Quba “ASAN həyat” kompleksinin açılışı olub Hadisə

Quba “ASAN həyat” kompleksinin açılışı olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat" kompleksinin açılışında iştirak ediblər.
Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.
Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlət başçısına Quba "ASAN həyat" kompleksi barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional "ASAN həyat" kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Kompleksin tikintisinə bu ilin əvvəlində başlanılıb. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada "ASAN xidmət" Mərkəzi, "ASAN təlim" Mərkəzi, "ABAD" Mərkəzi, "ABAD" Məktəbi yaradılıb.
Dövlət başçısı mərkəzlə tanış olub. Kompleksin "ASAN xidmət" Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 170, könüllülərin sayı isə 45 nəfərdir. Quba "ASAN xidmət" Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərəcək.
Dövlət başçısı Quba "ASAN xidmət" Mərkəzini işə salıb.
Prezident İlham Əliyevə "Ready 2.0" avadanlığı haqqında məlumat verilib. Bu avadanlıq "ASAN xidmət" mərkəzlərində hazır sənədlərin vətəndaşlara avtomatlaşdırılmış qaydada verilməsi üçün hazırlanmış cihazın yeni versiyasıdır. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb.
Mərkəzlə tanışlıq zamanı prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni layihələr barədə də məlumat verilib.
Bildirilib ki, "ASAN viza 2.0" sistemi Azərbaycan vətəndaşları üçün xarici ölkələrə səfər vizalarının alınmasına elektron müraciətin təmin edilməsi üçün yaradılıb.
Diqqətə çatdırılıb ki, yeni layihələrdən biri də doğum evlərində körpələrə fərdi identifikasiya nömrələrinin verilməsinin təmin edilməsi üçün aparılan inteqrasiya işləridir.
"Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu"nun təqdimatı zamanı İKT sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirən bu qurumun fəaliyyət istiqamətləri və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara çıxarılması ilə bağlı planlar barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, maliyyə xidmətlərinin "one-stop shop" prinsipi ilə təqdim edilməsi üçün isə "ASAN finance" elektron portalının yaradılması nəzərdə tutulur.
Dövlət başçısına "Tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin Elektron Reyestri" barədə də məlumat verilib. Burada reyestrin funksional imkanları, fəaliyyəti və tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinin nəticələri əks olunub. Bildirildi ki, 2018-ci ildə Şəki və İmişli rayonlarında "ASAN həyat" komplekslərinin istifadəyə verilməsi planlaşdırılır.
Prezident İlham Əliyevə növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər "ASAN xidmət" mərkəzlərinin layihələri də təqdim olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin "ABAD" Mərkəzində də olublar.
Dövlət başçısı "ABAD"çı ailələrin hazırladıqları yeni məhsullara baxıb.
Prezident İlham Əliyev Quba "ASAN həyat" Kompleksinin əməkdaşları ilə görüşüb.