Putin Rusiya kəşfiyyatçılarını ayıq olmağa çağırdı Dünya

Putin Rusiya kəşfiyyatçılarını ayıq olmağa çağırdı

"Bütün vasitələrlə ölkənin sirlərini öyrənməyə çalışırlar"
Prezident Vladimir Putin Rusiyanın dövlət təhlükəsizlik orqanı – Federal Təhlükəsizlik Xidmətini (FTX) ölkənin yeni silahlarına dair və başqa informasiyanın qorunmasına çağırıb. O bildirib ki, xarici kəşfiyyat Rusiyadakı fəaliyyətini genişləndirir. "Azadlıq"ın yazdığına görə, Putin bu xəbərdarlığını martın 6-da televiziya ilə yayınlanan çıxışında verib. O konkret olaraq heç bir ölkənin adını çəkməyib. Qərb Rusiyanı başqa ölkələrin seçkilərinə müdaxilədə və digər ziyanlı fəaliyyətlərdə ittiham edir.
Bunlardan biri də ötən il İngiltərədə keçmiş Rusiya casusunun zəhərlənməsidir. London keçmiş casus Sergey Skripal və onun qızının zəhərlənməsinə görə Moskvanı ittiham edib. Bundan başqa Birləşmiş Ştatlar "Soyuq müharibə" zəmanəsində imzalanmış əsas nüvə silahı müqaviləsindən çıxdığını elan edib. Bunun ardınca bu həftə Putin Rusiyanın da bu müqavilədən çıxdığını bildirib. ABŞ Rusiyanı Ortamənzilli Raketlərə dair 1987-ci il müqaviləsini (INF) pozmaqda ittiham edir.
Federal Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli zabitləri qarşısında çıxış edən Putin deyib ki, FTX ötən il 129 xarici kəşfiyyat zabitini ifşa edib, bundan başqa 495 xarici agent aşkar olunub. Rusiya prezidenti bu məlumata da ölkə adları ilə aydınlıq gətirməyib. Ümumiyyətlə Putin FTX rəhbərliyi ilə hər il görüşür və hər dəfə də ifşa olunmuş xarici agentlərin sayı barədə statistikadan söz açır. Bütün bunları hər hansı başqa mənbələrlə tutuşdurmaq mümkün deyil.
Putin martın 6-da deyib ki, xarici kəşfiyyat agentlikləri Rusiyada bütün vasitələrlə ölkənin siyasi, iqtisadi, elmi və texnoloji sahələrində sirlərə giriş tapmağa çalışırlar. Rusiya prezidenti son vaxtlar ölkəsinin "Avangard" və "Tsirkon" kimi yeni silahları barədə bəyanatlar verir, onların dünyada analoqu olmamasından söz açır. O hər dəfə bu məlumatları verərkən Qərb hökumətlərini bütün bunları nəzərə almağa çağırır. Martın 6-da etdiyi çıxışda Putin deyib ki, ABŞ-ın INF müqaviləsindən çıxması beynəlxalq təhlükəsizliyi pozur. Birləşmiş Ştatlar və NATO Rusiyanı yeni 9M729 qitələrarası raketini istehsal etməklə INF müqaviləsini pozmaqda ittiham edirlər. Moskva bu ittihamları rədd edir.
Rusiya ilə Qərb arasında münasibətlərin son dərəcə gərgin olduğu indiki vaxtda ABŞ və onun müttəfiqləri Rusiya casuslarına və haker şəbəkələrinə qarşı tədbirlərini gücləndiriblər. Çexiya Təhlükəsizlik Kəşfiyyatı Xidmətinin ötən dekabrda dərc etdiyi hesabatda deyilir ki, bu ölkədəki Rusiya səfirliyi Moskvanın agenturası üçün baza rolunu oynayır.
Bundan iki ay əvvəl Hollandiya və ABŞ hakimiyyət orqanları Rusiyanın GRU kimi tanınan hərbi kəşfiyyat qurumu – Baş Kəşfiyyat İdarəsini qlobal antidopinq agentlyini, beynəlxalq nüvə silahları gözətçisini və başqa qurumları beynəlxalq və çoxşaxəli haker kampaniyası ilə hədəfləməkdə ittiham ediblər. Britaniya GRU agentləri olduqları bildirilən iki rusiyalını ikili agent Sergey Skripal və onun qızını zəhərləməkdə ittiham edib. Moskva İngiltərənin Solsberi şəhərində törədilmiş bu kimyəvi zəhər hücumuna görə ittihamları rədd edir.
Lap bu yaxınlarda, martın 5-də Avropa Şurasının prezidenti Donald Tusk xəbərdarlıq edib ki, anti-Avropa qüvvələri may ayında keçiriləcək Avropa parlament seçkisini hədəfləyə bilərlər. Tusk konkret olaraq Rusiyanın adını çəkməyib, lakin Britaniya hökuməti iddia edib ki, Rusiya 2016-cı ildə Britaniyada keçirilən Avropa referendumuna müdaxilə cəhdində bulunub. Fransa və Almaniya da daxil başqa Avropa ölkələri də Rusiyanı onların seçkilərinə müdaxilə cəhdində ittiham ediblər. 2017-ci ildə ABŞ kəşfiyyat icmasının birgə qiymətləndirməsinə görə Rusiya 2016-cı il ABŞ seçkisinə namizəd Trampın xeyrinə müdaxilə edib. Moskva özü barədə casusluq və hakerlik ittihamlarını inkar edir.