Azərbaycanlı tələbələr İstanbulun tarixi və elmi-mədəni məkanları ilə tanış olublar Cəmiyyət

Azərbaycanlı tələbələr İstanbulun tarixi və elmi-mədəni məkanları ilə tanış olublar

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinin tələbələri Aİİ, Türkiyə Diyanət Vəqfi və TİKA-nın birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq “Yay məktəbi” proqramı çərçivəsində Rami Kitabxanasını və Eyyub Sultan Məscidini ziyarət ediblər.

Tələbələr əvvəlcə Türkiyənin ən böyük kitabxanalarından biri olan Rami Kitabxanasında olublar. Onlara kitabxananın fəaliyyəti, zəngin kitab fondu, elmi-tədqiqat imkanları və oxucular üçün yaradılmış müasir şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, kitabxana yalnız zəngin informasiya resursları ilə deyil, həm də elmi və mədəni tədbirlərə ev sahibliyi etməsi ilə seçilir.

Onlar daha sonra İstanbulun mənəvi simvollarından biri olan Eyyub Sultan Məscidini də ziyarət ediblər. Burada məscidin tarixi, memarlıq xüsusiyyətləri və İslam mədəniyyətində tutduğu mühüm yer haqqında məlumatlandırılıblar. Ziyarət zamanı tələbələr İstanbulun orta əsrlərdəki dini-mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Proqram çərçivəsində tələbələrin asudə vaxtlarının səmərəli təşkili, elmi-mədəni dünyagörüşlərinin genişləndirilməsi, beynəlxalq akademik mühitlə yaxından tanış olmaları məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmpotensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.

Cavid