İnsan hüquqları problemləri mediada Layihə

İnsan hüquqları problemləri mediada

Bütün qəzetlərimiz problemi olan vətəndaşların üzünə açıqdır

II yazı

"Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Əslində insan haqlarını müdafiə etmək qəzetlərin birbaşa funksiyası deyil. Sadəcə, insan haqlarının müdafiəsi ilə bağlı həm müsbət, həm mənfi hadisələrin yerli mətbuatda işıqlandırılmasını çox yüksək qiymətləndirirəm. Bu istiqamətdə mətbuat orqanları, xüsusilə də çap mətbuatı çox böyük işlər görür. Yəni insan hüquqlarının müdafiəsi sahəsində ayrı-ayrı təşkilatların həyata keçirdiyi tədbirlər həmişə mətbuatın gündəmindədir. Digər tərəfdən bu sahədən yazan jurnalistlərimizi də peşəkar sayıram. Düşünürəm ki, insan hüquq və azadlıqlarının müdafiəsi, təbliği sahəsində sanballı jurnalistlər nəsli yetişib. Amma bir təklif verərdim ki, insanların fundamental hüquqlarından sayılan ədalətli mühakimə edilmək hüququ və bu hüququn həyata keçirilməsi sahəsindəki mənfi, yaxud da müsbət halların mətbuatda işıqlandırılmasına daha çox diqqət yetirilsin. Çünki bu gün insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində məhkəmələr olduqca böyük rol oynayır. Sözsüz ki, məhkəmə prosesində baş verən mənfi halların mətbuatda dərc edilməsi ancaq işimizin xeyrinə ola bilər. O ki qaldı qəzet səhifələrində "qara piar" formasında bəzi vətəndaşların şəxsi toxunulmazlıq hüququnun pozulmasına, belə hallara beynəlxalq təcrübədə də rast gəlinir. Yəni seçki kimi proseslərdə bu cür situasiyalar təbii qarşılanır. Bir halda ki Azərbaycan dünyaya inteqrasiya edir, onda müəyyən dövrlərdə bizdə də "qara piar"ın bəzi təzahürlərinə rast gəlinəcək. Amma inkişaf etmiş ölkələrdə siyasi dairələr hansı ziddiyyətlərin baş verməsindən asılı olmayaraq "qara piar"ın əsaslı texnologiyasına əməl edirlər. Yəni heç vaxt "qara piar"ı faktsız, sübutsuz həyata keçirmirlər. "Qara piar"ın özü də mütləq faktlara söykənməlidir. Əks təqdirdə "qara piar" kimi böyük bir siyasi texnologiya, sadəcə, qarayaxma kampaniyasına çevrilə bilər. Bir sözlə, piar kimsənin şəxsi toxunulmazlıq hüququ tapdanmadan aparılmalıdır".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev: "Hesab edirəm ki, bununla bağlı görüləcək xeyli iş var. Yəni Azərbaycan mətbuatında insan haqlarının müdafiəsi istiqamətində dərc olunan materiallar məni qane etmir. Fikrimcə, indiki dövrdə mətbuat səhifələrində bu sahəyə daha çox yer ayrılmalıdır. Digər tərəfdən jurnalistikada peşəkarlıq səviyyəsinin qaneedici olmaması da vəziyyətə təsir göstərir. Çünki bu gün Azərbaycanda 30 mindən çox insanın jurnalist vəsiqəsi daşımasına baxmayaraq onların çox cüzi hissəsini peşəkar saymaq olar. Yəni hazırda hər bir redaksiyada peşəkar kadra ehtiyac var. Düzdür, ali məktəblərdə jurnalist kadrlar hazırlanır. Amma onların peşəkarlığı bugünkü mənzərəni dəyişəcək səviyyədə deyil. Bizə sağlam tənqidçi-jurnalistlər lazımdır. Çünki cəmiyyətimizin sağlamlaşmağı üçün bu çox vacibdir. Digər tərəfdən müxtəlif dövrlərdə qəzet səhifələrində ayrı-ayrı insanların şəxsi toxunulmazlıq hüququnun pozulmasına dair xoşagəlməz materiallar dərc olunur. Təbii ki, buna dəstək vermək doğru deyil. Ümumiyyətlə, hər bir jurnalist hazırladığı materiala görə məsuliyyət daşımalı və imzasına hörmət etməlidir. Yəni jurnalistikamızı sifarişli, qələminə hörmət etməyən yazarlardan təmizləmək lazımdır. Düzdür, müvafiq qanunvericilikdə belə insanlara qarşı müəyyən cəza formaları nəzərdə tutulub. Lakin bəzi hallarda biz həmin qanunların özlərinə belə itaətsizlik görürük. Bu isə ümumilikdə insanların pozulmuş hüquqlarının bərpasına mənfi təsir göstərir".

Media və Təhsil İnnovasiyaları Mərkəzinin sədri Səidə Hüseynova: "Mediada insan hüquqlarının qorunması işi yetərincə həyata keçirilir. Apardığımız monitorinqlər bunu deməyə əsas verir. İstənilən Azərbaycan vətəndaşı istənilən mətbuat orqanında hüquqlarının qorunması ilə bağlı müraciət edə bilər və həmin orqanın da borcu onun fikrini azad şəkildə ictimailəşdirməlidir. Bu proses bizim mediamızda mövcuddur. Bütün qəzetlərimiz problemi olan vətəndaşlarımızın üzünə açıqdır. İnsanlar fikir və şikayətlərini, problemlərini maneəsiz şəkildə mediada bildirirlər. Bundan başqa bəzi qəzetlərimizdə insah haqq və hüquqların qorunması ilə bağlı maarifləndirici guşələr açılıb. Hüquqşqnaslarımız insanların maariflənməsində öz məsləhətlərini verirlər".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:"Ümumiyyətlə, yerli KİV-lərdə mütəmadi şəkildə insanların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı materiallar, informasiyalar dərc edilir. Biz bu məsələni həmişə gündəmdə saxlayırıq. Hesab edirəm ki, məhkəmələrdən hazırlanan yazıların özündə də maarifləndirici məqamlar mövcuddur. Amma "qara piar" kampaniyası çərçivəsində insanların şəxsi toxunulmazlıq hüququnun pozulmasını düzgün saymıram. Digər tərəfdən son dövrlər ATƏT-lə birgə hazırlanan "Jurnalistlərin etik kodeksi" layihəsində də bu sahə ilə bağlı müəyyən düzəlişlər edilib. Məsələn, şəxsiyyətin özünün razılığı olmadan onun şəklinin çəkilməsi, ictimai əhəmiyyət kəsb etməyən məsələlərin mətbuatda işıqlandırılması təqdirəlayiq sayılmır. Eyni zamanda "qara piar"ın aparılması qeyri-peşəkarlıqdan doğan və siyasi iddialara söykənən məsələdir. Çünki hansısa qəzet siyasi tərəfə çevrildiyi məqamda həmin qüvvələrin siyasi baxışlarının reallaşması üçün bütün mümkün vasitələrə əl atır. Təbii ki, özünü peşəkar sayan qəzetçi "qara piar"la məşğul olmamalıdır. Lakin burada bir məqam var ki, ictimai əhəmiyyət kəsb edən məqamlar ictimaiyyətdən gizlədilməməlidir. Bu baxımdan hesab edirəm ki, insanların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Azərbaycan mətbuatında kifayət qədər qaneedici məqamlar var".
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimli: "Düşünürəm ki, bu gün Azərbaycan mətbuatında bütün sahələrə kifayət qədər yer ayrılır. Amma bununla yanaşı, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha geniş işlər görməyə ehtiyac var. Çünki bu gün torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır, 1 miyondan çox insanımızın hüququ pozulub. Bu istiqamətdə yerli KİV-lərin xarici mətbuatla əməkdaşlıq etməyi və həmin vətəndaşlarımızın pozulmuş hüquqlarının dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Eyni zamanda Azərbaycanda görülən müsbət işlərin yerli mətbuatda daha geniş təbliği də zəruridir. O ki qaldı "qara piar" çərçivəsində insanların şəxsi toxunulmazlıq hüququnun pozulmasına, bu bəzi KİV-lərin yaratdığı xoşagəlməz mənzərədir. Yəni radikal qəzetlər insanların şərəf və ləyaqətini ləkələməkdən çəkinmirlər. Düşünürəm ki, belə hallara birmənalı şəkildə son qoyulmalıdır".
Söz, fikir, məlumat azadlığı, o cümlədən mətbuatın inkişafı ilə bağlı həyata keçirilən islahatlar Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. 1995-ci ildən ötən dövr ərzində bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli qayğısı yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub. Ali Məclis sədrinin "Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında" sərəncamı kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı istiqamətində yeni üfüqlər açıb.
Kütləvi informasiya orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması muxtar respublikada həm də bu sahədə qəbul olunan qanunların tətbiqi və icrası baxımından mühüm əhəmiyyət daşıyır. Artıq aparıcı mətbuat orqanı olan "Şərq qapısı" qəzeti həftədə 5 dəfə nəşr olunur. Bu gün muxtar respublikanın hər bir şəhər və rayonunun özünün mətbu orqanı vardır və onların dövriliyi təmin edilib. Bu sahədə qazanılan uğurlar eyni zamanda elektron medianı da əhatə edir. Belə ki, 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Tele¬viziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurularaq istifadəyə verilmiş, komitədə yeni nəsil rəqəmsal avadanlıqlar quraşdırılmışdır. "Kanal 35" televiziyasının, "Naxçıvanın səsi" radiosunun da fəaliyyəti üçün lazımi şərait yaradılıb. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması və fəaliyyəti də muxtar respublikamızda bu sahədə həyata keçirilən tədbirlərdəndir. Artıq muxtar respublika sakinlərinə yüksək səviyyədə İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətlər göstərilir. Bu ilin sonuna qədər isə muxtar respublikada rəqəmsal tele¬viziya yayımına keçid tamamilə başa çatdırılacaq.
Fikir və söz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. Muxtar respublikada məlumat azadlığının və informasiya əldə etmək hüququnun daha effektiv müdafiə və təmin edilməsi məqsədilə 2011-ci il dekabrın 29-da "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda müvafiq dəyişikliklər edilmişdir. Qanunda edilən dəyişik¬liyə əsasən, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin Naxçıvan Muxtar Respublikasında yerinə yetirilməsinə nəzarəti həyata keçirən təsisat qismində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilib. Qanunun icrasını və müvəkkilin bu sahədə fəaliyyətini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən informasiya sahibi olan dövlət orqanları və yerli özünüidarə orqanları müəyyən edilmiş, onlar haqqında məlumat bazası yaradılmış, eləcə də həmin orqanların rəsmi internet səhifələri və elektron poçt ünvanları məlumat bazasına daxil edilib. Muxtar respublikada azad mətbuatın fəaliyyətinin getdikcə gücləndirilməsi cəmiyyətin hər bir üzvünün öz fikrini sərbəst şəkildə ifadə etməsinə imkan verir. Bu da mətbuat və söz azadlığının təmin olunmasında mühüm amildir.

Cavid