Venesuela prezidenti: “Obama məni devirmək istəyir” Dünya

Venesuela prezidenti: “Obama məni devirmək istəyir”

Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Barak Obamanı onu devirmək planlarında ittiham edib. ABŞ prezidenti Barak Obamanın 5 yüksək vəzifəli Venesuela rəsmisinə qarşı sanksiyalar tətbiq etməsinə cavab olaraq Maduro onun ünvanına kəskin ifadələr səsləndirib.
Televiziya ilə xalqa müraciət edən Maduro deyib: "ABŞ-ın imperialist elitasını təmsil edən Barak Obama şəxsən mənim hökumətimi devirməyə və Venesuelanın işlərinə qarışmağa, bununla da onu nəzarət altına almağa qərar verib.
Maduro həmçinin deyib ki, mərhum Venesuela lideri Uqo Çaves bütün dünyada ölkəsinin dostları şəbəkəsini yaradıb və məhz bu əlaqələrin sayəsində Obamanın çevriliş planı ona məlum olub. Çünki belə dostlar Ağ Evin özündə də var. "Barak Obama tarixə böyük səhvlərə yol verən Riçard Nikson və oğul Corc Buş kimi düşəcək. O, şizofrenik mesaj verən Frankenşteyn kimi qərar çıxarıb"-Venesuela lideri bildirib.
Qeyd edək ki, dünya bazarlarında neftin ucuzlaşması Venesuelada böyük iqtisadi böhrana səbəb olub. Ölkədə dollarla idxal edilən gündəlik tələbat malları kəskin bahalaşıb, mağazalarda qıtlıqdır. Hökumət əhaliyə tələbat mallarını talonla satır.