AŞ PA-da Ermənistana qarşı sanksiyalar tələb olunacaq Hadisə

AŞ PA-da Ermənistana qarşı sanksiyalar tələb olunacaq

Rəfael Cəbrayılov: "Hümayəndə heyətimiz Ermənistanda girov saxlanılan azərbaycanlılara qarşı ağır işgəncə faktlarını gündəmə gətirəcəklər"
Asim Mollazadə: "Azərbaycan çox ciddi şəkildə çalışıb Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə çalışmalıdır"

Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti üzvləri erməni diversant Karen Petrosyanın ölümü məsələsini bu təşkilatda gündəmə gətirmək niyyətindədirlər. Ermənilərin ölkəmizə qarşı iyrənc kampaniyasının qarşısının alınması üçün Azərbaycan parlamentinin bu qurumdakı nümayəndələrindan daha çox aktivlik tələb olunur.
Xatırladaq ki, AŞ PA-da erməni nümayəndə heyətinin üzvü Naira Zöhrabyan jurnalistlərə verdiyi açıqlamasında qurumun payız sessiyasında Azərbaycanda ölən erməni əsirin məsələsini qaldıracağını bildirib.
Qeyd edək ki, avqustun 7-də Tovuz rayonu ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini Karen Petrosyan isə ələ keçirilib.
Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü K.Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.
İlkin ehtimala görə, K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatlandırılıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rafael Cəbrayılov hesab edir ki, əslində, Ermənistan tərəfdən belə addımların atılacağı gözlənilən idi: "Ermənistan tərəfinin bu cür saxta və yalan fəaliyyətini birinci dəfə deyil ki, görürük. Ermənistan tərəfi mütəmadi olaraq Azərbaycan əleyhinə bu cür kampaniyalar aparır.
Deputat Azərbaycan tərəfinin Ermənistanın bu kimi fəaliyyətinə həmişə layiqli cavab verdiyini söyləyib:
"Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyətimizin üzvləri Azərbaycan və Qarabağ həqiqətlərini mütəmadi gündəmə gətirir, Ermənistan tərəfinin qondarma və uydurma iddialarına cavab verirlər. Təbii ki, bu dəfə də Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-da ermənilərin cavabını verəcək və Ermənistanda girov saxlanılan azərbaycanlılara qarşı ağır işgəncələrin verilməsi faktlarını gündəmə gətirəcəklər. Buna heç kəsin şübhəsi olmasın".
Milli Məclisin deputatı Asim Mollazadə də deyib ki, Ermənistan tərəfi bu cür hər bir imkandan istifadə edir: "Ermənistan bu cür məqamlardan sui-istifadə edərək dünyada Azərbaycana qarşı təxribat və böhtan kampaniyası aparır. Amma Azərbaycan bütövlükdə çox ciddi şəkildə çalışıb Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə çalışmalıdır. Azərbaycan tərəfi bu işi bütün beynəlxalq təşkilatlarda aparmalıdır. Çünki Ermənistan işğalçı ölkədir. Ermənistan rəhbərliyi Azərbaycan xalqına qarşı hərbi cinayətlər və terror əməlləri törədib. Buna görə də Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Bununla da BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının və parlamentinin qəbul etdiyi qətnamələr icra olunmalıdır".