Ağır məktəbli çantasının törətdiyi fəsadlar Hadisə

Ağır məktəbli çantasının törətdiyi fəsadlar

Uşaq yazarkən və ya oxuyarkən onun stol arxasında düz oturmasına da nəzarət etmək lazımdır

Dərs ilinin başlamasına sayılı günlər qalır. Yenə həyəcan, problemlər... Şagirdin problemləri onun ağır məktəbli çantasından başlayır. Dərsliklərin demək olar ki, hamısı ağır kağızlardan nəşr edildiyindən, çantada bundan əlavə hər dərsliyə aid iş dəftərləri daşındığından dözülməz dərəcədə ağır olur. Birinci sinif şagirdlərinin əksəriyyəti 6 yaşlılardır. Bu yaşda məktəbə gedən uşaqların daşıdığı çantanın ağırlığı isə məktəblinin onurğa sümüyünü zəiflədir.
Ağır kürək çantası daşımaq məktəb uşaqlarının inkişaf etməkdə olan oynaq və əzələ strukturlarının inkişafında problemlərə gətirib çıxarır və nəticədə skolioz xəstəliyinin yaranmasına səbəb olur. Skolioz xəstəliyi insan onurğasının S şəklini alması deməkdir.
Ekspertlərin verdiyi məlumata görə, skolioz xəstəliyi başlanğıcını məhz kiçik yaşda onurğanın zədə almasından götürür, ağırlıq səbəbi ilə boy qısalığı, görünüş eybəcərlikləri, ağ ciyər problemləri, psixoloji pozuntular kimi fəsadlar ortaya çıxır. Ekspertlərin fikrincə, çantalar kürəkdə və çiyinlərdə ağrıya səbəb olmayacaq ağırlıqda olmalıdır.
Türkiyədə aparılan araşdırmalara görə, ağır çanta götürmə səbəbindən uşaqlarda bel ağrısı son illər daha çox artıb.
Tibbi ekspertlərin verdiyi məlumata görə, Azərbaycanda təxminən hər min nəfərdən 10-u skolioz xəstəliyinin daşıyıcısıdır. Üstəlik bu xəstəliyi vaxtında müalicə etmədikdə insanın vücudu əyilir və donqarlıq əmələ gəlir. Ən dəhşətlisi isə budur ki, bu xəstəlik əməliyyat olunmadıqda erkən yaşlarda ölümlə nəticələnir. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir.
Həkim-ortoped Əfqan Cəfərov deyir ki, uşağın 11-12 yaşından sonra skoliozun yaranma ehtimalı çoxdur: "Bu dövrdə daha idiopatik skoliozdan ehtiyat etmək gərəkdir. Skalioza meyilli uşaqlar mütləq həkim nəzartində qalmalıdırlar. Həkim adətən belə uşaqlara fizioterapiya və fiziki məşqlər təyin edir".
Hevropatoloq Pərvanə Osmanova deyir ki, uşaqlarda rast gəlinən onurğa əyrilikləri anadangəlmə və sonradan qazanılmış da ola bilər: "Ən çox rastlaşdığımız problem sonradan qazanılmalardır. Bu əyriliklər 3 yerə bölünür. Onurğanın önə, arxaya və yana əyilməsi. Onurğa sütununun təbii 2 əyriliyi var. Boyun və bel hissədə. Təbiət o əyriliyi onun üçün yaradıb ki, həmin vəziyyətdə biz rahat yeriyək, ayaq üstə dayanaq və boynumuzu rahat döndərək. Bu əyriliyin fizioloji funksiyası bundan ibarətdir. Bu fizioliji əyrilikdir. Potoloji əyriliklər isə 3 növdə olur. Kifos, lardos və skoliyoz. Kifos ən çox döş qəfəsində olur, onurğanın arxaya əyilməsidir. Lardos onurğanın önə əyilməsidir. Ən çox bel nahiyəsində olur. Yanlara sola və sağa əyilməyə isə skolioz deyilir. Bir də onurğanın qövsvari əyilməsi var. Onurğa əyriliklərinin əsası uşaq doğulan gündən qoyulur. Yəni uşağın düzgün inkişaf eləməməsindən yaranır. Xəstəlik yaş yarıma qədər uşaqlarda formalaşır. Valideyn buna fikir vermir. Əgər uşağın ayağının altında yastı pəncə varsa, ayağının biri o biri ayağından qısadırsa, buna mütləq valideyn fikir verməlidir. Uşağın budunun başı inkişaf etmirsə, o artıq natarazlıq yaradır. Bir tərəf yaxşı, digər tərəf isə az inkişaf edir. Bu da Lardosun əmələ gəlməsinə səbəb olur. Onurğanın bel hissədən önə doğru əyilməsi, burda gediş düzgün olmadığı üçün 2-ci olaraq Lardosun əmələ gəlməsinə səbəb olur. Bizə isə 13 yaşında müraciət edirlər. Valideyn uşağı çimizdirəndə görür ki, uşaq düzgün oturmur yaxud, özü bel ağrısından şikayət edir. Onurğa əyrilikləri adətən cinsi inkişafa yaxın dövrdə sürətlənməyə başlayır. Kiçik əyrilik olan zaman 9 yaşdan 13 yaşa qədər kəskin pisləşmə gedir. Əgər birinci dərəcəli əyrilikdirsə keçir ikinci dərəcəyə, ikinci dərəcəlidirsə, keçir üçüncü dərəcəyə, üçüncü dərəcəlidirsə, keçir dördüncü dərəcəyə. Cinsi yetişkənlik dövründə orqanizmə çoxlu vitaminlər və minerallar lazımdır. Sistemdə indokron, yenidən qurulma gedir. Bu, qızın qadınlıq fazasına, oğlandırsa kişilik fazasına gedən bir yoldur. Həmin gedən yolda problemlər yaranır. Qızda aybaşıların ləngiməsi olur. Bu da yumurtalıqlarının pozulmasına gətirib çıxara bilər. Uşaqda təngnəfəslik olarsa, onurğanın döş hissəsində problem ola bilər. Onurğanın əyriliyi orqanizmin düzgün fəaliyyət göstərməsinə imkan vermir. Çox zaman uşağın boynunun kökündə ağrılar olur, rahat ola bilmir. Bu da boyun nahiyyəsində olan problemlərdir. Boyundaki təbii Lardos düz olanda problem yaranır. Bundan isə başa gedən sinirlərin, damarların gedişatının pozulması, baş ağrıları, əsəbilik və uşağın yaddaş pozuntusu yaranır. Xəstəliyin birinci dərəcəsi yüngül hesab olunur. İkinci dərəcədə yüngül şikayətlər olur. Əsəbilik, əllərin tərləməsi və təngi nəfəslik yaranır. Üçüncü dərəcədə isə kəskinləşir".
Həkimin dediyinə görə, bir sıra xəstəliklər də skoliozu gücləndirir. Belə ki, onurğanın normal inkişafında kalsiumun, fosforun, maqninin və mineralların rolu mütləqdir. Yəni, əgər uşaq doğuş travması alıbsa, uşağın başı zədələnibsə və müalicə sona qədər aparılmayıbsa, onda skaliozun yaranma ehtimalı yüksəkdir.
Hevropatoloq Pərvanə Osmanova bildirir ki, bu gün məktəblilərin 99 faizində onurğa əyriliyi var. 1-ci dərəcə hamıda var: "Yüngül keçirilən raxitlikdən ya da doğuş travmasından qalan əyriliklərdir. Uşağı heç olmasa, 9-10 yaşında mütəxəssis yanına aparmaq lazımdır. Təəssüf ki, bu sahədə yaxşı mütəxəssis də azdır. Aşkarlayan, müalicə edən çoxdur, amma nəticəsi yoxdur. Skalioz müalicə olunmadığı təqdirdə 3 və 4 dərəcəyə çatanda əsasən qızlarda hamiləliyin başa çatdırılmaması meydana gəlir. Hansı ki, onurğa ağacı hamiləliyi 9 aya çatdırmalıdır. Vaxtından öncə uşaq salmalar, dölün düzgün inkişaf etməməsi bu səbəbdən də yaranır. Belə qızlara doğmağa icazə vermirik. Çox hallarda rast gəlinir ki, xəstəlik müalicə olunur, ancaq bərpa dövrünə fikir verilmir. İstənilən xəstəlikdən sonra onun bərpa dövrü getməlidir".
Skaliozun fəsadlı nəticəsi xarici görünüşdə də kompleks yaradır. Belə xəstələr normal dayana bilmir, yeriyəndə axsama yaranır. 35 yaşı keçəndən sonra isə dözülməz ağrılar baş qaldırır. Mütəxəssislər deyir ki, normal onurğada bir ağrı olursa, bu cür xəstələrdə ağrı 5 qat artıq olur.
Hevropatoloq bildirir ki, sağalma üçün aparılacaq kurs xəstənin yaşından, gec və tez müraciət etməsindən, dərəcəsindən asılıdır. 1-ci dərəcəli olanlar 2 kurs, 3-cü dərəcəlı olanlar isə 2 və artıq kurs müalicə götürməlidirlər. Xəstələr eyni zamanda xüsusi karsetlər geyinməlidirlər. Karset hər bir xəstənin bədən ölçüsünə uyğun tikilir.
Professor Adil Qeybullanın dediyinə görə, son illər məktəbə gedən uşaqların 99 faizində onurğa əyriliyi problemi var. Mövcud problemlə əlaqədar uşağı heç olmasa 9-10 yaşında həkimə aparmaq lazımdır. Həkim-ortoped Toğrul Cəlilov deyir ki, Skolioz - onurğanın yanlara doğru əyilərək, vertikal ox ətrafında burulmasına deyilir. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır, bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur.
Həkimlərin qeydinə görə, hazırda 50-80 faiz uşaqlarda qamətin bu və ya digər əyrilikləri müşahidə olunur. 5-9 faiz uşaqlarda isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və son nəticədə hətta əlilliyə də səbəb ola bilən skolioz xəstəliyi aşkar edilir.
Azərbaycanda təxminən hər 1000 nəfərdən 10 nəfər skolioz xəstəliyinin daşıyıcısıdır. Xəstəliyin adətən, üstünə vaxtında düşülmür, insanın vücudu əyilir və donqarlıq əmələ gəlir. Ən dəhşətlisi isə budur ki, bu xəstəlik əməliyyat olunmadıqda, erkən yaşlarda ölümlə nəticələnir. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir.
Həkim-ortoped Toğrul Cəlilov bu cür xəstəliklərin qarşısının erkən yaşlarda alınmasını vacib sayır: "Skolioz xəstəliyinin qarşısı 20-22 yaşlarında alınmadıqda, artıq müalicəsi gec olur. Ağrıların qarşısını müalicələr nəticəsində alsaq da, tam müalicə edə bilmirik. Çünki bu, artıq mümkünsüz olur. Hətta bəzən valideynlər, uşaqlarının skolioz xəstəliyinə tutulmasına baxmayaraq, həkim-ortoped əvəzinə, başqa həkimlərə müraciət edirlər. Bu isə düzgün deyil. Bu cür xəstələrlə yalnız həkim-ortopedlər məşğul ola bilər".
"Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə də gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və tənəffüs sistemi orqanları, ürək, böyrəklərin fəaliyyətinə də mənfi təsir göstərir. Profilaktik olaraq, uşağı ildə 1 dəfə həkim-ortopedə göstərmək lazımdır. Onurğa sütununun əyriliyi müxtəlif səbəblər nəticəsində baş verə bilər. Bu gün bizim gənclərimizin qidalanmsı belə, düz deyil. Bu xəstəliyinin yaranma səbəblərindən biri də elə sağlam qidalanmamaqdır".
Toğrul Cəlilovun bildirdiyinə görə, erkən yaşlarda keçirilmiş raxit xəstəliyi onurğa sütunu əyriliklərinin ən çox təsadüf edilən səbəblərindən biri hesab edilir. Xüsusilə zəifləmiş, yəni vaxtından qabaq doğulmuş, tez-tez və uzun müddət xəstələnən uşaqlarda göstərilən hallarda onurğa sütununun daha asanlıqla əyilir. Həkimin dediyinə görə, indi uşaqların əksəriyyəti iməkləmir, oturaq vəziyyətdən birbaşa addımlamağa keçirlər. Lakin məhz iməkləmə, bel əzələlərini çox yaxşı möhkəmləndirir, böyük yaşlarında onurğa sütununun əyilməsinə qarşı profilaktik tələbat hesab edilir. Buna görə də valideynlər hər vasitə ilə uşağı iməkləməyə meylləndirməlidirlər.
Məktəbyaşlı uşaqlarda düzgün oturma bacarığı olmadığından, onların onurğa sütunu bir çox hallarda deformasiyalara məruz qalır. Bu isə onurğa sütununun əyriliyinə gətirib çıxara bilər. Həkim xəbərdarlıq edir ki, uşaq yazarkən və ya oxuyarkən onun stol arxasında düz oturmasına da nəzarət etmək lazımdır. Toğrul Cəlilovun dediyinə görə, uşağın düzgün fiziki inkişafı üçün, o, təmiz havada çox olmalı, qaçmalı, hərəkətli oyunlarda, gəzintilərdə iştirak etməlidir: "Hər bir uşaq hər gün səhər idmanı etməlidir. Bu, bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir. Daha yaxşı olardı ki, gənclərimiz üzgüçülüklə məşğul olsunlar".

Ülviyyə Tahirqızı