İran prezidenti Türkiyəyə gedib Güney Azərbaycan

İran prezidenti Türkiyəyə gedib

İran prezidenti Həsən Ruhani bu gün səhər saatlarında Türkiyəyə yola düşüb.
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, iki gün davam edəcək səfər Türkiyə prezidenti Abdulla Gülün rəsmi dəvəti əsasında baş tutur.
İran prezidentini səfərdə birinci vitse-prezident İshaq Cahangiri, ali dini rəhbərin ofisinin sədri Məhəmməd Məhəmmədi Gülpeyqani, dövlət başçısının xüsusi köməkçisi Hüseyn Firidun, xarici işlər naziri Məhəmməd Cavad Zərif, mədəniyyət və islami irşad naziri Əli Cənnəti, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, neft naziri Bijən Namdar Zəngənə və mədəni miras, əl işləri sənayesi və turizm təşkilatının sədri Məsud Sultanifər müşayiət edir.
H.Ruhani hökumət başına gəldikdən sonra qonşu ölkəyə gerçəkləşdirəcəyi ilk səfəri çərçivəsində türkiyəli həmkarı tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Bundan sonra iki ölkənin prezidentləri arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriləcək. Daha sonra H.Ruhaninin qonşu ölkənin baş naziri və digər dövlət rəsmiləri ilə görüşlər keçirməsi planlaşdırılır. Görüşlərdə iki qonşu ölkə arasında siyasət, mədəniyyət və iqtisadiyyat sektorları başda olmaqla bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq. Eyni zamanda Ankarada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Tehrana rəsmi səfəri çərçivəsində yaradılmış İran-Türkiyə Strateji Əməkdaşlıq Şurasının da ilk yığıncağı keçiriləcək. Bundan əlavə, iki ölkə arasında 6 əməkdaşlıq razılaşmasının, gömrük, mədəniyyət, terrorizmlə mübarizə, təhlükəsizlik və siyasi əməkdaşlığa dair müqavilələrin imzalanması gözlənilir. Eyni zamanda iki ölkə arasındakı ticarət mübadiləsinin həcminin 30 milyard dollara çatdırılması, sonrakı illərdə isə daha da artırılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Bundan başqa, İranın nüvə proqramı və Orta Şərqdə, xüsusilə Suriya və İraqda cərəyan edən hadisələr də əsas müzakirə mövzularından olacaq. Eyni zamanda İranla Türkiyə arasında illərdən bəri mövcud olan problemlər, xüsusilə təbii qazın qiyməti ilə bağlı yaranmış böhranla bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir. Belə ki, Türkiyə İranı müqavilədə qeyd olunmuş miqdardan daha az bu ölkəyə qaz ixrac etmək və bahalı satmaqda günahlandıraraq, rəsmi Tehrandan satdığı "mavi yanacağ"ın qiymətini 25% aşağı salmasını, həmçinin 2-2,5 mlrd. dollar təzminat ödəməsini istəyərək bir neçə ay əvvəl Haaqa beynəlxalq məhkəməsində iddia qaldırıb. Bundan əlavə, H.Ruhani Türkiyədə yaşayan iranlılar, iş adamları, tələbələr və ziyalılarla da görüşəcək.
Qeyd edək ki, bu, 1996-cı ildən bəri İrandan prezident səviyyəsində Türkiyəyə həyata keçiriləcək ilk səfərdir. Belə ki, 1996-cı ildə İran prezidenti olmuş Əli Əkbər Haşimi Rəfsəncani qonşu ölkə səfər edib.