“Regional münaqişələr təhlükəsizlik sistemini dağıdır” Dünya

“Regional münaqişələr təhlükəsizlik sistemini dağıdır”

Rusiya paytaxtında "Müasir şərtlər altında ekstremizm və terrorizmlə informasiya mübarizəsi" adlı konfrans keçirilib.
Rusiya Federasiya Şurasının himayəsi altında XX Beynəlxalq "Təhlükəsizlik texnologiyası-2015" forumu çərçivəsində baş tutan konfransda Azərbaycan, Ermənistan, Belarus, Qazaxısan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının, MDBİcraiyyə Komitəsinin, Müdafiə Nazirləri Şurasının, Sərhəd Qoşunları Komandanları Şurasının, Mütəşəkkil cinayətkarlıqla mübarizə Bürosunun, Rusiya Təhqiqat Komitəsinin, habelə xarici və daxili işlər nazirliklərinin nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən MDB ölkələrinin Antiterror Mərkəzinin rəhbəri, polis general-polkovniki Andrey Novikov terrorizm və ekstremizmə qarşı mübarizəyə daha geniş prizmadan baxmağa qərar verdiklərini bildirib: "Bu, terrorizm və ekstremizmin bu gün "rəngli inqilablar"ın bir hissəsinə çevrilməsi və hətta regional münaqişələrin yaranması üçün tətik rolunda çıxış etməsi ilə əlaqədardır. Burada təhlükə ondan ibarətdir ki, regional münaqişələr "rəngli inqilablar" kimi uzun müddət bütün regionda vəziyyəti gərginləşdirir, regional təhlükəsizliyin tarixən oturuşmuş sistemini dağıdır. Biz "rəngli inqilablar"a destruktiv siyasi texnologiya kimi baxırıq. Bunlar ilk öncə informasiya sahəsində buraxılır. Faktiki olaraq söhbət informasiya-psixoloji müharibədən gedir. Bununla yanaşı bütün auditoriya destruktiv təsirə açıqdır. Mütəxəssislər haqlı olaraq qeyd edirlər ki, əhaliyə informasiya-psixoloji təsir dəyərlər sistemi sahəsində həyata keçirilir. Ona görə də onu hesablamaq çətindir. Söhbət radikal dini əqidənin formalaşmasından gedir. İndi buna neonasist təbliğat da əlavə olunub. Radikal dini əqidənin formalaşması, nasizm ideologiyasının bərpası konsepsiyası, nasist cinayətkarlardan qəhrəman obrazının yaradılması cəmiyyət üçün olduqca təhlükəlidir".
Novikov müasir dünyada texnoloji-psixoloji müharibənin tətbiqinin məhdudlaşdırılması üçün universal mexanizmlərin mümkün olmadığını söyləyib: "Ümid edirəm ki, bu gün keçirilən beynəlxalq konfransda MDB ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının fəaliyyət təcrübəsinə müasir yanaşmaların mexanizmlərini işləyib hazırlaya biləcəyik".