"Putin bütün dövlət idarəetmə sistemini öz üzərində cəmləyib" Gündəm

"Putin bütün dövlət idarəetmə sistemini öz üzərində cəmləyib"

Rusiyanın Ukraynada başladığı müharibə artıq gözlənildiyi kimi, Rusiyanın sonuna aparan proses kimi özünü təsdiqləyib.
Ancaq Qərb, xüsusən də ABŞ, Rusiyanın parçalanmasında maraqlı deyil.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, ABŞ-ın hesabına görə, Rusiyanın dağılmasından digər siyasi nəticələrlə yanaşı, həm də və ən əsası Çin Rusiya ərazilərinin bir qisminə sahiblənə bilər və bu da onun daha da qüdrətlənməsinə gətirər:

"Hələ Rusiya–Ukrayna müharibəsindən xeyli əvvəl xarici ekspertlərin, ictimai-siyasi xadimlərin proqnozlarına görə, Rusiyanın sonu Ukraynada başlamalı idi. George Friedman, Zbigniev Brzezinski, Janusz Bugajski, Cövhər Dudayev, Vəfa Quluzadə və sair qeyd etmişdilər ki, Rusiyanın süqutu məhz Ukrayna ilə başlayacaq.

Həqiqət budur ki, Rusiya prezidenti Ukrayna müharibəsi ilə hakimiyyətinin idarəçilik mexanizmini dövlət orqanizmi kimi məhv edib. Rusiyada artıq heç bir dövlət institutu müstəqil şəkildə fəaliyyət göstərə bilmir. Putin bütün dövlət idarəetmə sistemini öz üzərində cəmləyib.

Bu isə o deməkdir ki, Putin postundan gedəndən, yaxud devrildikdən sonra hakimiyyət uğrunda ciddi qarşıdurmalar mütləqdir. Artıq Rusiya daxilindən də səslənən fikirlərə görə, Rusiya Ukrayna müharibəsi ilə nəinki insani və iqtisadi resurslarını, həm də psixoloji və informasiya resurslarını tükədib".

Cavid