Qadınlara qarşı zorakılıq problemi Hadisə

Qadınlara qarşı zorakılıq problemi

Mehriban Zeynalova: "Ənənələr qadının irəli getməsinə mane olur"
Elnur Rüstəmov: "Səbəb ailədə qadının əvvəlki kimi kişiyə güzəştə getməməsidir"

Araşdırmalar onu göstərir ki, ailə zorakılığının kökləri qadının ənənəvi olaraq bir çox cəmiyyətlərdə özəl və ictimai həyatda asılı rol tutmasında gizlənir. Azərbaycanda zorakılıq qurbanlarının 75 faizi hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Bunun əsas səbəbi isə milli adət-ənənələrdir. Aparılan araşdırmalara görə, o da məlum olub ki, cinayətkarların 68,5 faizi zorakılığın hökm sürdüyü ailələrdə böyüyənlərdir. Regionlarda, əyalətlərdə vəziyyət bu baxımdan daha acınacaqlıdır. Psixoloqların fikrincə, son illər cəmiyyətdə aqressivlik şəraiti hökm sürür. Bu da özlüyündə zorakılığa təkan verən ən böyük amildir. Ailə zorakılığına səbəb maddi və psixoloji asılılıq, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi və ailə mədəniyyətinin aşağı olmasıdır. Fiziki zorakılıq, döyülmə, yaralanma, yanıqlar, ev dustaqlığı və s. deməkdir. Emosional zorakılığa isə - psixoloji zorakılıq, alçaldılma, istismar, hədə-qorxu, psixoloji təsir, azadlığı məhdudlaşdırmaq daxildir. Zorakı davranış sərgiləyənlər qurbanlarına qarşı müxtəlif məcburedici və təhqiredici davranışlardan istifadə edirlər. Bu cür davranışların bəziləri fiziki zədə ilə nəticələnir. Statistik məlumatlara əsasən, hər il dünyada zorakılıq üzündən 1200-ə yaxın qadın ölür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif zərbələrə tuş gəlir.
Kütləvi İnformasiya Vasitələrininin monitorinqi göstərir ki, Azərbaycanda qadına qarşı fiziki zorakılıq adi hal alıb. Tədqiqatlar göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür. Hər il yaşı 17-43 arasında olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyasını dəyişir. Azərbaycanda bu vəziyyətdə yaşayan qadınların 73 faizi ərləri və ya qanunsuz nikahda olduqları kişilər tərəfindən zorakılığa məruz qalır. Bu qadınların 45 faizi azyaşlı uşaq anasıdır.
Azərbaycan 2006-cı ildə Avropa Şurasının qadınlara qarşı zorakılığın qarşısını alma kompaniyasına rəsmən qoşulub. Milli Məclis isə 2008-ci ildə "Məişət zorakılığına qarşı mübarizə haqqında" qanun layihəsini qəbul edib. BMT-nin hesablamaları göstərir ki, dünyada hər üç qadından biri zorakılığa məruz qalır. Bir çox dünya tədqiqatçılarının fikrincə, problemin həllində ən yaxşı yol cəmiyyətin maarifləndirilməsidir. UNİSEF-in hesabatında, zorakılığa məruz qalan uşaq və qadınlara aid sorğusunda Azərbaycanda 15-49 yaş arasında hər 10 kişidən 6-sı qadınlara əl qaldırılmasına haqq qazandırır.
Ailə zorakılığı həm ailədə, həm də cəmiyyətdə müşahidə və əsaslandırma yolu ilə öyrənilmiş davranışdır. Bunun səbəbi nə genetika, nə də xəstəliklə bağlı deyil. Daxili İşlər Hazirliyinin məlumatına görə, Azərbaycanda 2009-cu ilin yanvarından 2011-ci ilin noyabrınadək qadınlara qarşı 17354 cinayət faktı qeydə alınıb. Onun 11 min 389-u şəxsiyyət əleyhinə olan cinayətlərdir. 7774-ü döymə, 388-i 16 yaşına çatmayan qızlarla cinsi əlaqəyə girmədir. Statistik hesablamalara görə, dünyada 60 milyon qız uşağının doğulmadan (abort və s.) məhv edilməsi qadınlara qarşı zorakılığın ilkin mərhələsi sayılır.
Ekspertlər deyir ki, məişət zəminində baş verən cinayətlərin 60 faizi uşaq və yeniyetmələrin gözü qarşısında törədilir. Bu isə uşaqların fiziki və psixi inkişafına mənfi təsir göstərir. Belə ki, insanların sosial-psixoloji durumunda aqressivlik artıb. Bu, normal adekvat reaksiya deyil, əksinə, qeyri-adekvat reaksiyadır ki, ailə üzvləri səbəbdən asılı olmayaraq bir-birini öldürməyə cəhd göstərir. Belə hallar ailədə olan insanların ruhi pozuntularından tutmuş, narkomaniya da daxil olmaqla hansısa xəstəliklərdən də qaynaqlana bilər. Adətən bu hallar məhkəmələrdə mütəmadi olaraq araşdırılır. Digər problem isə ailələrdə təlim-tərbiyə işinin düzgün qurulmamasıdır ki, bu da uşaq psixologiyasına güclü zərbə vurur. Bu kimi halların qarşısını almaq üçün kompleks tədbirlər əsasında mənəviyyat mövzusunda kifayət qədər maarifləndirmə işləri aparılmalıdır.
Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, cəmiyyətin bütün təbəqələri qadınlara qarşı törədilən zorakılıq hallarına sərt reaksiya verməlidir: "Qadınlar zorakılığın müxtəlif formalarına məruz qalırlar; psixoloji, iqtisadi zorakılıq... İnsanlar zorakılığa qarşı tam biganədir. Bizdə anaya hörmət çoxdur, amma qadına - həyat yoldaşına qarşı münasibət yaxşı deyil".
M.Zeynalovanın sözlərinə görə, "Məişət zorakılığı haqqında" qanunda kənar şəxslərin gördüyü zorakılıq halları barədə məlumat verməsi nəzərdə tutulur: "Məsələn, bizə belə bir faktla bağlı xəbər vermişdilər. Biz polisə xəbər verdik. Çox adam öz hüququnu bilmədiyindən həmin anda müvafiq münasibət göstərə bilmir. Bizdə öz hüquqlarını öyrənməyə həvəs yoxdur. Başqa ölkədə adi bir süpürgəçi də öz hüququnu bilir, bizdə isə hər şeyə qarşı bir stereotip var".
Mehriban xanımın fikrincə, məişət zorakılığına qarşı mübarizədə maarifləndirmə mühüm rol oynayır: "Türkiyə, Ukraynada, və s. ölkələrdə sosial çarxlar üçün güzəştlər var. Ailələr arasındakı münasibətlər bizi ən çox narahat edən məsələdir. Boşanmalar çoxalır, qanunsuz doğulan uşaqların sayı artır. Ənənələr qadının irəli getməsinə mane olur. Ölənlərin və öldürülənlərin hamısının əxlaqsız olduğunu demək gülüncdür. Bu ilin statistikasına əsasən, zorakılıqla bağlı müraciətlər 2000-dən çoxdur. Bir il ərzində ailədaxili zorakılıq nəticəsində 107 nəfər həyatını itirib. Bunlardan 53-ü qadın, 48-i kişi, 6-sı uşaqdır. Ailədaxili zorakılığa, psixoloji təzyiqə dözməyən 54 qadın intihar edib. Zorakılıqla bağlı müraciətlərin sayı artır. Lakin bu kimi halların hamısını qeydiyyata almaq mümkün deyil. Statistikadan kənar hallar da çox olur".
Onun sözlərinə görə intiharların səbəblərinin araşdırılmaması məsələnin daha da gərginləşməsinə səbəb olur. Ailədaxili zorakılıq nəticəsində ən çox psixoloji, fiziki zərbəni uşaqlar alır: "Ailədə məişət zəminində ağır sonluqla nəticələnən hadisələrin artmasının bir səbəbini qadınların azad yaşamaq istəməsi, amma kişilərin bu azadlığa qarşı çıxması ilə əlaqəlidir. Əvvəllər kişi nə deyirdisə, qadın "baş üstə" deyib onunla razılaşırdı. Amma indi vəziyyət göstərir ki, qadınlar kişilərdən daha çox inkişaf edirlər. Yəni əvvəlki həyat tərzi ilə qadınlar razılaşmırlar. Bu isə kişilərdə qıcıq yaradır. Qadın itaət etməyəndə kişi ailədə başçı, idarəçi funksiyasının itirildiyini təsəvvür edir. Bu zaman ailədaxili zorakılıq halları baş verir".
Təşkilat rəhbəri ailə daxilində sonu qanla nəticələnən hadisələrin sayının artmasını səbəbini ölkədə bu günə kimi "Ailə zorakılığı haqqında" qanunun qəbul olunmaması ilə də əlaqələndiridi: "Biz ərini bıçaqlayan, baltalayan qadınlarla söhbət edirik. Onların çoxu çarəsiz qalıb bu kimi cinayətləri törətdiklərini söyləyir. Həmin qadınlar deyirlər ki, ərləri tərəfindən döyülüb təhqir edildikləri barədə polisə müraciət edəndə onları ələ salırlar. Naəlac və köməksiz qaldığını görən qadın cinayət törədir".
Mehriban xanımın fikrincə, ailələrdə münasibətlər o qədər gərginləşib ki, ən kiçik mübahisələr də əksər hallarda faciələrə səbəb olur. Belə ki, əgər ər-arvad problemi zorakılıq həddini alıbsa, bundan xəbər tutan yaxınlar, qonşular effektli mübarizə apara bilməyəndə ən azı qadına məsələnin hüquqi müstəvidə həlli üçün yardım etməlidir. Vətəndaş cəmiyyəti nümayəndələri bu sahədə öz köməyini göstərməyə borcludur.
Amma məişət zorakılığı yalnız fiziki zorakılıqla məhdudlaşmır. Qadın Krizis Mərkəzinin psixoloqu Azad İsazadə etiraf edir ki, ictimaiyyət fiziki zorakılığı müzakirə edəndə mənəvi-psixoloji, iqtisadi, hətta seksual zorakılıq halları unudulur. Onun fikrincə, ailələrin 80 faizində hansısa formada məişət zorakılığı baş verir. Hansı ki, çoxu heç zorakılığa məruz qaldığını dərk etmir. Çünki vaxtilə nənəsi babası tərəfindən, anası isə atası tərəfindən döyülüb. Bir qənaət də belədir ki, oğlan uşağından fərqli olaraq qızı "sabah gəlin olacaqsan" deyə uşaqlıqdan psixoloji zorakılığa hazır olma qurbanı kimi böyüdürlər. Oğlan da böyüyəndə düşünür ki, o, əmr etməli, xanımı da yerinə yetirməlidir. Bu gün nikaha girən qadınların 13 faizi uşaq doğa bilmir və uşaq yoxdur deyə gəlinə pis baxırlar, gərgin psixoloji durum yaranır, bu qovğa ya ağır faciə, ya da boşanma ilə bitir. Azərbaycanda evlənənlərin 10 faizi boşanır. Bu da ciddi rəqəmdir. Boşanmalar əsasən məişət zorakılığı olan ailələrdə baş verir.
Dövlət Komitəsində hesab edirlər ki, məişət zorakılığının qarşısının alınmasında yardım mərkəzlərinin, qadın polislərin sayının artırılması, maarifçiliyin gücləndirilməsi, icra hakimiyyəti orqanlarının xüsusi şöbələrinin zorakılıq baş verən ailələrlə iş aparması, yerlərdə psixoloqların təmsilçiliyi faydalı olardı.
Psixoloq Elnur Rüstəmov iddia edir ki, ailədaxili zorakılıqların artmasında sosial-iqtisadi faktorlar əsas rol oynamır: "Əgər belə olsaydı, ailədaxili zorakılıqlar ancaq kasıb ailələrdə baş verərdi. Amma baş verən hadisələr göstərir ki, bu, belə deyil. Yəni başqa səbəblər də var. Bir səbəb ailədə qadının əvvəlki kimi kişiyə güzəştə getməməsidir. Digər tərəfdən isə ailələrə kənar müdaxilələr olur. Qohum-əqrəba vəziyyəti sakitləşdirmək əvəzinə, daha da qızışdırır. Prosesin kəskin xarakter almasında televiziyalar da müəyyən mənada günahkardır. Telekanallarda bəzən aqressiya təbliğ olunur. Bu gün cinayət verilişləri hadisəni olduğu kimi cəmiyyətə çatdırır. Bu hallar ailələrdə zorakılıq hallarının çoxalmasına təsir göstərir. Həmin veriliş efirə gedə-gedə, növbəti veriliş üçün material hazırlanır. Yəni başqa yerdə də bir cinayət hadisəsi baş verir. Bir sözlə, bu artım fazalar üzrə hər rübdə çoxalır".
Psixoloq bu gün zorakılığı təbliğ edən kinoların da insanların şüuruna təsir göstərdiyini bildirdi. Onun sözlərinə görə, belə kino və verilişləri izləyərkən insanın şüurunda "dağıdıcılıq" deyilən enerji artır: "İnsanlar bu enerjidən müxtəlif cür xilas olurlar. Bəziləri idmanla bu mənfi enerjidən xilas olur, digəri isə zorakılıq törətməklə. Bu halların sayının azalması üçün "Ailə zorakılığı haqqında" qanunun qəbulu vacibdir".

Ülviyyə Tahirqızı