Əmək qanunvericiliyini pozanlar cərimələnib Hadisə

Əmək qanunvericiliyini pozanlar cərimələnib

Bu sahəyə nəzarət gücləndirilir

Tərlan

Fevralın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti tədbirlərinin nəticələrinə və bu sahədə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib.
Müşavirəni giriş sözü ilə açan DƏMX-in rəisi Fuad Əlizadə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin daim gücləndirildiyini vurğulayıb: "Hesabat dövründə 11527 müəssisədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib. Dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı əksəriyyəti özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında olmaqla ümumən 20417 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Onlardan böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Digər pozuntuların aradan qaldırılması vaxt tələb etdiyi üçün onların ləğvi ilə bağlı işəgötürənlərə icrası məcburi olan göstərişlər verilərək icrası nəzarətə götürülüb".
F.Əlizadə aşkar edilmiş hüquq pozuntularına görə aidiyyəti üzrə 3113 vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edildiyini, onlara ümumilikdə 4292600 manat məbləğində inzibati cərimə tətbiq olunduğunu, bunun 2013-cü ilə nisbətən 6,8 dəfə çox olduğunu bildirib: "Tətbiq edilmiş cərimələrin 44,6 %-i dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur. Bununla yanaşı, görülmüş tədbirlər nəticəsində vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş ödəmələrin ümumi məbləği 527574 manat olub. Bu məbləğin 88,8%-i (468434 manat) əmək haqları, 6,4%-i (33932 manat) zərər əvəzi ödənclər, 4,8%-i (25208 manat) sosial müavinət və kompensasiyalar olub".
Qeyd olunan dövrdə əmək müqavilələrinə qeyri-qanuni xitam verilmiş 13 nəfərin əvvəlki işlərinə bərpa olunduğunu qeyd edən Xidmət rəisi bildirib ki, dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, həmçinin işəgötürənlər arasında aparılan müvafiq təbliğat-məlumatlandırma işləri müsbət nəticələrini verir: "Cari ilin yanvar ayında ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar edilən hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizədək azalaraq 492 fakt təşkil edib. Həmin hüquq pozuntularına görə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 50,6 faizi (85796 manat) dövlət büdcəsinə ödənilib ki, bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 44,9 faiz çoxdur". F.Əlizadə əməyin mühafizəsi sahəsində də müsbət nəticələrin olduğunu diqqətə çatdırıb: "Cari ilin yanvar ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 28,5 faiz azalaraq 15-ə enib. Bu hadisələr nəticəsində xəsarət alanların sayı da 50 faiz azalmaqla 10 nəfər təşkil edib. Ötən ilin yanvar ayında istehsalatla əlaqəli qrup halında 4 bədbəxt hadisə baş verdiyi halda, bu ilin yanvar ayında belə hadisə baş verməyib".
F.Əlizadə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqinin ötən ilin uğurlu islahat tədbirlərindən olduğunu qeyd edib, bu sistemin qeyri-rəsmi məşğulluğun aşkarlanaraq aradan qaldırılmasında, əmək bazarına nəzarətin gücləndirilməsində önəminə toxunub. Müşavirədə əmək hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi sahəsində görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunmaqla, bu sahədə yol verilən nöqsan və çatışmazlıqlardan da bəhs olunub. Belə hallara yol verdiklərinə görə DƏMX-in 4 region üzrə Dövlət Əmək Müfəttişliklərinin rəislərinə və 8 nəfər əmək müfəttişinə töhmət verilməsi, 1 nəfər əmək müfəttişinin tutduğu vəzifədən azad edilməsi qərara alınıb. Habelə 4 region üzrə Dövlət Əmək Müfəttişliklərinin rəislərinin və 18 nəfər əmək müfəttişinin rotasiya qaydasında yerlərinin dəyişdirilməsi barədə qərarlar qəbul olunub.