Avropa “siyasi birliyi” haqqında… Dünya

Avropa “siyasi birliyi” haqqında…

"Economist" bəzi suallara cavab tapmağa çalışıb

Cavid

İtaliyanın maliyyə naziri Pyer Karlo Padoan "Financial Times" qəzetinə verdiyi müsahibədə ölkəsinin Avropa "siyasi birliyi" istiqamətində həlledici addım atılmasının tərəfdarı olduğunu bildirib. "Economist" yazır ki, avro böhranı və Yunanıstanı xilasetmə proqramı ilə bağlı son danışıqlar Avropada daha çox inteqrasiya olması üçün çox vaxt "siyasi birlik" birləşməsi ilə çağırışlara səbəb oldu, bəzi yerlərdə isə böhran "siyasi birlik" ideyasına sərt müqavimət yaratdı. Bütün bunlar belə bir sual ortaya qoyur: avropalılar "siyasi birlik" deyərkən nəyi nəzərdə tuturlar?
Avropa İttifaqı özü elə siyasi bir birlik deyilmi?
Aİ banilərindən bəziləri və hətta Avropa konfederasiyasının yaradılmasının ilk tərəfdarlarından biri olan Uinston Çörcil mərkəzi federal hökuməti olan Avropa Birləşmiş Ştatları yaratmaq istəyirdi. Ötən 60 il ərzində Avropa İttifaqını formalaşdıran sazişlər hibrid bir struktur yaradıb: ittifaq bir çox xüsusiyyətinə görə beynəlxalq bir təşkilat olaraq qalır, əsas qərarverici qüvvələr ittifaqı təsis edən dövlətlərdir; bəzi xüsusiyyətlərinə görə isə federal sistemi xatırladır. Avro-azarkeşlər mövcud Aİ strukturlarını federal bir dövlətin rüşeymi hesab edirlər. Hər bir üzv dövlətdən komissarı və 20 min nəfərlik bürokratiyası olan Avropa Komissiyası dövlətin icraedici qolu, Avropa Parlamenti aşağı palata, hər bir üzv dövlətin nazirlərindən ibarət Avropa İttifaqının Nazirlər Şurası isə gələcək senat kimi nəzərdə tutulur. Avropa Ədalət Məhkəməsinin indi də milli məhkəmələrin qərarlarını dəyişmək səlahiyyəti var. Komissiyanın prezidenti Jan-Klod Yunker dolayı yolla Avropa Parlamenti tərəfindən seçilib. Məqsəd isə onu bir növ baş nazir səviyyəsinə yüksəltmək idi. Ancaq əslində əsas hakimiyyət üzv dövlətlərinin əlindədir. Cənab Yunker ilə bərabər başqa bir "prezident" də var: üzv dövlətlərin liderlərindən ibarət Avropa Şurasının prezidenti Donald Tusk. Avropa İttifaqında qanunlar komissiya tərəfindən təklif olunsa da, həm parlament, həm də Nazirlər Şurası tərəfindən təsdiqlənməlidir. Yunanıstana maliyyə yardımı göstərilməsi və ya sığınacaq axtaranların bölüşdürülməsi kimi ən önəmli qərarlar Avropa Şurasında liderlər tərəfindən hamılıqla qəbul edilir. Bu baxımdan, Avropa İttifaqı Birləşmiş Millətlərdən daha çox Birləşmiş Ştatlara bənzəyir.
Bəs Aİ tərəfindən xərclənən bütün pullar?
Aİ tərəfindən çox pul xərclənir. İttifaqın büdcəsi 2015-ci il üçün 142 milyard avro (150 milyard dollar) təşkil edir. Ancaq bu, əksər mərkəzi hökumətlər tərəfindən ÜDM-nin 40-50 faizinin xərclənməsi ilə müqayisədə Avropanın ÜDM-sinin yalnız 1 faizinə bərabərdir. Növbəti beş il üçün planlaşdırılmış xərclər kənd təsərrüfatı subsidiyaları üçün nəzərdə tutulub. Aİ-nin infrastruktur və digər layihələrə çəkdiyi xərclərin, demək olar, hamısı mərkəzi hökumətlərə subsidiya kimi verilir. İşsizlik siğortası və səhiyyə xidməti kimi sosial yardımlar hələ də üzv dövlətlərin əlindədir. Aİ-nin ən böyük vahid hakimiyyəti onun vahid bazarı tənzimləmə səlahiyyətindədir. Ancaq Avropa tənzimləyici orqanları bu səlahiyyətdən istifadə edən zaman bütün Avropada vətəndaş və siyasətçilər çox vaxt Brüsseldə seçilməmiş bürokratların özbaşınalığından şikayətlənirlər. Hazırda 18 üzv dövləti əhatə edən avronun yaradılması ən iddialı layihə idi. Avropa Ədalət Məhkəməsi və avrozonanın pul siyasəti üçün məsuliyyət daşıyan Avropa Mərkəzi Bankı müstəqil müəssisələr olsalar da, qeyri-demokratik təşkilatlar olaraq bir çoxlarının Aİ-nin ən böyük zəifliyi hesab etdiyi "demokratiya çatışmazlığı"nı bərpa edə bilməzlər.
Bəs Aİ-nin öz parlamenti yoxdurmu?
Avropa Parlamentinin üzvləri milli əsasda, mill siyasi partiyaların üzvləri kimi seçilirlər. Avropa Parlamenti daxilində bu partiyaların üzvləri sərbəst "qruplar"a bölünürlər: Almaniyanın Xristian Demokratları, Fransanın Respublikaçıları, İtaliyanın "İrəli, İtaliya" partiyası və Niderland Xristian Demokratlarının hamısı sağ mərkəzçi Avropa Xalq Partiyasının üzvləridir. Ancaq çox vaxt özlərinə aid aydın planları olmayan bu qruplar öz ölkələrində siyasətin necə işlədiyini əks etdirməkdə uğursuz ola bilərlər. Məsələn, Almaniyanın Xristian Demokrat kansleri Angela Merkel Niderlandın liberal baş naziri Mark Rutte avro böhranında yaxın müttəfiq oldular. Ancaq Avropa Parlamentində Merkelin Xristian Demokratları Ruttenin Liberallarına qarşı olan Niderland Xristian Demokratları ilə qruplaşıb. 2009-cu ildən bu yana parlament getdikcə artan güc qazanıb. Ancaq rəy sorğuları göstərir ki, avropalıların əksəriyyəti parlamentdə onları kimin təmsil etdiyini və ya parlament, ya da Aİ-nin hansı prinsiplərlə işlədiyini bilmir. Deyə bilərsiz ki, Aİ müəyyən dərəcədə siyasi cəhətdən tamamlansa da, tamamlanan hissələr (Avropa Komissiyası və AMB) o qədər də siyasi xarakter daşımır, Avropa Şurası və Parlament kimi siyasi xarakter daşıyan hissələr isə bir-birini tamamlamır.
Onda bəs Avropa "siyasi birliyi" üçün nə lazımdır?
Daha çox siyasi inteqrasiya çağırışı valyuta birliyinin daha effektiv işləməsi tələbindən irəli gəlir. Bir ideya bu ola bilər ki, Avropaya məxsus ortaq borc vasitələri və ya "avrobondlar" buraxılsın. Tez-tez irəli sürülən başqa bir təklif isə hazırda üzv dövlətlər üçün saxlanılan infrastruktur layihələri və sosial yardımları özündə ehtiva edən avrozona büdcəsi yaradılmasıdır. Aİ-nin bunlara xərc çəkməsinə imkan vermək həm vətəndaşlara ittifaqdan necə yararlana biləcəklərini göstərər, həm də onları ümumi siyasi müzakirəyə daxil edər. Cənab Padoanın dediyi kimi, "tam formalaşmış iqtisadi və valyuta birliyi yaratmaq üçün maliyyə birliyi və maliyyə siyasəti lazımdır." O, işsizlik siğortası üzrə ümumi proqram yaradılmasını təklif edir.
İyun ayının sonunda Cənab Yunker, Cənab Tusk, AMB, Avropa Parlamentinin prezidentləri və avrozonanın maliyyə nazirləri tərəfindən verilən hesabatda Aİ miqyasında bank əmanətlərinin siğortalanması üzrə sistem və ümumavropa xəzinəsi yaradılması təklifi irəli sürülüb. Tənqidçilər ortaq siyasi tale anlayışı olmadığına görə, Avropa səviyyəsində demokratiyanın reallaşa bilməyəcəyini iddia edirlər. Buna baxmayaraq, Avrobondlar və ya ümumavropa büdcəsindən gələ biləcək ortaq iqtisadi risklər daha çox siyasi cavabdehlik tələb edir. Cənab Oland və Padoan yeni bir avrozona parlamentinin təsis edilməsini dəstəkləyiblər.
Bəs siz özünüz dediniz ki, Avropa vətəndaşları heç öz parlament üzvlərini tanımırlar. Yeni bir parlament təsis edilməsi necə olacaq ki, daha çox demokratik legitimlik yaradacaq? Yaxşı sualdır. Bunu Cənab Padoandan soruşmaq lazımdır.