Nəsimi rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilib Hadisə

Nəsimi rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilib

Bir qrup media nümayəndəsinə hədiyyələr təqdim olunub

Kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Milli Mətbuatın 141 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə tədbir-görüş keçirilin.
Görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, bu il artıq 141 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.
Asif Əsgərov vurğulayıb ki, dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə qəzetlər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. "Şərqi-rus", "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik" və digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıblar. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamış, qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxıb.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan "Əkinçi" qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilib. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Ölkəmizdə Mətbuat Şurası yaradılıb və "Mətbuat haqqında" Qanun qəbul edilmişdir. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar - vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə sıx əməkdaşlıq edir.
Hazırda ölkəmizdə çoxtərəfli mətbuat və informasiya sistemi yaradılıb. Cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, saytlar, tele-radio şirkətləri fəaliyyət göstərir. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılıb. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 141 illiyi ilə əlaqədar ölkə başçısının sərəncamına uyğun olaraq respublikanın bölgələrində keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər barədə məlumat verib. Bildirib ki, cənab Prezident İlham Əliyev mətbuat işçılərinin həyat şəraitini yaxşılaşdırılması məqsədi ilə onlara yeni mənzillər verilib. Göstərdiyi diqqət və qayğıya görə cənab Pzrezidentə mətbuat işçiləri adından minnətdarlığını bildirib. O əlavə edib ki,
Milli Mətbuat uzun yol keçib: "Bu gün mətbuatımız inkişaf edir. Xüsusilə də Azərbaycan müstəqillik əldə etdikdən sonra Ulu Öndərin hakimiyətə gəlişi ilə bu istiqamətdə mühüm işlər görülüb. Onlardan biri Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılmasıdır ki, hazırda 34 media orqanı bu qurum vasitəsilə maliyyə yardımı ilə təmin edilir. Bundan əlavə, Fond tərəfindən bir çox işlər görülür. Milli Mətbuat günü ərəfəsində də görülən işlər davam etdirilir. KİVDF mətbuat günü ilə əlaqədar yazı müsabiqəsi keçirib. Müsabiqəyə 160 yazı daxil olub ki, onlardan 114 -ü qalib olub. Fərqlənənlər 22 iyul- Milli Mətbuat günündə mükafatlandırılacaq".
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov söyləyib ki, mətbuat xalqın həyatında böyük rola malikdir. O qeyd edib ki, MDB ölkələri arasında ilk dəfə mətbuat üzərində senzura Azərbaycanda götürülüb. O əlavə edib ki, Türkiyədə hərbi çevrilişə cəhd bu ölkədəki güclü medianın sayəsində baş tutmadı. MŞ sədri bildirib ki, Azərbaycan mətbuatı da daima Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayıb. Millət vəkili qeyd edib ki, Türkiyədə hərbi çevrilişə cəhd zamanı Azərbaycan hakimiyyəti, Azərbaycan xalqı Türkiyə dövlətini, demokratiyanı dəstəkləyib.
"Yeni Azərbaycan" qəzetini baş redaktoru, millət vəkili Hikmət Babaoğlu mətbuatın inkişaf tarixindən danışıb və jurnalistləri peşə bayramı münasibətilə təbrik edib. Daha sonra söz alan "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, hazırda Azərbaycanda dövlət və mətbuat arasında sağlam münasibət var: "Bu sağlam münasibətin kökündə dövlət qayğısı dayanır ki, bunun da əsası Ulu Öndər tərəfindən qoyulub. Mətbuatın bayramı bütün Azərbaycanın bayramıdır. Çünki elə bir ailə yoxdur ki, orada televiziyaya baxılmasın, qəzet oxunmasın və internet mediadan istifadə edilməsin. Bu baxımdan bütün media işçilərini bu gün münasibətilə təbrik edirəm". "Iki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də öz növbəsində ölkəmizdə mətbuata olan diqqət qayğıdan söz açıb. Tədbirin sonunda bir qrup jurnalist mükafatlandırılıb.