Qarabağ məsələsinin həlli ətrafında yeni vəziyyət yaranıb? Layihə

Qarabağ məsələsinin həlli ətrafında yeni  vəziyyət yaranıb?

"Dağlıq Qarabağda vəziyyət mütləq gərginləşəcək. Amma nə zaman? Bunu demək çətindir". Bu barədə erməni jurnalistlərlə söhbəti zamanı Moskva siyasi və hərbi təhlil mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçix bildirib.
Onun sözlərinə görə, bu bir çox faktorlardan asılıdır. Onların arasında həm daxili, həm də xarici amillər var. "Bunun üçün də gərginlik çox tezliklə ola bilər".
"Moskva və İrəvan münasibətlərində böhran yaşanır?" sualına cavabında o deyib ki, bu gün münasibətlərdə gərginlik müşahidə edilir. Amma vəziyyət daha pis ola bilərdi.
Hərbi ekspert qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana ünvanladığı təbrik müəyyən dərəcədə yeni rəhbərliyə mesaj rolunu da oynayır. Bu təbrik açıq şəkildə Kremlin bu günki erməni rəhbərliyə münasibətini nümayiş etdirir.
Erməni junalistlər həm də Ermənistan və Azərbaycan arasında balansın dəyişib dəyişmədiyi ilə maraqlanıblar. Direktor müavini 2016-cı ilin aprel hadisələrini xatırladıb. O, bildirib ki, hələ o vaxt bu bir növ məşq idi.
"Münaqişənin təkararlanacağı halda nə baş verəcək?" bir cavab verə bilərəm. Bəli, bu gün Azərbaycanın üstünlüyü var".
Politoloq İlqar Vəlizadə deyib ki, Dağlıq Qarabağ məsələsinin həlli ətrafında tamamilə yeni bir vəziyyət yaranıb.
Ekspert bunu son aylar danışıqlar prosesi ilə bağlı yaranmış nikbinliklə əlaqələndirib:
"Düzdür, hələ detallar tam məlum deyil, ancaq danışıqlar prosesindəki nikbinlik birbaşa konkret mövzuların müzakirəsi ilə bağlıdır. Hələ ki, bu məsələlərin müzakirəsi gizli şəkildə aparılır. Söhbət əlbəttə ki, ilkin mərhələdə Azərbaycan torpaqlarının boşaldılmasından və qaçqınların qayıtmasından gedir. Çox güman ki, Ermənistan tərəfi danışıqlarda Dağlıq Qarabağ nümayəndələrinin də iştirakını irəli sürür. Bakı İrəvanın ideyasına Azərbaycan icmasının da danışıqlar prosesində iştirakı qarşılığında razılıq verə bilər. Əslində, bu tamamilə yeni bir vəziyyətdir. Çünki Ermənistan tərəfi illərlə icmalararası dialoqun əleyhinə çıxıb. Görünür, İrəvan artıq bu ideyanı dəstəkləyir".
Ekspert Rusiyanın hələ ki, bu məsələyə konkret münasibət göstərəcəyini düşünmür:
"Moskva-İrəvan dialoqu demək olar ki, bərbad vəziyyətdədir. Rusiya daha çox bu dialoqu normal vəziyyətə qaytarmağa çalışacaq. Yalnız bundan sonra Dağlıq Qarabağ məsələsi Rusiya-Ermənistan dialoqunda prioritet olacaq. Əks təqdirdə Rusiyadan problemin həllinə dair yeni təkliflər gözləmək çətin olacaq. Bütün hallarda əsas situasiya yanvarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra bəlli olacaq. Məhz bu görüş Rusiyanın nə dərəcədə fəal olacağını ortaya qoyacaq".
Paşinyanın Rusiya səfərindən əli boş geri dönməsi də ekspertlərin diqqətindən yayınmayıb.
Politoloq Aydın Quliyev deyib ki, istər Ermənistanın özündə az-çox qalan, fəaliyyət göstərən müxalifət mətbuatının, istər bizim bəzi region ölkələrinin mətbuatının, istərsə də Azərbaycan mediasının həqiqətən doğru ifadə etdiyi kimi Paşinyanın Rusiyaya sonuncu səfəri, Putinlə görüşməsi Ermənistanın və Paşinyanın maraqları baxımından olduqca uğursuz olub.
"Əlbəttə ki, bu səfər Paşinyan üçün bir siyasi lider, dövlət rəhbəri olaraq biabırçı idi. Düşünürəm ki, medianın bu yanaşmaları emosional deyil. Bu məsələnin mahiyyətinə verilən obyektiv qiymətdir. Hətta mən deyərdim ki, Paşinyanın Moskvada Putinlə sonuncu görüşünü onun Moskva səfəri və yaxud müzakirələr kimi xarakterizə etmək düzgün olmazdı. Bu daha çox Paşinyanın Moskvaya çağırılması və seçkidən sonra Paşinyanın Rusiya-Ermənistan münasibətləri barədə nə düşündüyü ilə bağlı bir vizual olaraq kəşfiyyat aparılması gedişi idi. Əslində bu görüşün uğursuz olacağı əvvəldən görünən idi. Çünki Paşinyan Rusiya-Ermənistan münasibətləri üçün ən maraqlı olan məsələlərlə bağlı artıq bəzi kartlarını ortaya qoymuşdu. Bütün bunlar Ermənistanın baş nazirinin ciddi fiqur kimi qəbul edilməməsini göstərməklə yanaşı, həm də ümumilikdə regionda və dünyada Ermənistana olan neqativ münasibətin təzahürüdür"-deyə, A.Quliyev fikrini tamamlayıb.
Politoloq Elxan Şahinoğlunun fikrincə isə, ümumiyyətlə Ermənistanın baş naziri Nikol Paşinyan ümid edir ki, Qərbə yaxınlaşsa və Rusiya ilə məsafə saxlasa rəsmi Moskva ona heç nə deməyəcək. Bununla da əvvəlki münasibətlər olduğu kimi saxlanılacaq. Amma bu heç də belə deyil.
Politoloqun sözlərinə görə, Rusiya istəyir ki, Ermənistan keçmiş illərdə olduğu kimi daim onun vassalı olsun: "Təsadüfi deyil ki, Paşinyanın səfərindən dərhal sonra da Rusiya Ermənistana satdığı qazın 10 dəfə bahalaşdığını açıqladı. Bu o deməkdir ki, Rusiyanın Ermənistanın indiki baş naziri siyasətindən narazılığı var. Narazılıq da ondan ibarətdir ki, Rusiya hakimiyyəti istəyir ki, Ermənistanda kim prezident və ya baş nazir olursa-olsun rəsmi Moskvadan asılı olsun. Bütün bunlar Ermənistanın baş nazirinin ciddi fiqur kimi qəbul edilməməsini göstərməklə yanaşı, həm də ümumilikdə regionda və dünyada Ermənistana olan neqativ münasibətin təzahürüdür. Paşinyan balanslaşdırılmış xarici siyasətə üstünlük vermək istəmir və Qərbədə yaxınlaşmaq istəyəndə bu Rusiyanın narazılığına səbəb olur".
Politoloq onu da qeyd edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə yanaşması dəyişərsə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına maraq göstərə bilər.
Politoloqun sözlərinə görə, Azərbaycanın bu quruma üzvlüyü Qarabağ münaqişəsinin ədalətli həllindən keçir:
"Rusiyadan xoş məram, Ermənistana təzyiq olduğunu görsək və ilkin mərhələdə 5 rayon Azərbaycana qaytarılsa, üzvlük haqda düşünmək mümkündür. Bu halda KTMT ilə başqa formatlarda da əməkdaşlıq mümkün ola bilər. İndiki halda isə KTMT-yə üzvlük Azərbaycanın maraqlarına uyğun deyil. Bunun üçün Rusiya xoş məram göstərməlidir".
Politoloq Mirsamir Məmmədov isə bildirib ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqeyini Ermənistana tərəf dəyişəcəyinə inanırdı: "Amma Ermənistanda keçirilən sonuncu parlament seçkilərində Paşinyanın yenidən baş nazir seçilməsindən sonar vəziyyət heç də onun xeyrinə dəyişmədi. Putin onu ilk təbrik edənlər sırasında olmadı. Bu da Paşinyan və onun ətrafını bərk narahat etdi. Xalq, xüsusən də müxalifət Paşinyanın daxili auditoriyanı aldatdığının şahidi oldu. Dağlıq Qarabağ məsələsində Rusiyanın ermənipərəst mövqeyindən sapmaların hiss olunduğu, rəsmi Bakıya yaxınlaşması da vəziyyəti gərginlkəşdirdi. Artıq əksər rus və erməni ekspertlər etiraf edirlər ki, Bakı Dağlıq Qarabağ məsələsini öz xeyrinə həll etməyə qadirdir və xüsusən də müharibə çağırışları səslənən fikirləri üstələyir".
Politoloqun sözlərinə görə, Ermənistan bütün sahələrdə olduğu kimi, Dağlıq Qarabağ məsələsində də Azərbaycana uduzduğunu anlayıb: "Paşinyanın işğal edilən rayonlarımızı geri qaytarmağa hazır olduğu fikirlərinin səsləndirilməsi əbəs deyil. Çünki, o, artıq acı məğlubiyyətlə barışmağa məcbur olub.Qərbdən əli üzülüb, ora meyllənmək planın iflasa uğradığından yenidən Moskvaya üz tutub. Amma Putin Paşinyanın səfeh və qeyri-ciddi bir siyasətçi olduğunu başa düşdüyündən Azərbaycanla münasibətlərini mğhkəmləndirməyə üstünlü2k verib. Ona görə də 2019-cu ilin Qarabağ münaqişəsinin həlli nili olacağı proqnozları özünü doğruldacaq".
Bu arada İspaniyanın LA VANGUARDIA nəşri yazır ki, Azərbaycan 30 ildir qonşu Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın separatçı rejiminə münaqişənin sülh yolu ilə həll ediləcəyi halda ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirir.
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, "bu gün ölkəmizdə yaşayan müxtəlif etnik qrupların təhlükəsizliyinə zəmanət verdiyimiz kimi, Dağlıq Qarabağda yaşayan erməni mənşəli vətandaşlarımızın da hüquqlarını qorumağa, onlara Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ən yüksək muxtariyyət verməyə hazırıq".
Nazir "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində illərdir davam edən münaqişənin 2019-cu ildə həll olunacağına ümidini ifadə edib.
"Ümid edirik ki, 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş olacaq", - deyə Elmar Məmmədyarov bildirib. Nazir hesab edir ki, bu irəliləyiş bütün regionda sülhə və sabitliyə töhfə verəcək, ilk növbədə isə Dağlıq Qarabağ münaqişəsi üzündən Türkiyə ilə Azərbaycanın blokadası ilə üzləşmiş Ermənistanın iqtisadi baxımdan inkişafına müsbət təsir göstərəcək.
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi keçmiş Sovet İttifaqı dövründən qalma "miras"dır. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın erməni əhalisinin Ermənistanla birləşmək istəməsi nəticəsində tərəflər arasında 25 min insanın ölümü ilə nəticələnmiş müharibə başlayıb və o, Ermənistanın qələbəsilə bitib.
Azərbaycan ölkə ərazisinin 20%-ni təşkil edən işğal altındakı bölgənin geri qaytarılmasını tələb edir. Yerevan isə münaqişənin həllinə dair danışıqlar prosesində separatçı rejimin də iştirak etməli olduğunu deyir.

Cavid