Reseptsiz dərman satışı Hadisə

Reseptsiz dərman satışı

Həkimlər bunun əleyhinədir

Macarıstanda yaşayan tanışım adi baş ağrısından ötrü aptekdən reseptsiz dərman ala bilmədiyindən şikayətləndi. Belə ki, apteklər bir çox dərmanları reseptsiz vermir. Buna görə də apteklərin qarşısında duran alıcıların hamısının əlində resept görmək olar. Macarıstandan fərqli olaraq Azərbaycan apteklərində istənilən dərman reseptsiz almaq problem deyil. Təki pulun olsun. Hətta dərmandan zəhərlənmə halları ilə bağlı KİV-də yayılan xəbərlər yenidən çoxalıb. Ayrı-ayrı hesablamalara görə, il ərzində 150-170 vətəndaş dərmandan zəhərlənmə ilə xəstəxanaların toksikologiya şöbəsinə müraciət edir. Onların çoxu azyaşlılardır. Ən çox zəhərlənməyə səbəb olan dərman isə uşaqlar üçün nəzərdə tutulmuş bədən hərarətini aşağı salan dərmanlar və antibiotiklərdir.
Mütəxəssislər hesab edir ki, zəhərlənmə faktlarının artmasında apteklərdə reseptsiz dərman satışının da rolu var. İnsanlar çox zaman həkimə müraciət eləmədən dərman qəbul edirlər ki, bu da bir çox hallarda mövcud sağlamlq durumunu daha da ağırlaşdırır. Bir çox dünya ölkələri apteklərdə reseptsiz dərman satışına qadağa qoyub. Azərbaycanda da bu məsələ gündəmdədir. Həkim-terapevt Şəmsiyyə Namazova bu təcrübənin Azərbaycanda istifadəsinin zəruri olduğunu bildirir: "Elə dərmanlar var ki, reseptsiz verilə bilər. Məsələn, kiminsə başı ağrıyır, gedib aptekdən sadə ağrıkəsici dərman alır. Amma əslində, bu da doğru deyil. Çünki adi baş ağrısı çox müxtəlif səbəblərdən ola bilər. Bəlkə xəstənin qan təzyiqi artıb, ya beyin daxili təzyiqi var? Kor-koranə şəkildə müraciət edir ki, mənə başağrı dərmanı verin. Elə də olur ki, xəstə özü-özünə diaqnoz qoyur. Deyir, tutaq ki, mədəm ağrıyır. Əslində problem mədədə yox, mədəaltı vəzidə ola bilər. Yaxud ola bilər ki, mədədə xora, ciddi qanaxma və s. ola bilər. Amma o, sadəcə, ağrıkəsici içir. Bu dərman şəxsin o halına uyğun deyil. Xəstə həmin dərmanı qəbul etməli deyil. Qəbul etdiyi təqdirdə başqa bir fəsadla qarşılaşa bilər. Buna görə istər uşaq olsun, istər böyük, ən kiçik problem üçün belə həkimə müraciət etməlidir. Məsələn, ABŞ-da reseptsiz heç bir dərman preparatının satışına icazə verilmir. Bizdə də belə olmalıdır".
Həkimin sözlərinə görə, bəzən apteklərdə son istifadə tarixinə az müddət qalmış dərmanlar xəstələrə verilir: "Xəstə də tarixə fikir vermədən dərmanı qəbul edir ki, nəticədə əks reaksiya baş verir. Yaxud ola bilir ki, dərman düzgün şəraitdə, tempraturda saxlanılmır. Bəzən də olur ki, hər şey normaldır. Sadəcə, orqanizmin özünün individual xüsusiyyətləri var. Məsələn, eyni dərmanı 100 nəfər içir, yalnız 2-sində allergik reaksiya verir. Bu, orqanizmin özünə məxsus xüsusiyyətlərindən dolayı yaranan bir xüsusiyyət ola bilər". Şəmsiyyə Namazova reseptsiz dərman satışına qadağa qoyulmasının bu kimi halların qarşısını ciddi şəkildə ala biləcəyini düşünür: "Ümumiyyətlə, hansı vəziyyətdə olursa olsun, həkim təyinatı olsa, dərmanlar reseptlə verilsə daha yaxşı olar. Fəsadların qarşısı alınar. Bir çox hallarda xəstə hansı dərmanı içib zəhərləndiyini xatırlamır. Yəni xəstə içdiyi dərmanın adını özü də bilmir. Toksikologiyada elədir ki, hansısa dərmandan zəhərlənəndə o dərmanın təsirini neytrallaşdıran preparatlar verilir. Həkim də konkret olaraq dərmanın adını bilməsə, müalicəni necə həyata keçirə bilər? Yaxud heç aptekə də getmirlər, qonşudan bir tabletka alır, içirlər. Soruşanda da, deyirlər ki, adını bilmirəm, göy rəng idi, ya yaşıl idi, balaca idi, ya böyük və s".
Həkim-kardioloq Rasif Bağırov əhalinin həkimə getmədən reseptsiz şəkildə aptekdən dərman almağa meyilliliyini iqtisadi amillərlə əlaqələndirir. Lakin ən kiçik problemdə belə yalnız həkim təyinatı ilə dərman qəbulunu zəruri sayır:
"Əgər Səhiyyə Nazirliyi qadağa eləsə ki, apteklərdə reseptsiz dərman satılmasın, bu, müsbət addım olardı. Belə olanda insanlar daha çox həkimə müraciət edərlər. Çox vaxt xəstələr gedib aptek işçilərindən kor-koranə şəkildə dərmanlar istəyirlər. Tutaq ki, deyir, başım ağrıyır, ağrıkəsici verin. Bu zaman elə olur ki, satılmayan dərmanlar verilir xəstələrə. Bu adamlar da alır, həqiqətən ona lazım olub-olmadığını bilmədən qəbul edir. Belə hallar əslində, nəinki qadağan olunmalı, hətta deyərdim ki, cinayət işi sayılmalıdır. Bəlkə bu adam bu dərmanı içib öləcək? Bəlkə də müraciət edən insanın elə bir xəstəliyi var ki, bu dərmanı qəbul etməməlidir? Əgər dərmana görə hansısa fəsad yaşansa, bunun arxasında heç kim dayana bilməyəcək. İndi insanların bəziləri fikirləşirlər ki, həkimə getmək də filan qədər xərc tələb edir. Ya da dövlət xəstəxanasına gedim, o dərman yazsın, aptekə gedim, alım və s. Bütün bunları gözü önünə gətirir, düşünür ki, elə ondansa, gedim ən yaxın aptekdən bir ağrıkəsici alım, bəlkə bununla keçər. Beləliklə, həm tənbəllik, həm də iqtisadi amil nəticəsində vətəndaş gedib aptekə girir, kor-koranə dərman alır. Bunun da nəticəsində sonradan fəsadlar yaşana bilir. Belə problemlər çox olur. Əksər dünya ölkələrində bu hallara qarşı reseptsiz dərman satışın aqadağa qoyulması ilə mübarizə aparılır. Bizdə də bu tətbiq olunmalıdır. Çünki xəstənin taleyinin arxasında kimsə dayanmalıdır".
Hətta bəzi məlumatlarda paytaxtda həkimin möhürsüz resepti olmadan satılması qadağan olunan "Tramadol" adlı narkotik tərkibli həblərin reseptsiz satılması barədə də məlumatlar var. Qeyd edək ki, "Tramadol" və ya "Tramal" güclü ağrıkəsicidir. Bu həb narkotik vasitə hesab olunur və uyuşdurucu təsiri var. İstifadə zamanı süstlük yaradır, istifadəçidə hiss itir, hərəkətlərində keyimə müşahidə edilir, hadisələrə reaksiyası öləziyir. Həmçinin dərman uzun müddət istifadə edən şəxslərdə psixi və fiziki qüsurlar yaradır. Dərmanın reseptsiz satışı qanunla birmənalı şəkildə qadağandır. Çünki narkotik vasitələrə aid bu preparat dozadan azca artıq istifadə edildikdə nəşələndirici təsir göstərir. Dövlət xəstəxanalarında bu həb ağır xəstələrə pulsuz verilir. Preparat asılılıq yaradan narkotik vasitə kimi Ukrayna və Belarusda qadağan edilib.
Türkiyə Əczaçılar Birliyi reseptsiz və həkim göstərişi olmadan alınaraq qəbul edilən farmasevtik preparatlar arasında ilk yeri tutan antibiotiklərin satışlarının sürətlə artdığını bildirib. Bu preparatların yanlış, həkim göstərişi olmadan qəbul edilməsi ilə bağlı ölüm halları da sürətlə artır. Əsas səbəb nəzarətsiz antibiotik qəbulunun orqanizmin immun müdafiəsini möhkəmləndirmək əvəzinə, daha da zəiflətməsidir. Avropa Birliyi ölkələrində yanlış, özbaşına antibiotiklərin alınması və qəbul edilməsi 25 min insanın ölümünə səbəb olub. İstanbul Əczaçılar Cəmiyyətinin baş katibi Hakan Ertem deyir: "Resept və ya həkim məsləhəti olmadan dərman qəbulu yolverilməzdir. Reklamlara aldanmayın, apteklərdə reseptsiz satılan dərmanlardan alaraq özünüzü müalicə etməyə çalışmayın. Müalicə düzgün aparılmasa, orqanizmin immun müdafiəsi səviyyəsi aşağı düşür, bakteriyalarda isə antibiotiklərə dayanıqlılıq artır. Xəstələnən kimi aptekə yollanaraq antibiotik tələb etməyin. Ən doğru yol həkimə müraciət etməkdir. Aptekdə çalışanları da onlara müraciət edən şəxsləri həkimlərə yönləndirməyə çağırıram".
Ankara Əczaçılar Cəmiyyətinin sədri Oğuz Ekinçioğlu hesab edir ki, xəstəliyin səhih müalicəsi üçün həkim müayinəsi olmalı, hansı antibiotikdən istifadə edilməsi dəqiq müəyyənləşdirilməlidir. Eyni anda müxtəlif xəstəliklərə təsir edən, geniş spektrli təsir formatına malik antibiotiklər qəbul edilərsə, orqanizm yenidən həmin infeksiyaya yoluxanda daha güclü antibiotikə ehtiyac yaranır. Beləcə, orqanizm zəifləyir. Məsələn, adi penisillin belə immun sistemi həssas olan insanlarda anafilaktik şok yaradaraq ölümə səbəb ola bilir. Professor Hilal Mocan isə söyləyir ki, uşaqlar xəstələnəndə onları özbaşına şəkildə antibiotiklərlə müalicə etmək yolverilməzdir: "Xüsusilə də qızdırmanı aşağı salmaq üçün dərmanları uşaqlara içirmək olmaz. Belə hallarda mütləq şəkildə həkim müayinəsi gərəkdir".
Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev bildirir ki, əsəb sakitləşdirici, antidepressant dərmanların hamısının tərkibində narkotik var və əsəb sakitləşdirici, yuxugətirici, neyroleptiklər, antidepressantlar daha ciddi kimyəvi dərmanlardır. Bu dərmanlar müəyyən mənada insanlara narkotik təsiri göstərir, onlar insanlarda tez bir zamanda asılılıq yaradırlar: "Əsəb sakitləşdirici, antidepressant dərmanların hamısının tərkibində cüzi narkotik var. Onların istifadəsi zamanı insanlarda narkotik effektləri əmələ gələ bilər. Buna görə də bu dərmanlardan qorxmaq lazımdır. Narkomanlar da həmin dərmanların 5-7 ədədini birdən qəbul edəndə narkotik effekti yaranır". Bununla əlaqədar Baxşəliyev "Tazepam", "Fenozepan", "Hozepan", "Amitryptiline" və s. kimi əsəb sakitləşdirici dərmanların, eləcə də antidepressant dərmanların apteklərdə yalnız resept əsasında satılmasını və onların satışına ciddi nəzarətin olmasını vacib sayır: "İndi dəbdədir, insanlar çox tez-tez "depressiyadayam" deyirlər. İndi apteklərdə də çoxsaylı antidepressantlar var. Bunlar Azərbaycana xarici ölkələrdən gətirilir. Onların satışı resept əsasında olmalıdır. Çünki onların tərkibində narkotik var". Həkimin dediyinə görə, tərkibində narkotik maddə kiçik dozada olan dərmanı 1-2 dəfə qəbul edəndə insan orqanizmə təsir göstərmir. Amma bu dərmanları dozadan artıq içəndə onun narkotik effekti yaranır. Bunu nəzərə alan narkomanlar narkotik effekti almaq üçün bu dərmanlardan istifadə edirlər. Baş kardioloq deyir ki, ümumiyyətlə, ziyansız dərman yoxdur; apteklərdə zərərsiz dərman kimi alıcılara təklif edilən bitki mənşəli sakitləşdirici dərmanlar belə uzun müddət, fasiləsiz qəbul olunarsa, insan orqanizminə mənfi təsir göstərər: "Sakitləşdirici, yuxugətirici, antidepressant dərmanlar qaraciyərin fəaliyyətini pozurlar. Onlar hətta qaraciyər serrozuna gətirib çıxara bilərlər, onlardan asılılıq tez bir zamanda baş verir".

Ülviyyə Tahirqızı