Teodora Georgieva: ICGB-nin genişləndirilməsi Azərbaycan qazının Avropada mövqeyini daha da gücləndirəcək Hadisə

Teodora Georgieva: ICGB-nin genişləndirilməsi Azərbaycan qazının Avropada mövqeyini daha da gücləndirəcək

"Bolqarıstanın əsas qaz təchizatı Azərbaycan qazı hesabına formalaşıb".

“APA-Economics” xəbər verir ki, bunu Yunanıstan–Bolqarıstan qaz interkonnektorunun (ICGB) icraçı direktoru və idarə heyətinin üzvü Teodora Georgieva bildirib. O deyib ki, hazırda Bolqarıstanın qaz balansında əsas pay Azərbaycan qazının payına düşür və bu qaz ICGB xətti vasitəsilə ölkəyə fasiləsiz şəkildə nəql olunur.

Onun sözlərinə görə, ICGB üzərindən nəql edilən Azərbaycan qazı qiymət baxımından ən rəqabətli mənbə olmaqla yanaşı, Bolqarıstanın enerji təhlükəsizliyində əsas dayağa çevrilib. Qeyd olunub ki, xəttin istismara verilməsindən sonra qaz təchizatında fasilə qeydə alınmayıb və bu, xüsusilə regional və qlobal enerji böhranları fonunda Azərbaycan qazının etibarlı mənbə kimi rolunu ön plana çıxarıb.

Teodora Georgieva vurğulayıb ki, ICGB Cənub Qaz Dəhlizi və “Vertical Gas Corridors” təşəbbüsləri çərçivəsində strateji marşrut rolunu oynayır. Bu çərçivədə hazırda mövcud olan və planlaşdırılan 2-ci və 3-cü marşrutlar gələcəkdə əlavə Azərbaycan qazı həcmlərinin Cənub-Şərqi Avropa və daha geniş Avropa bazarlarına çıxarılmasını mümkün edəcək.

Açıqlamada qeyd olunub ki, layihə üzrə əsas tərəfdaşlardan biri SOCAR olaraq qalır və ICGB-nin uzunmüddətli dayanıqlığı məhz Azərbaycan qaz tədarükünün stabil xarakteri ilə birbaşa bağlıdır. Bildirilib ki, interkonnektorun genişləndirilməsi üçün zəruri satınalma paketi təsdiqlənib və bu, perspektivdə Azərbaycan qazının Avropa bazarındakı mövqeyini daha da gücləndirəcək.

ICGB rəhbərliyi Azərbaycanı regionun enerji təhlükəsizliyində strateji tərəfdaş kimi dəyərləndirərək, interkonnektorun istismarının Avropanın qaz təchizatının şaxələndirilməsində mühüm rol oynadığını qeyd edib.