“ABŞ Rusiyaya qarşı daha sərt mexanizmləri işə salmaq fikrindədir” Gündəm

“ABŞ Rusiyaya qarşı daha sərt mexanizmləri işə salmaq fikrindədir”

“Tramp və Putin arasında Budapeştdə olacaq görüş baş tutmadı. Tramp bu görüşdən müsbət nəticə çıxacağını düşünmədiyinə görə görüşün ləğv olunmasına qərar verdi. Düşünürəm ki, Rubio və Lavrovun telefon danışığı və müzakirələrindən sonra görüşün ləğvi qərarına gəlindi. Görünən odur ki, Rubio Lavrovla danışığında Rusiya tərəfinin bu və ya digər güzəştə getmək istəmədiyini hiss etdi. Yəni söhbət Rusiyanın tələblərindən gedir. Bu tələblərdən biri də Ukraynanın öz ərazilərindən geri çəkilməsi, Donbasdan tam çıxması və s.-dir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Onun sözlərinə görə, aydın məsələdir ki, Ukrayna bu tələblərə razılıq verməyəcək: “Bir sözlə, Budapeşt görüşü də hansısa bir nəticə verməyəcəkdi. Ona görə də Tramp görüşdən imtina etdi və ABŞ-nin maliyyə nazirliyi Rusiyanın Rosneft və Lukoilə aid 36 şirkətə sanskiyalar tətbiq etdi. Bu da onu göstərir ki, ABŞ Rusiyaya qarşı daha sərt mexanizmləri işə salmaq fikrindədir. Əvvəlki yöntəmlər – diplomatiya, danışıqlar, inandırma heç bir fayda vermədi. Alyaska görüşünə böyük ümidlər vardı. Onun da bir nəticəsi olmadı”.

S.Zahidov bildirib ki, NATO-nun baş katibi Mark Rutte də bəyanat verdi ki, ABŞ-dən Ukraynaya silahların ilk partiyası gəlib və bu, özü də bir gəlişmədir: “O baxımdan ki, ilk dəfə Tramp dönəmində ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir və eyni zamanda ABŞ birbaşa Ukraynaya silah-sursat göndərir. Düzdür, həmin texnikanın, silah-sursatın pulunu Avropa dövlətləri ödəyir. Amma yenə də ABŞ silahlarının Trampın dönəmində Ukraynaya gəlməsi düşünürəm ki, müharibənin gedişatına təsir göstərəcəyi kimi eyni zamanda da ABŞ Ukrayna arasında olan anlaşılmazlıqların və müəyyən gərginliyin aradan qaldırılmasına töhfə verəcək”.

Röya İsrafilova