CMP-yə əlavə və dəyişikliklər ediləcək Hadisə

CMP-yə əlavə və dəyişikliklər ediləcək

Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması ilə bağlı yeni qaydalar tətbiq ediləcək

Milli Məclis cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması ilə bağlı yeni qaydaları müzakirəyə çıxarmağa hazırlaşır. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləyə edilən əlavə və dəyişikliklər nəzərdə tutulur.
CPM-yə ediləcək dəyişikliyə görə, cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Təklif edilmiş əlavə və dəyişikliklərlə həmin müddət 48 saatdan 24 saata endirilib. Belə ki, hazırda qüvvədə olan qanunvericilikdə şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi üçün məhkəmənin qərarının alınması haqqında əsaslandırılmış vəsatəti aldıqdan sonra 24 saatdan müddətində müvafiq qərarın qəbul edilməsi barədə təqdimatı məhkəməyə verməli və ya vəsatətin müdafiə edilməsindən imtina haqqında əsaslandırılmış qərar çıxarmalıdır.
Yeni layihəyə əsasən, Cinayət-Prosessual Məcəlləsinə 148.6. və 148.7. maddələri əlavə olunur.
Layihəyə əsasən, yeni 148.6. maddədə göstərilir ki, cinayət törədilməsinə şübhə yarandıqda şəxsin tutulması bu məcəllənin paralel olaraq eyni əlavə olunan 148.7.-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməlidir. Məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.
Paralel olaraq yeni əlavə olunan 148.7.-ci maddədə isə bildirilir ki, Cinayət Məcəlləsinin 102, 114, 169, 120.2.11, 214, 214-1, 214-3, 215.3, 217, 218, 219, 219-1, 220, 274, 275, 276, 277, 279, 280, 282, və 283-1-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü bu məcəllənin 148.6.-cı maddəsində (yuxarıda yeni əlavə olunan) nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində həyata keçirilməsinə mane olduqda, həmin müddət müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə yalnız 48 saatdan artıq olmayan müddətə uzadıla bilər.
Bundan başqa cinayət araşdırmaları ilə bağlı qaydalara da dəyişiklik nəzərdə tutulur. Belə ki, Cinayət - Prosessual Məcəlləsinin 86-cı maddəsinə dəyişiklik cinayət işinin aparılması prosesi ilə əlaqədar prokurorun, təhqiqat orqanlarının məsuliyyət və səlahiyyətinin artırılmasını nəzərdə tutur.
CMP-yə dəyişikliyə əsasən, təhqiqatçının bu məcəllə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə mane olan hallar (vəfat etməsi, ağır xəstəliyə tutulması və sair) yarandıqda, cinayət işinin digər təhqiqatçının icraatına verilməsi barədə vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndəriləcək.
Daha bir əlavəyə görə isə zərər çəkmiş şəxsin, şahidin və cinayət prosesində iştirak edən digər şəxslərin təhlükəsizliyi üçün tədbirlər görülməsi ilə əlaqədar vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndəriləcək.
Əlavə edilən 86.9-cu maddəyə görə isə təhqiqat orqanının rəhbəri təhqiqat orqanı əməkdaşlarının bu məcəllə ilə müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsini, məhkəmənin, prokurorun, müstəntiqin və təhqiqatçının qərar, göstəriş və ya tapşırıqlarının icrası üçün müvafiq tədbirlər görülməsini təklif edəcək, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin edəcək.
Əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.