Kommunizmə Bakıda faciəli aqibət yaşadan aldanmış demokrat Hadisə

Kommunizmə Bakıda faciəli aqibət yaşadan aldanmış demokrat

Əyyub Xanbudaqov kommunizmə xidmət eləsə də onun qurbanına çevrilib

Məmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan Tarixi" əsərində yazır: ""Uklon" - doğru yoldan sapmaq deməkdir. Kommunizmin əsas əqidələri ilə razı olmayanlara və partiya intizamına riayət etməyənlərə bu adı verirlər. Rus olmayan sovet respublikalarında milli istiqlal fikrinə meyl edənlərə "milli sapıntıçılar" adı verilir. Daha sonra, 1924-cü ildə Azərbaycan Kommunist Partiyasının baş katibi Əyyub Xanbudaqov Azərbaycan sapıntıçılarına başçılıq etdi və bu cərəyanın istəklərini bu şəkildə formullaşdırdı: 1. Bundan sonra Moskva Azərbaycanın daxili işlərinə qarışmayacaq. 2. Yerli kommunistləri sadəcə yuxarıdan təyin olunan katiblərlə rəhbərlərin idarəsində və yalnız onların müşavirləri rolunda görmək fikri və adətindən vaz keçiləcək. 3. Azərbaycan milləti öz-özünə idarə etmək çağına çatmış ikən, moskvalı idarəçilər, yerlilərin müstəqil olaraq çalışmalarına əngəl olur və bu çalışmaya "yerli millətçilik" damğası vurur. Buna qəti olaraq son qoyulacaq. 4. İşçi birlikləri, kooperativləri və digər dövlət müəssisələri, sözdə deyil, gerçəkdən türkləşdiriləcək. 5. Azərbaycanı Rusiyadan gətirilmiş köçkünlərlə məskun etmək istəyən Sovet hökumətinin məskunlaşdırma siyasətinə son qoyulacaq. 6. Cənubi Qafqaz respublikalarında milli mədəniyyətlərin inkişafını saxlamaq üçün Cənubi Qafqaz Sovet Sosialist Respublikaları Federasiyasının təşkilatı əsası ilə qanunu dəyişəcək (həmin tarixdə adı çəkilən federasiya var idi. Bu federasiya sonradan dağıldı)".
Kim idi Əyyub Xanbudaqov?
Eyyub Şirin oğlu Xanbudaqov 1893-cü ildə Gəncə şəhərində doğulub. Onun babaları uzun müddət Qarabağın Borsunlu kəndində koxalıq edib. Qaynaqlarda bu nəsildən olanlardan Böyük bəy Xanbudaqovun, Rzaqulu Soltan Borsunlunun, Bəkir bəy Borsunlunun, Yusif bəy Xanbudaqovun adları çəkilsə də, Eyyub və Mahmud Xanbudaqov qardaşlarının fəaliyyəti daha çox müzakirə mövzusu olub.
Gəncə şəhərindəki məhəllə məktəbində, sonra da gimnaziyada təhsil alan Eyyub Xanbudaqov Bakı şəhərinə gəlir. Zəngin neft yataqları sayəsində Rusiyanın inkişaf etmiş sənaye və mədəniyyət mərkəzinə çevrilmiş Bakıda 1909-cu ildə Kaspi donanmasında matros işləməyə başlayır. Dənizçilikdə təcrübə toplayandan sonra təhsilini artırmaq qərarına gəlir. Bakıdakı Dənizçilik Məktəbinə daxil olur və oranı 1913-cü ildə bitirərək kapitan köməkçisi vəzifəsində çalışmağa başlayır. 1915-ci ildən sosialistlərin sırasına qoşulur. İnsanlar arasında sosial ədaləti bərpa edəcəklərinə ürəkdən inanır və dənizçilər arasında inqilabi təbliğat aparır, təşkilatın özəklərinin yaradılmasında fəal iştirak edir.
1918-ci ildə Hümmət təşkilatına daxil olur. Hümmət təşkilatı isə Rusiya Kommunist Partiyasının Bakıdakı müsəlmanlardan təşkil edilmiş bir qrupu idi. 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətini burjua-mülkədar hökuməti adlandıran Eyyub Xanbudaqov sosialistlərin hakimiyyəti ələ almaları üçün var gücü ilə çalışır. 1920-ci il aprelin 28-də bolşeviklərin Azərbaycanı işğal etməsini alqışlayanlar sırasında Eyyub və Mahmud Xanbudaqov qardaşları da olur. Bolşeviklərin belə fanatik inqilabçılara böyük ehtiyacı olduğundan 1920-ci ilin oktyabrında Eyyub Xanbudaqovu Azərbaycan Xalq Komissarları Şurası yanında Fövqaladə Komissiyanın sədri təyin edirlər.
Eyyub Xanbudaqov Azərbaycanda əksinqilabçı saydığı milli kadrlara divan tutmaqla kifayətlənmir, 1921-ci ilin martında RK(b)P 10-cu qurultayında iştirak edərkən onu Kronştatdakı etiraz hərəkatını yatırmağa göndərirlər. Bolşeviklərin əksinqilabi-qiyam adlandırdıqları üsyanın yatırılmasında Eyyub Xanbudaqov xüsusi fəalliq göstərir.
Bolşeviklər ölkəni savaş meydanına çevirdiklərindən, sinfi mübarizə adı altında xalqın malını-mülkünü əlindən aldığından keçmiş Rusiyanı aclıq və qıtlıq bürüyür. Şəhərlərdə yaşayan əhalini ərzaqla təmin etmək, sənayeni işlətmək üçün kəndlilərdən ərzağı zorla alırlar. Belə gərgin günlərdə, yəni 1921-ci ilin may ayında Azərbaycanda ərzaqla təchizat məsələsini nizama salmaq üçün Xalq Komissarlar Şurası nəzdində üç nəfərdən ibarət səlahiyyətli komissiya yaradılır. Bu komissiyanın tərkibinə Eyyub Xanbudaqov da daxil edilir.
Müsadirə adı altında qarətçilik o yerə çatır ki, kəndlilər mərkəzi teleqram vuraraq xahiş edirlər ki, nəyimiz varsa birdəfəlik aparsınlar, tez-tez gəlib ailəmizi və özümüzü təhqir etməsinlər. Sovetlərin özünün rəsmi sənədlərində Azərbaycanda 1920-ci il aprelin 28-dən 1921-ci il avqustunadək 48 min nəfərin qırmızı terrorun qurbanı olduğu göstərilir. Bir milyondan çox əhalidən 48 min nəfərin cəzalandırılması cəzanın kütləviliyindən xəbər verir. Bu kütləvi cəzalandırmanı, qırmızı terroru həyata keçirənlərin öncüllərindən biri də Eyyub Xanbudaqov olur.
1921-ci ildə onu Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilir və Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqına sədr işləməyə göndərirlər. 1922-ci ilin əvvəlindən Azərbaycan Həmkarlar İttifaqları Şurasına sədr müavini seçilən Eyyub Xanbudaqov 1922-ci il martında Nəriman Nərimanov və başqa rəhbər işçilərin köməyi ilə AK(b)P MK katibi seçilir. İlk illər Mirzoyanın və b. təsiri altında Nəriman Nərmanova qarşı durur, antimilli mövqedə dayanır. Lakin beynəlmiləlçilik adı altında xalqına qarşı divan tutulduğunu görür.
Eyyub Xanbudaqov Azərbaycanda milli məsələnin həyata keçirilməsinin düzgün aparılmadığına, respublikada mədəni quruculuqda nöqsanlara yol verildiyinə, vergi işinin düzgün təşkil edilmədiyinə, yerli əhali arasında savadsızlığın aradan qaldırılmasına az vəsait ayrılmasına dözə bilməyərək yeni layihə hazırlayır. Kommunist Partiyasının 1923-cü il iyunun 6-12-də keçirilən 12-ci Ümumbakı konfransında Eyyub Xanbudaqovun layihəsi rus-erməni kommunistlərinin kəskin etirazı ilə qarşılanır. Ümumiyyətlə, Azərbaycanda 1923-1924-ci illərdə kommunist partiyasının elə konfransı, plenumu olmayıb ki, milli məsələləri qabardan Xanbudaqovların adı hallandırılmasın, onlara qarşı kəskin çıxışlar olmasın. Hətta artıq xanbudaqovçuluk bir siyasi cərəyan kimi tanıdılmağa başlanmışdı.
Eyyub Xanbudaqov konfransda ona və tərəfdarlarına qarşı hücumun gücləndiyini görərək fikirlərini xalqa çatdırmaq üçün 1923-cü il iyundan başlayaraq "Bakinski raboçi" qəzetində "Quba qəzasında xalq maarifi", "Azərbaycanda bizim başlıca vəzifələrimiz", "Milli məsələyə dair" və b. məqalələrini çap etdirir. 1924-cü il aprelin 27-də "Bakinski raboçi" qəzetində Ə.Xanbudaqovun "Milli məsələyə dair" məqaləsində müəllif yazırdı ki, "XII qurultayın qərarlarının heç yüzdə bir hissəsi də həyata keçirilmir".
1927-ci il noyabrın 1-də isə Bakı partiya təşkilatının on yeddinci konfransında Əyyub Xanbudaqov ölkədə yaranmış dözülməz vəziyyəti açıqlayır: "Partiya aparatında bürokratizm güclənir, demokratiya məhv edilir, məcburetmə sistemi, cəza tədbirləri sürətlə artır, ağızyumma, boğma, partiyadan qovma, başavurma rejimi yaradılır, partiya özəklərində iş solğunlaşır, partiya aparatının inhisarçı, imtiyazlı vəziyyəti getdikcə güclənir".
Daha sonra açıqladığı fakt bundan ibarət olur ki, "Kominternin İcraiyyə Komitəsinə seçilmiş üzv və namizədlərdən 12 nəfəri Stalin tərəfindən vəzifədən qovulmuş, işdən xaric edilmişdir". Eyyub Xanbudaqov Zaqafqaziya Ölkə Komitəsinin iclasında Orcanikidzeyə sual verir ki, Azərbaycanda işsizlər ordusu olduğu halda nədən Azərbaycanda dəmiryolunun tikintisinə və yenidən qurulmasına 15 dəmiryol gözətçisi və 32 başqa işçi göndərilir.
Xanbudaqov açıq və kəskin bildirirdi ki, türk dilinin inkişafi ilə bağlı üç dekret verilsə də, heç bir iş görülmür. O, rəhbər vəzifələrdə işləyən milli kadrların sayını qonşu Gürcüstanla müqayisə edir. Azərbaycanda milli kadrların sıxışdırıldığını, milli məktəblərin açılmasına az vəsait ayrıldığını kəskin tənqid edir.
Xanbudaqov qardaşları Mirzoyanlar, Mikoyanlar, Kirovlar tərəfindən aldadıldıqlarını başa düşərək Nəriman Nərimanovdan yardım istəyirlər. Nərimanov isə onların səmimiyyətinə inanmır. Özünün aldandığını, milli kommunistlərin qeyri-səmimiliyini görən Eyyub Xanbudaqov sarsılır və ağır xəstəlik keçirir.
Məmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan Tarixi" əsərində yazır ki, "Xanbudaqovun məlum çıxışı Azərbaycan kommunistləri arasında qüvvətli bir hərəkata səbəb oldu. Bu hərəkat Moskvanın zorakı tədbirləri ilə nəticələndi. Xanbudaqovu Azərbaycandan sürgün etdilər. Azərbaycan Kommunist Partiyasının baş katibliyinə bundan sonra Moskvadan təyin olunan yabançı katiblər göndərildi. Partiyanı Xanbudaqov tərəfdarlarından təmizlədilər. Komsomol adlandırılan gənc kommunistlərin belə 40 faizi təşkilatdan qovuldu.
Bu dövrə aid Moskva və Bakı qəzetləri partiya kütlələrini sarmış millətçilik təsirinə qarşı mübarizədə səhlənkarlıq göstərən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə hücumlar edirlər. 1929-cu ildə Moskvadə sovet İttifaqı Kommunist Partiyasının baş orqanı olan "Pravda" qəzetindəki "Azərbaycan Kommunist Partiyasının faciəli iflası" başlıqlı məqaləsində Bolşevik Partiyası müfətişlərindən Yaroslavski yazırdı: "Bakı Azərbaycanın paytaxtıdır. Azərbaycan - bu, bütün Müsəlman Şərqinin inqilabi mərkəzidir. Bakı pantürkizm ilə panislamizm ideyalarına qarşı savaşan internasionalizm qalasıdır. Buna görə, kommunizmin Bakıdakı faciəli aqibəti haqqında yazı yazmaq anıdır. Bir Bakı ki, arxasında işçi hərəkatının on illərcə sürən böyük bir, tarixi vardır; bir Bakı ki, böyüklüyü etibarı ilə Sovet İttifaqının üçüncü şəhəri sayılır... sovet neftinin 70 faizini Azərbaycan verir. İmperializmin gözü Azərbaycandadır. Müsavatçılar gecəli-gündüzlü Azərbaycan xalqının etimadını qazanmağa çalışırlar. İşçi partiyasının gücü bu ünsürlərə qarşı mübarizə aparmaqdadır. Buna görə də Bakı haqqında pis şey yazmaq çox ağır və kədərlidir".
1926-30-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Bankının sədri, ZSFSR Xalq Komissarlığında müxtəlif vəzifələrdə işləsə də, daim nəzarətdə olur və təqiblərə məruz qalır. Azərbaycan İstehlak Cəmiyyəti İttifaqının sədr müavini işləyir. Sonrakı taleyi isə həmin illərin ziyalılarının ənənəvi taleyinin eyni olur: "1936-cı il dekabrın 18-də gecə yarısı qapı döyüldü. On ay qaranlıq zirzəmidə qalandan sonra xalq düşməni olduğu "sübut edilir"... və elə oradaca güllələnir".

Ülviyyə Tahirqızı