Səfirin həyasızlığı Dünya

Səfirin həyasızlığı

Diplomatı danşıdıran erməni-fars qardaşlığına sadiqliyidir

Cavid

İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi yenə də Azərbaycanı hədələyib. O, İrəvanda yayılan "Armnews" telekanalına müsahibəsində açıq təcavüzkar mövqe ifadə edib.
"Əgər söhbət tarixi tələblərdən gedirsə, onda çox sayda bu cür məsələlər ortaya çıxa bilər. Belə olan vəziyyətdə çox sayda ölkələrin, o cümlədən Azərbaycanın suverenliyi sual altına düşə bilər", - deyə üzdəniraq səfir bildirib.
İran səfiri daha sonra ölkəsinin Ermənistana dost münasibətindən bəhs edib. Onun sözlərinə görə, İran-Ermənistan münasibətlərinin gündəliyində ən vacib məsələ kimi dəmir yolunun məsələsi durur. M.Rəisi həm də məlumat verib ki, yaxın zamanlarda İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfərə gələcək.
Səfirin həyasızlığı bununla bitmir. O deyir: "Azərbaycanın Ermənistana ərazi iddiaları tamamilə əsassızdır".
Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan torpaqlarının işğal olunması fonunda İranın Ermənistandakı səfiri M.Rəisinin bu bəyanatına başqa ad vermək olmur. O, bundan əvvəl də bildirmişdi ki, "İran tarixinə görə Qafqazın 17 şəhəri İrana məxsus olub". Səfir İrəvan, Zəngəzur və Qarabağı da bu sıraya aid etmişdi.
Daha öncə isə bu şəxs erməni jurnalistlərinin "Güney Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsi ilə bağlı səslənən fikirlərə münasibətiniz necədir" sualını cavablandırarkən deyib ki, kiçik bir ölkə heç bir zaman həm ərazisinə, həm də əhalisinin sayına görə özündən böyük olan ərazini özünə birləşdirə bilməz. Səfir Azərbaycanın tarixi keçmişini şübhə altına alaraq, Azərbaycanın dövlət kimi 1918-ci ildə yaradıldığını bildirib: "Ancaq Cənubi Atrpatakanın əhalisi hesabına Azərbaycan Respublikasının əhalisinin sayı artıb. Şərqi və Qərb Atrpatakan İranın vacib bölgələri və ayrılmaz hissələridir".
Bu da diplomatik etikaya sığmayan qeyri-ciddiyyətin bir formasıdır, tarixi təhrif etməyin ən əcaib nümunəsidir.
Baxmayaraq ki, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin həmkarının müsahibəsinə münasibət bildirərkən onu təcrübəli diplomat adlandırıb.
Pak Ayin deyib ki, həmkarının Ermənistan mətbuatına verdiyi müsahibə təhrif edilmiş şəkildə yayımlanıb: "Ermənistanın mətbu orqanlarından biri Məhəmməd Rəisi ilə müsahibə zamanı belə bir sual verib ki, Azərbaycanın bəzi millətçi partiya və təşkilatları İrana qarşı ərazi iddiaları ilə çıxış edirlər. Cənab Rəisi isə bildirib ki, xoşbəxtlikdən Azərbaycanla İran arasında münasibətlər çox yüksək səviyyədədir və iki ölkə rəhbərləri bu əlaqələrin daha da inkişaf etdirilməsini istəyirlər. Lakin belə bir iddia bütün region ölkələrinin ərazi bütövlüyünü şübhə altına alar".
O deyib ki, Ermənistan Respublikasının bəzi mətbuat orqanları bu müsahibəni təhrif edilmiş şəkildə yayımlayıb: "İranla Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. İran Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir və daim beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".
Amma İranla Ermənistan qardaşlığı faktdır, təbii ki, farsların Ermənistandakı səfiri də bu qardaşlığa xələl gətirə biləcək hər hansı bir açıqlama verməz.
Pak Ayindən fərqli olaraq, Rəisi daim Ermənistanla və İranın strateji münasibətləri inkişaf etdirdiyinmən məmnunluğunu bildirib: "Ermənistanın maraqları İranın, İranın maraqları isə Ermənistanın maraqlarıdır".
Rəisi xatırladıb ki, İranda ixracı qadağan olan məhsulların siyahısı təsdiq edilib, buna baxmayaraq, bu malların bəziləri Ermənistana ixrac edilir. Onun fikrincə, hətta İrəvan və Tehran arasında sıx əlaqələr çoxları üçün nümunə ola bilər.
Rəisinin açıqlaması paralel olaraq, Rusiyanın da əleyhinə yönəlib. O faktiki olaraq, Moskvanın əldən vermək niyyətində olmadığı Cənubi Qafqaz regionuna Tehranın kobud şəkildə nüfuz etmək planlarını belə ortaya qoyur. Hətta bu niyyət Cənubi Qafqaz regionu ilə bağlı ərazi iddiaları şəklində ifadə edilir. Onu da bildirək ki, İranda antirusiyaçılıq yeni geosiyasi istiqamət üçün mühüm mənbədir. İranda başa düşürlər ki, o ABŞ-ın regional canişini olacağı təqdirdə, ABŞ ona ərəb dövlətlərinə və İsrailə qarşı çıxış etməyə icazə verməyəcək. Amma İranın antirusiyaçılığına ABŞ-da ehtiyac var. ABŞ Türkiyəni antirusiyaçılığa təhrik edə bilmədi. Bu işi İran görə bilər. İran Qafqazı və Mərkəzi Asiyanı özünün tarixi torpaqları hesab edir, bu torpaqlar da indi Rusiyanın geosiyasi təsiri altındadır. İranın ABŞ-a lazım olan antirusiyaçılığı üçün ən yaxşı start ərazisi Ermənistandır. Çünki Ermənistan kifayət qədər zəifdir, İran da onu asanlıqla idarə edə bilər. İran Ermənistanın ictimai-siyasi mühitində böyük gücə malikdir. Ermənistanın ictimai-siyasi mühitində İranın pulunu dadmayan siyasətçilərin sayı çox azdır.
İran Ermənistandakı ekspertləri vasitəsilə Rusiyanın gücünü tədqiq edib və bu ekspertlər vasitəsilə güclü antirusiya baza yaradıb. Hətta Ermənistandakı siyasətçilər vasitəsilə Rusiyanın bəzi nüfuzlu ekspertlərini də ələ alıb, onları müəyyən sifarişlər icra etdirib. S.Tarasov və M.Kolerovun "Gülüstan" sülh müqaviləsinin 200 illiyi adı ilə Gizlərə qədər (Dağıstan) Qafqaz ərazisinin tarixən İrana məxsusluğu ideyasını dəstəkləməsi təsadüfi deyil. Rusiya da İranın Qərblə münasibətləri bərpa etməsindən narazıdır. Ona görə də İsraillə əlaqələri daha da genişləndirməyə başlayıb.
İran və Ermənistanda belə bir inam mövcuddur ki, İranın ABŞ-la münasibətlərinin yaxşılaşması Ermənistan-İran münasibətlərinə yeni təkan verəcək. Hətta İranda Ermənistanın ABŞ-dakı səfirinin özlərini ABŞ-dakı səfiri kimi qəbul edirlər. Maraqlıdır ki, ABŞ-dakı erməni səfiri T.Markaryan Ermənistanın enerji və təbii ehtiyatlar naziri A.Movsisyanın doğma qardaşıdır. Bununla belə enerji layihələri İran-Ermənistan münasibətlərində ön plandadır.
İranın Ermənistandakı səfirinə gəlincə isə, belə görünür, bu üzdəniraq diplomatın missiyası yalnız Ermənistan-İran münasibətlərinə xidmət etmək deyil, həm də Azərbaycanın maraqlarına qarşı çıxış etməkdir. İran-Ermənistan dostluq və qardaşlığı Məhəmməd Rəisiyə bu missiyanı həyata keçirmək üçün böyük imkanlar yaradıb.