Qubadlısız necə yaşayım? Hadisə

Qubadlısız necə yaşayım?

Arzu Şirinova

Azərbaycana hansı ölkənin rəsmisi və beynəlxalq təşkilatların nümayəndələri gəlib gəzib, görürsə, ilk təəssüratları belə olur-ölkəniz qonaqpərvərliyi və tolerantlığı ilə seçilir. Doğrudan da mübaliğəsiz deyə bilərik ki, bizlər-Azərbaycan türkləri lazım olandan da çox qonaqpərvər və tolerant bir millətik. Bəlkə də elə bunun nəticəsidir ki, əsirlərdir başımıza olmazın işlər gəlir. Ancaq yenə də insani dəyərlərin bir yönü sayılan qonaqpərvərlik və tolerantlıqdan vaz keçmirik...
...Mən gülüstan Qubadlımda tolerantlığın hansı səviyyədə olmasını sizlərlə bölüşmək istərdim. Daha doğrusu müəllimlərim Valya və Taya haqqında yaddaşıma həmişəlik həkk olan xatirələrimi nəql edəcəyəm. Azərbaycanlıyla ailə quran müəllimlərim rus dilini tədris eləsələr də, hər ikisi dilimizi çox mükəmməl öyrənmişdilər. Adət-ənənələrimizi də bizim qədər bilirdilər. Məsələn, Hovruz bayramına bir müddət qalmış onlar da evlərində təmizlik işləri aparırdılar. Müxtəlif şirniyyatlar bişirərdilər. Həmin şirniyyatlardan sevimli şagirdlərinə də pay gətirərdilər. Axır çərşənbənin səhəri dərsə gələndə onların da gözlərindən yuxu töküldüyünü görərdik. Çünki gecə səhərə kimi yatmayıb məhəllənin qız-gəlinlərilə qədir saxlayardılar. Bunu isə gəlib elə həvəslə danışardılar ki, sanki milli bayramlarıydı. Hər birimiz onlara ayrıca pay verərdik. Qovurğanı çox sevərdilər. Taya müəllimə deyirdi ki, nə qədər çalışsa da, bizim kimi qovurğa qovura bilmir.
Bir müddətdən sonra öz milli bayramlarına-Pasxaya hazırlaşardılar. Bişirdikləri kömbədən hər birimizə pay düşərdi. Biz o zaman 15-16 yaşlarında olsaq da, müəllimlərimizin söylədikləri indi də qulaqlarımda səslənir. Onlar deyirdilər:"Tələbə yoldaşlarımızdan bir neçəsi başqa ölkənin vətəndaşlarıyla ailə qurub, həəmin ölkədə işləyirlər. Onlarla məktublaşırıq. Sıxıldıqlarını, Rusiya üçün darıxdıqlarını yazırlar. Qızlardan biri də erməni oğlanla ailə qurub, Cermuk şəhərində yaşayırdı. Heç bir il keçmədi ki, baş götürüb qaçdı".
O zaman müəllimlərimin söylədikləri mənə qəribə gəlirdi. Axı sovet psixologiyasından qurtarmamışdıq. Və elə bilirdik ki, Sovet İttifaqının tərkibində olan respublikaların hər biri Azərbaycan kimi qonaqpərvər və tolerantdırlar...
...1988-ci ildən başlayaraq ermənilərin Dağlıq Qarabağ iddiaları və Ermənistandan qovulan soydaşlarımızın aqibəti bizlər qədər müəllimlərimin də hiddətinə səbəb oldu. Rayona gedəndə öyrənirdim ki, hər iki müəllimim mütəmadi olaraq şagirdlərlə bərabər sərhəddə keşik çəkən əsgərlərimizə azuqə aparır, uşaqlarla bərabər toxuduqları əlcəkləri, corabları onlara hədəyyə edir və Vətəni qoruyan igidlərlə fəxr etdiklərini deyirlər. Sinif yoldaşım Bəhmənin erməni cəlladları tərəfindən qətlə yetirilməsi anası kimi Valya və Taya müəlliməni də sarsıtmışdı...
...1993-cü il avqustun 31-də Qubadlı Ermənistan silahlılarının işğalına məruz qaldı. Müəllimlərim də məcburi köçkün həyatı yaşamaq acısını daddılar. Qubadlının işğalından bir müddət sonra təsadüfən Taya müəlliməni gördüm. Qocalmışdı. Qollarını açıb məni doğması kimi bağrına basdı və hönkür-hönkür ağladı:"Mən Qubadlısız necə yaşayacam?"
Qubadlısız yaşamağı bacarmayanlar bu dünyadan köçür, mənim valideynlərim kimi. Bacaranlar da için-için qovrulur. Bu qovu görmək üçün həm də müəllimlərimi görmək yetərlidir...