iştirakı ilə Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olub.
"SOCAR və Petrovietnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və "Vietnam Oil and Gas Group" şirkətinin prezidenti və baş direktoru Nquyev Quoc Xan imzalayıblar.
"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Vyetnamın kənd təsərrüfatı və kəndin inkişafı nazirinin müavini Vu Van Tap imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"i Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Vyetnamın maliyyə nazirinin müavini Do Hoanq Anh Tuan imzalayıblar.
"Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Vyetnamın nəqliyyat nazirinin müavini Nquyen Nqok Donq imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"i isə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla Vyetnamın nəqliyyat nazirinin müavini Nquyen Nqok Donq imzalayıblar. Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Azərbaycan prezidenti İlham Əliyev Vyetnamllı həmkarını regionda baş verən hadisələrlə bağlı məlumatlandırdığını bildirib: "Qeyd etdim ki, regional təhlükəsizlik üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, uzun illər bu məsələ öz həllini tapmır. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, bu qətnamələri icra etmir və beləliklə, işğal davam edir".
İlham Əliyev qeyd edib ki, Ermənistanın işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. "Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Ərazimizin 20 faizi hələ də işğal altındadır. Bir daha qeyd etməliyəm ki, bir çox beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirib. BMT, onun Təhlükəsizlik Şurası,ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu mötəbər təşkilatlar birmənalı olaraq Azərbaycanın haqqı işini dəstəkləyərək müvafiq qərar və qətnamələr qəbul ediblər", - deyə o bildirib.
Azərbaycan prezidenti vurğulayıb ki, bu məsələ və bütün başqa məsələlər beynəlxalq hüquq əsasında öz həllini tapmalıdır: "Beynəlxalq hüququn fundamental prinsipi isə ölkələrin ərazi bütövlüyüdür. Bu məsələdə beynəlxalq birlik vahid mövqe nümayiş etdirməlidir. Burada heç bir ayrı-seçkiliyə yol verilməməlidir. Bütün ölkələrin ərazi bütövlüyü eyni yanaşma ilə tənzimlənməlidir".
Prezident İlham Əliyev qeyd edib ki, hər iki tərəf ilk növbədə ikitərəfli əlaqələri genişləndirmək fikrindədir.
Azərbaycan prezidenti vyetnamlı həmkarı ilə iqtisadi sahədə görülən işlər haqqında fikir mübadiləsini apardığını da diqqətə çatdırıb. Neft-qaz sahəsində əməkdaşlıqla bağlı məruzələrin dinlənildiyini deyən İlham Əliyev qeyd edib ki, bu sahədə çox gözəl təcrübə var: "Vaxtilə Azərbaycan mütəxəssisləri Vyetnamda neft-qaz sahəsində işləyiblər, öz təcrübələrini bölüşüblər. Bu gün də buna imkan var. Bu gün biz artıq Vyetnam şirkətlərini Azərbaycana dəvət edirik. Azərbaycanda zəngin neft-qaz yataqları var. İstərdik ki, Vyetnam şirkətləri də bizim yataqlarımızda, onların işlənməsində iştirak etsinlər. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR da artıq beynəlxalq enerji şirkətinə çevrilib və böyük maraqla Vyetnamda işləmək üçün səylər göstərir".
Vyetnam prezidenti Çıonq Tan Şanq danışıqların çox məhsuldar və səmərəli keçdiyini vurğulayıb: "Vyetnam və Azərbaycan çox böyük imkanlara malikdir. Bu, bizə imkan verir ki, əlaqələrimizi, əməkdaşlığımızı, iqtisadi və ticari sahədə işbirliyimizi daha da artıraq və digər sahələrdə işləyək".
Vyetnam prezidentinin sözlərinə görə, hər iki tərəf razılığa gəlib ki, nümayəndə heyətlərinin səfərlərinin, xüsusən də yüksək səviyyəli səfərlərin sayı artsın.
Çionq Şanq ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin də inkişaf etdiyini diqqətə çatdırıb, bu sahədə yaxşı perspektivlərin olduğunu bildirib: "Biz neft və qaz sahəsində əməkdaşlığı genişləndirmək əzmindəyik. Bu, əməkdaşlıq üçün olduqca vacib bir sahədir. Bu əlaqələrimizin strateji əsası var. Çünki prezidentimiz Xo Şi Min vaxtilə Bakıda zəngin neft-qaz yataqlarına səfər etdikdə onun bir arzusu var idi ki, biz bu sahələrdə birgə işləyək".
Vyetnamın prezidenti regional təhlükəsizliyin təmin olunmasının sülh və danışıqlar yolu ilə həllinin vacibliyini də vurğulayıb: "Biz istərdik ki, məhz Vyetnam ilə Azərbaycan arasındakı əməkdaşlıq, dostluq geniş şəkildə inkişaf etsin. Bu, hər iki ölkəyə, bizə çox konkret fayda verəcək".