7 Yanvar 14:07
1 407
Qəbələ rayonunun Nic qəsəbəsində “Cotari” Alban Udi kilsəsində İsa Peyğəmbərin mövludu günü - Milad bayramı qeyd olunub.
APA-nın Şirvan bürosu xəbər verir ki, tədbirdə Alban-Udi icmasının rəhbəri və icma üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin onlara olan diqqət və qayğısından danışıblar.
Həmçinin bayram münasibətilə təbriklər səsləndirilib, dualar oxunub.
Qeyd olunub ki, “Cotari” kilsəsinin əsaslı şəkildə bərpası ölkədə tolerantlıq mühitinə gözəl nümunədir. Məlumat verilib ki, Nic qəsəbəsində 3 kilsə və 2 məscid var. Yeddi min nəfər əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 dən artıq udi yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2000 ildən artıqdır ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.
Sonra kilsədə şamlar yandırılıb, dualar oxunub.