Azərbaycan Vaşinqtondan dəstək gözləyir Dünya

Azərbaycan Vaşinqtondan dəstək gözləyir

Aleksandr Murinson: "Prezident Əliyevin bu situasiyalardan çıxa bilmə qabiliyyəti vardır"

Cavid

Ötən həftə ABŞ-ın müsəlman dünyasında həqiqi dostluq əlaqələri və müttəfiqliklərinin az olmasının həlli ilə bağlı müsbət bir addım atan Obama administrasiyası Azərbaycanın nüvə silahlarının qlobal səviyyədə yayılmasının qarşısının alınması cəhdinin bir hissəsi kimi nüvə və radioloji materiallardan istifadəyə qadağa qoyulmasında mühüm rol oynadığını təsdiqlədi. Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev mart ayında Vaşinqtonda keçiriləcək dördüncü Nüvə Təhükəsizliyi Sammitinə dəvət edilib. Bu, ABŞ-ın milli təhlükəsizliyində bu kiçik Qafqaz ölkəsinin əvəzsiz rol oynadığını göstərir.
Aleksandr Murinson "Washingtontimes" də yazır ki, Azərbaycanın dünyəvi konstitusiyası, ABŞ, Avropa İttifaqı və İsraillə qurduğu yaxın əlaqələr və İranda yaşayan 30 milyon etnik azərbaycanlı qarşısında Tehran Azərbaycanın artan iqtisadi və hərbi gücünü özünə qarşı təhlükə hesab edir. Eyni şəkildə, Azərbaycanın gücünü yenidən qazanmaqda olan, itdirdiyi torpaqları geri qaytarmaq istəyən və digər ölkələrin suveren ərazilərini istədiyi vaxt özünə birləşdirən Rusiya Federasiyası kimi şimal qonşusu var. Azərbaycan qərbdə isə Rusiyanın təcavüzkar vassalı Ermənistanla qonşudur.
Regional gərginliklərin yüksək həddə çatdığı bir vaxtda Bakının tənqidə yox, Vaşinqton tərəfindən açıq şəkildə dəstəklənməyə və əminliyə ehtiyacı vardır. Taliban və İslam dövlətinin gücləndiyi bir dövrdə Qərblə strateji anlaşmaya sadiq bir dövlətə ehtiyac var. ABŞ tərəfindən birmənalı şəkildə dəstəkləndiyini görən Azərbaycan arxasında böyük bir qüvvənin olduğunu bilərək öz daxili siyasətini uzunmüddətli maraqlarına uyğunlaşdırar. Bu maraqlardan biri də məhz müsəlman demokratiyası modeli olmaqdır.
Azərbaycan Rusiya və İran arasında seçim etməyə məcburdur. Prezident Əliyevin bu situasiyalardan çıxa bilmə qabiliyyəti vardır. Qeyd edək ki, onun Yeni Azərbaycan Partiyası son seçkilərdə yüksək nəticələr göstərdi. Azərbaycan xalqı yaxşı başa düşür ki, ölkənin stabilliyini qorumaq və bir çox müsəlman ölkələrini ələ keçirmiş islamçı radikalizmin qarşısını almaq üçün hazırkı rəhbərliyin alternativi yoxdur. Azərbaycan seçiciləri, xüsusilə də, ərəb baharının təkrarlanmasından qorxurlar.
Qeyd edək ki, noyabr ayında Azərbaycanda keçirilən parlament seçkilərinə nəzarət üçün heç bir Qərb hökuməti rəsmi müşahidəçi göndərmədiyi halda, İsrail keçmiş xarici işlər naziri Aviqdor Liberman və parlament üzvü, İsrailin ABŞ-dakı keçmiş səfiri Mixael Orenin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti göndərdi. Bu isə Azərbaycan hökumətinin gərgin regionda stabilliyi qoruya biləcəyinin qəbul olumasına bir işarə idi. Bu müşahidəçi missiyanın Azərbaycanın çoxlu sayda təzyiqlərə baxmayaraq, dünyəvi konstitusiyasını qoruyan müsəlmanların çoxluq təşkil etdiyi bir ölkə kimi əhəmiyyətinin təsdiq olunması baxımından diplomatik tərəfi də var idi.
Yaxın Şərqdə geosiyasi reallığın sürətlə dəyişdiyi bir vəziyyətdə Azərbaycanın mövqeyi Avropa üçün əsas enerji təminatçısı kimi Qərb üçün daha da mühüm əhəmiyyət kəsb etməyə başlayır. İranın müdafiə naziri Hüseyn Dehqa ötən il 20 aprel tarixində Bakıya səfəri zamanı Azərbaycana silah satmağı təklif etmiş, Tehran və Bakının regional və beynəlxalq təhlükəsizliyin pozulduğu, eləcə də, terrorizmin yayıldığı bir vaxtda "güclü və nüfuzlu" bir regionall müttəfiqliyi qurmaq üçün müdafiə və hərbi əməkdaşlığı gücləndirməli olduğunu bildirmişdi. Onun azərbaycanlı həmkarı general-leytenant Zakir Həsənov da İran və Azərbaycan tərəfindən müdafiə-hərbi əməkdaşlıq üzrə birgə komissiya yaradılmasını təklif etmişdi.
Azərbaycanın şimal qonşusuna gəldikdə isə, Rusiya da Azərbaycanla "qardaşlıq əlaqələrini gücləndirməyə və artırmağa" hazır olduğunu bildirir. Azərbaycan müxtəlif güc mərkəzləri arasında manevrlər edə və ölkənin müstəqilliyini qoruya bildiyini dəfələrlə göstərib. Cənab Əliyevin hakimiyyəti altında vəziyyət bu cür davam edəcək. Əks halda, Qərb enerji planları və Şərq-Qərb dəhlizi layihələrini əsaslı şəkildə yenidən nəzərdən keçirməli olacaq. Avropa enerji təhlükəsizliyi strukturunda kəskin dəyişiklik edə bilməz. Xüsusilə də, Avropanın Rusiyanın "enerji hökmranlığından" asılılığını aradan qaldıra biləcəyi bir vaxtda kəskin bir dəyişiklik iqtisadi cəhətdən çox baha başa gələr. Bakı Qərbin dəstəyinə etibar edə bilməcəyinə qərar verərsə, böyük ehtimal, Moskvanın təsir dairəsinə düşəcək.
Əgər ABŞ keçmiş nailiyyətləri sürdürmək və Xəzər regionunda yaxşı düşünülmüş Amerika siyasətini qorumaq istəyirsə, rəhbərliyin praqmatik fəaliyyət göstərməsi vacibdir.