

Belçikanın Azərbaycandakı səfirliyi “Formula 1” dünyasının tanınmış simalarını, həmçinin Belçika və Azərbaycanın biznes icmasının nümayəndələrini bir araya gətirmək üçün tədbir keçirib.
APA xəbər verir ki, tədbir yüksək performanslı idman növləri, texnoloji innovasiyalar və dünya səviyyəli mühəndisliyə dair hər iki ölkənin ortaq həyəcan və marağını qeyd etmək üçün keçirilib.
Tədbir “F1 Paddock”un tam yaxınlığında baş tutub, “Formula 1”in yüksək səviyyəli belçikalı simalarının avtoidman və yüksək texnologiya sahəsində qazandıqları təcrübələrini bölüşəcəyi panel müzakirəsi ilə davam edib.
Bildirilib ki, Belçika “Formula 1” dünyasında həm tarixi, həm də texnoloji baxımdan xüsusi mövqeyə sahibdir.
Qeyd edilib ki, F1 təqviminin ən çox rəğbət edilən traslarından biri olan əfsanəvi Spa-Frankorşam trası Belçikanın dərin köklərə malik avtoidman irsinin rəmzidir.
Diqqətə çatdırılıb ki, yarış əfsanəsi Jaki Iksdən başlayıb, daha sonrakı istedadlar Stoffel Vandorna qədər belçikalı pilotlar da bu idmanda öz izlərini buraxıblar. O da qeyd olunub ki, yarışlardan kənarda isə Belçika istər qabaqcıl materiallar, istər dəqiq mühəndislik, istərsə də dayanıqlı mobillik həlləri vasitəsilə bu idmanın təkamülünə töhfə verən qabaqcıl şirkətlərin və tədqiqat institutlarının vətənidir.
Həmçinin “Formula 1”in belçikalı pilotu Stoffel Vandorn jurnalistlərə açıqlamalarında deyib ki, Bakıda yarışlar adətən həyəcanverici olur:
“Burada yarış trası küçələrdir. Bu da səhv eləmək üçün çox az imkan deməkdir. Bakının yarış trasları ən sürətlilərindən biridir. Ağır əyləc zonalarının öhdəsindən gəlmək üçün çox arxayın olmalısan. Burada hava da həmişə olduğundan sərindir, bu da məsələni daha da mürəkkəbləşdirə bilər”.
Belçikalı pilot sonuncu dəfə Bakıya gələndən bəri paytaxtın çox dəyişdiyini, daha da müasirləşdiyini qeyd edib.