Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək Hadisə

Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək

Yanvarın 9-da saat 15.00-da Azərbaycan Mətbuat Şurasında Şuranın Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək.

Bu barədə Mətbuat Şurasından məlumat verilib.

"Məlum olduğu kimi, komissiya Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildəki son iclasında yenidən formalaşdırıldı. Sədr “APAMedia Group"un baş direktoru Vüsalə Mahirqızı olmaqla, qurumun tərkibində İdarə Heyətinin digər üzvlərindən - “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, həmçinin Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyevin və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin təmsilçiliyi məqbul sayıldı. Eyni zamanda, dilçi alimlərin də komissiyanın işinə cəlb edilmələri istiqamətində tədbirlərin görülməsi qərara alındı.

Qeyd edək ki, Prezident İlham Əliyev həm ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında, həm də bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ana dilimizlə bağlı həssas məqamlara toxundu. Dövlətimizin başçısı müsahibəsində məsələyə daha geniş yer verdi və ana dilimizi dövlətçiliyin əsas atributlarından biri, hətta bayraqla, gerblə, himnlə birlikdə birincisi adlandırdı və bildirdi ki, uzun illər xalqımızın yaşadığı məhrumiyyətlər düşüncələrdə mənfi təsirlər buraxıb, fəsadlar yaradıb. Ölkəmizin lideri həmin fəsadların və təsirlərin aradan qaldırılmasının vacibliyini dilin milləti millət etmə potensialı ilə əsaslandırdı və buna görə də ana dilimizin qorunmasının mütləq əhəmiyyətini qabartdı. MŞ-nin Dil Komissiyası genişləndirilmiş iclasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı müzakirə aparacaq. Dilçi alimlərin, sahə üzrə mütəxəssislərin iştirakı ilə keçiriləcək müzakirə mediada ana dilimizin qorunmasına yönələn fəaliyyət planının hazırlanması məqsədi daşıyacaq", - məlumatda qeyd olunub.