300 nəfər övladlığa uşaq götümək istəyir Hadisə

300 nəfər övladlığa uşaq götümək istəyir

Övladlığa götürülmə üçün gözləyən uşaqların sayı isə 30-a yaxındır

Ölkəmizdə övladlığagötürmə sahəsində idarəetmənin müasir səviyyədə və innovativ əsaslarda təşkilinə, uşaqların yeni ailələrdə yaşaması və inkişafına nəzarətin gücləndirilməsinə xidmət edir. Valideyn-namizədin uyğun olmadığı müəyyən edildikdə həmin şəxs övladlığa götürənlərin siyahısından çıxarıla bilər. Bu, dövlət başçısının Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda öz əksini tapıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin övladlığagötürmə siyasəti şöbəsinin müdir müavini Tokay Bayramovun dediyinə görə, proses tam avtomatlaşdırılmış şəkildə fəaliyyət göstərəcək. Onun verdiyi məlumata görə, hazırda övladlığa götürülmə üçün gözləyən uşaqların sayı 30-a yaxındır. Valideyn olmaq üçün müraciət edənlərin sayı isə 300 nəfərdən çoxdur: “Ədliyyə, Daxili İşlər, Səhiyyə və Təhsil nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat bazası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sisteminə inteqrasiya olunub. Vətəndaş bu halda ilk növbədə e-sosial. az saytına girərək öz hüquqlarını yoxlaya bilər. Şəxsi kabineti isə ASAN loqin vasitəsilə e-sosial üzərindən övladlığagötürmə bölməsinə daxil olmaqla yaratmaq mümkündür”.
Bundan əlavə uşaqlar namizədlərə verilməzdən əvvəl ailənin maddi-məişət şəraiti, ailənin tərkibi, ailə üzvlərinin sağlamlığı, ailədəki münasibətlər, valideyn-namizədin valideynlik bacarıqları tam yoxlanılacaq. Bundan başqa uşaqları götürmək üçün namizəd ola biləcək şəxslər müəyyən edilən yaşdan aşağı olmamalıdırlar.
T.Bayramov deyib: “Köhnə qaydalara uyğun olaraq valideyn-namizədlə uşağın yaşı arasındakı fərq 16 yaş idisə, indi minimum 18 yaşdır. Azərbaycan Respublikasının vətəndaşları həm ailəli, həm də subay şəxslər övladlığa götürə bilər, lakin bunun üçün ailəli şəxsin minimum 25, subay şəxsin isə minimum 30 yaşı olmalıdır. Əcnəbi vətəndaşlardan isə mütləq tələb onların ailəli olması və minimum 30 yaşa çatmasıdır.
Daha vacib bir məqam isə uşaqların ailələrə verilməsi prosesidir: “Valideyn-namizədlərə övladlığa veriləcək uşaqların müəssisədə görüşləri təşkil olunur. Həmin mərhələlərdən uğurla keçənlərin ailəsində uşaq-namizəd 3 ay sınaq müddətində müvəqqəti olaraq yerləşdirilir. Bütün mərhələləri uğurla keçəndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi əsasında məhkəmənin yekun qərarı ilə uşaq övladlığa verilmiş hesab olunur”.
Bundan əlavə uşaq 18 yaşına çatanadək nazirlik övladlığagötürmənin ilk ilində hər il, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqlər aparacaq. Bu zamanı ailənin yaşayış şəraiti, maddi vəziyyəti, övladlığa götürülmüş uşağın və onu övladlığa götürənin sağlamlıq vəziyyəti, həmçinin ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınacaq.