“Putin qələbə eyforiyasına qapılıb” Dünya

“Putin qələbə eyforiyasına qapılıb”

Politoloq: "Dünyada Rusiyanın real müttəfiqi ola biləcək üç dövlət var"

"Ukrayna ilə hərbi münaqişəni donduraraq atəşkəs elan edən Putin bunula yeni "Qarabağ" yaratdığını düşünür. Eyforiyaya qapılan Putin Şərqi Avropanın üstünə getməklə Sovet Rusiyasının nailiyyətlərini təkrar etmək cəhdini göstərdi". Bu barədə politoloq Vasif Əfəndi deyib.
Onun fikrincə, 1941-1945- ci illərdəki Sovet qoşunlarının müvəffəqiyyətinin əsası Hitler Almaniyasına qarşı birləşən Avropa və ABŞ-ın köməyi və dəstəyi olmuşdur: "Bu dəfə eyforiyaya qapanan Putin unutmuşdu ki, artıq onun dünyada ciddi müttəfiqi yoxdur. Amerika və Avropa birmənalı olaraq Putin Rusiyasının əleyhinədir. Putinin müttəfiq zənn etdiyi keçmiş sovet respublikaları genişmiqyaslı müharibə şəraitində ilk zərbəni vuran dövlətlərə çevriləcəkdir. Putinin ən yaxşı halda müttəfiq ola biləcəyi üç dövlət var. Bunlar Venesuela, Suriya və Kubadır. O dövlətlərin də hay- hayı gedib, vay-vayı qalıb. Ukrayna ilə münasibətləri korlayan Putin artıq dayanmaq məcburiyyətindədir. İşğalın davamı bütün dünyaya qarşı çıxmaq demək idi. Bu münaqişənin də dondurulmuş vəziyyətdə saxlanması ilk baxışda Putinin müvəffəqiyyəti kimi görünsə də əslində bu ərazilər dünya üçün nəzarət olunmayan ərazilər kimi tanınacaq. Rusiya isə çökən iqtisadiyyatı ilə üzərinə daha bir əlavə yük götürməli oldu. Bu yükün Rusiyanın çəkə biləcəyinə əmin deyiləm. O səbəbdən də Putinin "Novorossiya" adlandırdığı xəyalı dövlət planı həyata keçməyəcək. Rusiya yaxın 10 illiklər ərzində Ukrayna kimi müttəfiqi itirdi və tələyə düşdü".