
“Hazırda Nikol Paşinyanın əsas rəqibi, revanşist qüvvələrin də əsas güc mərkəzi kilsədir. Kilsə-Paşinyan ziddiyyətləri Nikol hakimiyyətə gələndən sonra başlanıb. Ermənistanda 10 illərlə radikal və terrorçu qrupların siyasi-ideoloji mərkəzi rolunu oynamış apostol kiləsinin Ermənistanda siyasi proseslərə təsiri hələ də güclüdür. Bu üzdən də Paşinyan kilsəni siyasi proseslərdən çıxdaş etmək istəyir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.
O qeyd edib ki, Paşinyan kilsəni nəzarətə götürə bilsə öz hakimiyyətinə qarşı əsas təhlükə mənbələrindən birini neytrallaşdıracaq: “Yada salaq ki, 2019-cu ildə Paşinyan hökuməti II Qaregini korrupsiyada ittiham etdi. Bu, tərəflər arasında qarşıdurmanı dərinləşdirmişdi. O zaman baş nazirin tərəfdarları katalikosu döymüşdülər. 3 il sonra hökumətin Eçmiədzin kilsəsini və II Qaregini vergidən yayınmaqda ittiham etməsi ilə gərginlik yenidən yüksəldi. Paşinyan iqtidarının iddiasına görə, kilsə qanunsuz şam və çaxır satışı ilə məşğul olub. Yəni vergidən yayınıb”.
E.Cəfərlinin sözlərinə görə, Paşinyanla kilsə arasında növbəti gərginlik 2024-cü ildə baş verdi: “Kilsə bu dəfə Ermənistanın işğal etdiyi Azərbaycanın Qazax rayonunun dörd kəndinin qaytarılmasına etiraz edirdi. Bu dəfə siyasi səhnəyə yenə də “vətənpərvərlik şüarları” ilə sərhədlərin dəqiqləşdirilməsinə etiraz edən arxiyepiskop Baqrat Qalstanyan çıxdı. Keşinin arxasında sabiq prezident Robert Köçəryanın olduğu üzə çıxdı. Maraqlıdır ki, uzun illər Ermənistanı idarə etmiş “Qarabağ klanı”nın nümayəndələri Robert Köçəryan və Serj Sarkisyan o qədər nüfuzdan düşüblər ki, kilsənin arxasında gizlənmək zorunda qalıblar. Bəs onlar, bütövlükdə revanşist qüvvələr kilsənin dəstəyi ilə Paşinyana qalib gələ bilərlərmi? Fikrimcə, Nikol Paşinyan Ermənistan cəmiyyəti üçün bir tapıntıdır. Bunu erməni xalqı gözəl anlayır. Radikal millətçi dairələr 35 il Ermənistanı lüzumsuz münaqişəyə cəlb etdilər. Nəticədə, erməni xalqı 10 minlərlə itki verdi, gənc erməni hərbçiləri öldü. Minlərlə insanın taleyi məhv oldu. İnsanlar bir tikə dərk dalınca ölkəni tərk edib xaricə üz tutdular. İtirən xalq, qazanan isə lüzumsuz müharibəyə başlayanlar oldu. Qısa zamanda milyonçuya çevrilmiş “Qarabağ klanı”nın rəhbərləri Ermənistanın inkişafının qarşısında əngəl oldular”.
Siyasi şərhçi əlavə edib ki, Nikol Paşinyan erməni xalqını soyub soğana çevirmiş korrupsioner çeteyə qarşı xalqın ümidinə çevrildi: “Müşahidələr göstərir ki, xalq bu gün də Paşinyanın arxasındadır. Fikrimcə, Nikol Paşinyan bu mübarizədə qalib gələcək. Onun tarixi missiyası var. Nikol Paşinyan olmasa belə onun siyasi kursunda olan başqa lider prosesləri aparacaq”.
Röya İsrafilova