Çar və Sultan qarşı-qarşıya Dünya

Çar və Sultan qarşı-qarşıya

Putin və Ərdoğan özlərini fəxr etdikləri imperiyaların varisi hesab edirlər. Ancaq nə döyüş təyyarələri, nə də sərt danışıqlar imperiya süqutunu gizlədə bilər.

Cavid

Krım ruslardan da, ukraynalılardan da əvvəl türklərin olub. Yəni, Osmanlı imperiyasının. Rusiya Krımı birinci dəfə 2014-cü ildə yox, uzun müddət bundan əvvəl –1783-cü ildə ilhaq etmişdi. Bundan əvvəl isə Rusiya türklərlə altı il müharibə aparmış, Osmanlı donanmasını məhv etmişdi. Həmin altı illik münaqişə 1774-cü ildə Kiçik Qaynarca sülh müqaviləsi ilə sona çatmışdı. Tarixçilər bu sülh müqaviləsini Osmanlı imperiyasının parçalanmasının başlanğıcı hesab edirlər. Osmanlı imperiyası Krımı Rusiyaya uduzmaqla, ilk dəfə olaraq, müsəlman təbəələrini xristian bir qüvvəyə itirdi. Tarixçi Bernard Luis bu altı illik müharibənin və müharibəni bitirən sülh müqaviləsinin "Avropa-Yaxın Şərq əlaqələrində dönüş nöqtəsi" olduğunu yazır.
"Foreign Policy" yazır ki, altı illik müharibə iki imperiyanın son toqquşması olmadı. Bu dövrdən sonrakı iki əsr ərzində Rusiya imperiyası yenidən Osmanlı imperiyasının mərkəzi hissələrinə: Balkanlar, Qafqaz, Qara dəniz və Dardanel boğazına soxulmağa çalışdı. Gənc rus zabit Lev Tolstoy 1854-cü ildə Krımda türklər, fransızlar və britaniyalılarla döyüş təcrübələrindən bəhs etdiyi "Sevastopol hekayələri"ni yazdı.
Demək istədiyimiz odur ki, türk və ruslar arasında toqquşma yeni bir şey deyil. Rusiyalıların bəziləri ölkəyə məxsus hərbi təyyarənin vurulmasına tarixi cəhətdən daha geniş çərçivədə baxırlar: liberal slon.ru saytı yazır ki, bu, Rusiya və NATO arasında ilk real, hərbi toqquşmadır. Rusiya rəsmiləri isə bunun Rusiya ilə aqressiv türklər arasında toqquşma olduğunu bildirir. Bu insidentə həsr olunmuş xəbərlərdə isə bildirilir ki, Vaşinqton və Avropa, hətta NATO Türkiyəni qınayıb və bununla da bir təyyarənin vurulmasının daha böyük münaqişəyə yol açacağı ideyasının yanlış olduğunu göstərib.
Rusiya üçün hekayənin mənfi obrazı Türkiyə terrorizmə qarşı böyük, tarixi koalisiyanı pozmağa çalışır. Xəbərlərdə bildirilir ki, Qərb qüvvələri tərəfindən asanlaşdırılan deeskalasiyaya ehtiyac var ki, bu münaqişə terrorizmə və xüsusilə də, İŞİD-ə qarşı mübarizəni zədələməsin. Bu, o deməkdir ki, Rusiya sivil dünyanı terrorizm təhlükəsinə qarşı qorumaq üçün zəruri olan, Fransa, Britaniya və ABŞ-a sərf edən əsas işi özünün gördüyünü düşünür. Bu, Rusiyanın ikinci dünya müharibəsində öz rolunu təsvir etməsinə bənzəyir. Belə ki, Rusiyanın fikrincə, faşizmə qarşı mübarizədə Qərbə kömək etməsəydi, Qərbin məhv olacaqdı.
Buna görə də, Moskva Qərb tənqidçilərinin bütün təbliğat və geosiyasi manevralarının altında Suriyada oynadığı rolu düzgün qiymətləndirmədiklərinə inanır. Rusiyaya görə, Qərb onun imperiya ambisiyalarına mane olmaq üçün əsrlərlə mübarizə aparıb, hətta XIX əsrin ortalarında müsəlman osmanlılarla xristian ruslara qarşı birləşib.
Rusiya eyni zamanda tarixən türkləri Avropanın genişlənməsinə qarşı bir vasitə hesab edib. Rusiya imperiyasının xarici işlər naziri Karl Nesselrode 1830-cu ildə yazmışdır: "Türkiyə hökumətinin Avropada mövcud olmasına imkan verməyimizin səbəbi bizim məqsədlərimizə ondan daha çox uyğun gələ biləcək ikinci bir hökumətin olmamasıdır."
Bütün bu tarixi faktları qeyd etməyimizin səbəbi odur ki, Türkiyənin hava məkanında Rusiya təyyarəsi ilə bağlı toqquşmanın nə təyyarə, nə hava məkanı, nə İslam dövləti, nə də NATO ilə əlaqəsi var. Bu münaqişənin mənşəyi Rusiya və Osmanlı imperiyalarından gəlir, halbuki bu imperiyalara on illər əvvəl rəsmi şəkildə son qoyulub və bu toqquşma özlərini imperiyalarının varisi hesab edən iki şəxs, Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanla bağlıdır. Onlar da öz növbələrində öz təbəələrinin zehnində bu imperiyaları yenidən canlandırıblar.

Türk-Rus münasibətlərinə qısa bir baxış
Rusiya tarix boyunca Qıpçaq, Hun, Avar, Xəzər türkləri tərəfindən idarə edilmişdir. Bu dövrlərdə hələ tarix səhnəsinə çıxmayan ruslar türk dövlətlərindən hərbi və inzibati baxımdan çox şeylər öyrənmişlər və zamanla türklər arasında yaşanan döyüşlərdən də faydalanaraq siyasi bir təşəkkül olaraq ortaya çıxmışlar.
"Milliyet" yazır ki, 920-ci ildə Abbasi xəlifəsinin Xəzər dənizinin şimalında ilk müsəlman türk dövləti olan Bolqar Xanlığına göndərdiyi heyət arasında yer alan İbn Fadlanın "Səyahətnamə"sində ruslar haqqında ətraflı malumat verilir. Bu tarixdə ruslar xristianlığa hələ keçməmişdilər. Knyaz I Vladimirin (960-1015) dövründə ruslar bütpərəstlikdən ayrılaraq xristianlığa keçməyə başlayırdılar. Bu dövrdə rusların yaşadığı yerlərin əksəriyyəti Kuman hakimiyyətində idi. Kuman xanlığı Moğollarla nə qədər mübarizə aparsa da, Moğollara qalib gəlməsi mümkünsüz idi.
XIII əsrdə baş qaldıran bir Rus Şahzadəliyi Türklər tərəfindən şiddətlə cəzalandırılaraq itaət altına alınır. XIII əsrin sonlarına doğru rusların mərkəzi knyazlığı Kiyevdən Moskvaya köçür. Moskva Knyazı digər rus knyazlarından topladığı vergi ilə Moskvanı bu tarixdən sonra Rus mərkəzi etdi.
Bir əsr ərzində heç bir çətinlik yaşamayan Qızıl Orda Dövləti Türküstanda ortaya çıxan Teymur təhlükəsiylə qarşı-qarşıya idi. Əvvəl 1391-ci ildə, daha sonra 1395-ci ildə Terek Döyüşündə
Qızıl Orda hökmdarı Toxtamış Xanı təxribata uğradan Teymur torpaqları ələ keçirmək uğrunda mübarizə aparırdı. Qızıl Orda dövləti yaşadığı qarışıqlıq sonrası dördə bölünür: Saray xanlığı,
Həştərxan Xanlığı, Krım xanlığı və Qazan Xanlığına, daha sonra Sibir xanlığı da əlavə olundu.
Türkün tərsinə dönməyə başlayan taleyi Şərqi Avropada da özünü göstərməyə başlayırdı,
Ruslar tarix boyu türk dövlətlərini ələ keçirmək niyyətində olublar. Orta Asiyaya doğru irəliləyən ruslar hələ tüfəng və top istifadə bilməyən Türk boylarına qarşı qorxunc qırğınlar tətbiq edirdilər.
Rusiya-Osmanlı müharibəsi (1568-1570) və ya Həştərxan yürüşü - Osmanlı Dövləti və Osmanlı Dövlətinə bağlı olan Krım xanlığının 1556-cı ildə Rusiyanın əlinə keçən Həştərxan xanlığını Rusların əlindən xilas etmək üçün Həştərxan və Azov bölgələrinə təşkil etdikləri yürüşdür. Bu məğlubiyyət rusların Qafqaza yol açmasının başlanğıcı oldu.
Rusiya məqsədinə bir addım da yaxınlaşaraq Qara Dənizə yaxınlaşmağa başlayır. 1710-11-ci ildə yenidən şiddətlənən savaşlar sonrası Osmanlı itirdiyi Azov Qalasını yenidən torpaqlarına qatır. Bu tarixdən 1853-cü il Krım Döyüşünə qədər baş vermiş müharibələrin böyük qismini ruslar qazanırlar.
Rusların sürətli yayılmasını dayandırmaq istəyən İngiltərə və Fransa Osmanlı ilə birlikdə 1853-1856-cı illərdə yaşanan Krım müharibəsi nəticəsində Rusiyanın ağır məğlubiyyətə uğramasına baxmayaraq, Qafqazı enərək Qarsa qədər gəlib çatır. Ruslar Qars qalası qarşısında 4 min əsgər itirərək geri çəkilir. Lakin Rusların Qafqazda yaşayan müsəlman xalqlara qarşı etdiyi vəhşilik tətbiqi yüz minlərlə insanın Anadoluya köç etməsinə səbəb olmuşdu.
93 Hərbi olaraq bilinən 1877-1878-ci illər Osmanlı-Rus müharibələri hər iki tərəfdə də ağır itkilər verilməsinə səbəb olur. 280 min əsgəri olan Osmanlı, xəstəliklər də daxil olmaqla, 120 min şəhid verir. Bolqar və serblərin də dəstək verdiyi 1 milyonluq Rus ordusunun itkisi isə 135 mindən çox idi. Ərzuruma qədər irəliləyən ruslar Berlin müqaviləsi nəticəsində Qars, Batumi, Artvin və Ərdəhanı əldə etdikdən sonra çəkilirlər.
Rus - Türk münaqişəsi Fransa – Rusiya yaxınlaşmasını kölgədə qoydu
Artıq Ərdoğan Putinin qara siyahısına düşdü. Rus prezedent Ankaraya qarşı xeyli cavab planı təqdim edib. Su-24 təyyarəsinin vurulması Putinin gözündə dost bir ölkənin xəyanətidir.
"Liberation" yazır ki, "Dost, demək olar ki, müttəfiq ölkə" olan Türkiyə bir neçə günün içində Rusiyanın ən yeni düşməninə, "gərginlik yaradan" bir ölkəyə çevrildi və O, cəzasız qalmayacaq. Suriya – Türkiyə sərhədində türk ordusu tərəfindən rus təyyarəsinin vurulması, bir pilot və bir əsgərin ölməsi Rusiyada əsəbləri tarma çəkdi. Vladimir Putin iki ölkə arasında müharibənin başlamayacağı ilə bağlı hər kəsi əmin edərək bu hadisəni "arxadan vurulan xəncər"ə bənzədib. "Təəssüf edirəm ki, Türkiyə ilə son on ildə qazandığımız dövlətlərarası isti münasibət səs-küylü şəkildə məhv olur" rus prezedent cümə axşamı Fransua Olandla Moskvada baş tutmuş görüşü zamanı bildirib. O, həmçinin, iddia edib ki, bu bir namərdlikdir, çünki türk ordusu rus təyyarəsinin uçuşundan xəbərdar idi.
Bu son günlərdə Türkiyənin Rusiyaya xəyanət ritorikası gücləndi. Türkiyəyə tətbiq olunacaq sanksiyalar ruslar tərəfindən işlənib hazırlanmağa başlandı. Hadisə baş verən günün axşamı Türkiyənin Moskvadakı səfirliyi yüzlərlə etirazçı tərəfindən əhatəyə alındı, səfirliyin binasına daşla hücum edildi. Üstəlik Moskvanın 900 km də yerləşən Ulyanovskdakı Efes piyvə zavodunun qarşısındakı türk bayrağı gənclər tərəfindən endirildi və yerinə rus bayrağı asıldı.
İqtisadi sanksiya planı haqqında hələ rus məsul şəxsləri danışmamış bəzi distrubitorlar türk məhsullarından imtin etdi. Sosial şəbəkələrdə də Türkiyədən gələn bütün məhsulları baykot etmək üçün çağırışlar çoxaldı. Artıq tur-operatorlar rusların Türkiyədə terror təhlükəsi ilə üzləşə biləcəyini əsas gətirən xarici işlər nazirliyinin sadə bir "tövsiyə" sinə uyğun olaraq ruslar üçün əsas səyahət istiqaməti olan Türkiyənin sahilyanı bölgələrinə səyahətləri ləğv edib. Turistlərə əvəzində Krım, Kuba və Çində istirahət təklif olunub. Eyni zamanda, rus futbol klubları qış fasiləsi zamanı hər il Türkiyədə baş tutan təlim-məşq toplanışlarını İdman naziri Vitali Mutkonun xəbərdarlığına əsasən ləğv edib.
Cümə axşamı baş nazir Dimitri Medvedev hökümətə iki gün ərzində bu ölkəyə qarşı tətbiq olunacaq iqtisadi və mədəni sanksiyaların işlənib hazırlanması ilə bağlı göstəriş verdi. Təyyarənin vurulması Ankara və Moskva arasındakı sıx əməkdaşlığa bütün səviyyələrdə öz təsirini göstərməkdədir. Gömrükdə qanunların sərtləşməsi, rus səmasında türk təyyarələrinin, rus sularında türk gəmilərinin hərəkətinin məhdudlaşdırılması, ortaq layihələrin müvəqqəti dayandırılması (TÜRKSTREAM qaz kəməri layihəsi və Rusiyanın Mersində tikdiyi nüvə zavodu kimi), hərbi müqavilələr və Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyatlar barədə məlumatları paylaşmasına fasilə verilməsi buna sübutdur. Ancaq rusların əsas cəza tədbiri türk qida məhsullarına embarqo qoymaq oldu. "Türk istehsalçıların rus normalarına uyğun olmayan məhsul istehsal etdikləri" bəhanə gətirildi. Kənd təsərrüfatı naziri Aleksandr Tatçev Türkiyədən gələn meyvə-tərəvəzə və balığa da məhdudiyyət qoyulacağını qeyd edib. Məlumat üçün bildirək ki, Rusiyanın idxal etdiyi meyvə-tərəvəzin 20 faizi Türkiyənin payına düşür.
Türk ordusu tərəfində rus təyyarəsinin vurulması Rusiya ilə bir NATO üzvü olan ölkəni üz-üzə qoyan ən ciddi insident oldu.Bu gərginlik hələ ki, sözdədir, ancaq sürətlə həyata keçirilə bilər, Fransanın səy göstərdiyi Suriya böhranında Qərblə Rusiyanın yaxınlaşması məsələsini də çətin vəziyyətə salar və Putinə ABŞ ilə koalisiya yaratmaq planından imtina etmək üçün bəhanə ola bilər.